Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:12

Hökumətin maaş verdiyi və vermədiyi müxalifət var


Müxalifət partiyaları pulu hardan alır?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Müxalifət partiyaları pulu hardan alır?

Azərbaycanda siyasi partiyaların maliyyə mənbəyi hardandır? Bu sual həm də ona görə aktuallaşır ki, hazırda, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə Rusiyadan pul göndərməkdə ittiham edilən Saleh Rüstəmli və partiyanın başqa funksionerlərinin məhkəməsi gedir.

Onlar çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmli, onun qardaşı oğlu Vidadi Rüstəmli, Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İddialarda söhbət toplam 412 min dollardan -700 min manatdan gedir. AXCP sədri Əli Kərimli bu ittihamı rədd edir:

“Vidadi Rüstəmli gənc işadmıdır. Onun adına üç dəfə pul köçürülüb. Əvvəlcə 175 min dollar, sonra 36 min dollar, üçüncü dəfə isə 50 min dollar. Birinci dəfə köçürülən pula Vidadi Rüstəmli Yeni Yasamalda 272 min kv.m sahəsi olan mənzil alıb. İkinci dəfə göndərilən pula həmin mənzili təmir edib, üçüncü dəfə isə evə avadanlıqlar alıb. Sonra da pul köçürmələri ilə məşğul olan adamları məcbur edib, onlar da rəqəmləri bir az da artırıblar. Əslində, Vidadi Rüstəmlinin aldığı pul 261 min dollar olub, onu süni şəkildə 412 min dollara qədər qaldırıblar. Bu saxtakarlığın hamısı ifşa olunur”.

Əli Kərimli deyir ki, bu ittiham tamamilə yalnışdır.

"Müxalifətçi yoxsul həya keçirməyə məcburdur"

Bəs müxalif siyasi partiyalar necə fəalliyyət göstərir? Axı qanunla Milli Məclisdə təmsil olunmayan partiyalar dövlətdən maliyyə almırlar. Əli Kərimli deyir ki, partiya şəxsi vəsaitlər hesabına ayaqda qalır:

“Üzvlərimizin fədakarlığı hesabına. Son qəpik pullarımızı bir-birimizlə bölüşürük. Bax bu saat bu 28 nəfər adama vəkil tutmaqdan ötrü cəbhəçi ailəsi olmazın fədakarlıq edir. İşsiz, imkansız adamlar həmin o 28 nəfər üçün vəkil tutulmasını təmin ediblər. Hökumətin elə istədiyi də budur ki, AXCP həbsdə olan üzvlərinə vəkil də tuta bilməsin”.

Müsavat Partiyasının başqanı Arif Hacılı da deyir ki, siyasi partiya üzvləri yoxsul həyat keçirmək məcburiyyətindədirlər. Onun sözlərinə görə, Arif Hacılı siyasi partiyaların maliyyələşməsi mexanizminin doğru olmadığını deyir:

“Parlamentə düşməyən partiyaların heç biri dövlət büdcəsindən maliyyələşmir. Nəticədə Azərbaycanın aparıcı partiyalarının heç biri dövlət büdcəsindən maliyyələşmir. Bu dəqiqə 10-dan artıq siyasi partiya dövlət büdcəsindən pul alır. Onların yarısından çoxunu heç mən tanımıram. Amma AXCP, Müsavat, ReaL kimi qurumlar dövlət büdcəsindən maliyyələşmir”.

AXCP və Müsavat Partiyaları maliyyələşmə imkanlarının məhdud olduğunu desələr də, hakimiyyətdə bununla razı deyillər. Prezidentin köməkçisi Əli Həsənov keçən ilin oktyabrında “Onbeş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi" adlı məqaləsində yazır:

“2012-ci ildə “Siyasi partiyalar haqqında” Qanuna edilmiş əlavələrə görə, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Siyasi partiyalar ölkədə azad, şəffaf və demokratik şəraitdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edir. Bu isə Azərbaycanda siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin formalaşdığını göstərir”.

Milli Şura və Müsavat Partiyası, 2015-ci ildə parlament seçkilərini, azad və ədalətli olmayacağını elan edərək, boykot etmişdi.

Payın çoxu YAP-a düşür

Hüquqşünas Akif Qurbanov deyir ki, seçkilər azad və ədalətli keçirilmədiyindən yalnız parlamentə düşən partiyalara maliyyə ayırmaq doğru deyil.

Onun sözlərinə görə, siyasi partiyalara dövlət büdcəsindən hər il təqribən 2,5 milyon manat ayrılır və pulun böyük hissəsi rəsmi çoxluqda olan hakim Yeni Azərbaycan Partiyasına çatır.

Hazırda Milli Məclisdə təmsil olunan siyasi partiyalar bunlardır:

Yeni Azərbaycan Partiyası
Vətəndaş Birliyi Partiyası
Ana Vətən Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Vəhdət Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Böyük Quruluş Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Azərbaycan Sosial-Demokrat Partiyası
Azərbaycan Demokratik İslahatlar Partiyası

Milli Məclisdə təmsil olunan deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir. Digər partiyalar azsaylı nümayəndələrlə təmsil olunur və bu partiyaların bir çoxu hakimiyyəti müdafiə edir.

Hakim Partiyanın funksionerləri deyirlər ki, bütün siyasi partiyalar üçün maliyyələşmə imkanı var- bu da ianələrdir.

Hüquqşünas Akif Qurbanov isə deyir ki, məsələ burasındadır ki, indiki qanunvericiliklə ianə açıq olmalıdır və ianə edən şəxs şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir. Vətəndaşlar isə siyasi basqılardan qorxub bunu etmirlər. Onun sözlərinə görə, hakimiyyətin marağında olmalıdır ki, siyasi partiyaların şəffaf şəkildə maliyyələşməsi üçün imkan yaratsın.

Ümumilikdə beynəlxalq insan haqları təşkilatları da, Azərbaycan hakimiyyətini tez-tez müxalifəti sıxışdırmaqda, seçkilərdə bərabər mübarizəyə şərait yaratmamaqda ittiham edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG