Koreya ikiyə bölünəndən şimaldan elə hey cənuba qaçırlar. Hələ cənubdan şimala qaçan olmayıb. Cənuba qaçanlar azadlıq üçün qaçırlar və azadlığı tapırlar. Amma nə onlar cənubluları başa düşürlər, nə də cənublular onları.
Kanadanın CBC kanalının saytında dərc olunmuş məqalədə 10 il Şimali Koreyanın sovetvari ordusunda “köləlik” etdikdən sonra Cənubi Koreyaya qaça bilmiş Ken Eom adlı gəncdən bəhs olunur.
Ken 2010-cu ildə qaçıb Cənubi Koreyaya gələndə onilliklər ərzində iki Koreyanın dilində və mədəniyyətində yaranmış fərq onu şoka salıb. Cənubi koreyalıların, soydaşlarının danışdığlı dil onu mat qoyurdu. O danışanda isə cənublular əcnəbi olub-olmadığını xəbər alırdılar. Ken cənubluların danışdığı koreya dilinin yalnız 70 faizini başa düşürdü. O danışanda isə cənublular heç 50 faizini də başa düşə bilmirdilər.
Eom on il orduda qulluq edəndən sonra doğma Hasonq qəsəbəsinə çatanda evlərini boş görür. Bütün ailəsi diktaturadan Çinə, ordan da Cənubi Koreyaya qaçmışdı.
Eom deyir ki, şimallıların dili daha sürətlidir, intonasiyası sürətlə qalxıb enir, cənublular isə təmkinlə, qarnı-könlü tox, rahat danışırlar.
İndi Ken Eom azadlığa çıxmışdı, amma gözləmədiyi diskriminasiya – ləhcə diskriminasiyası ilə üzləşmişdi.
İşə girmək üçün zəng etdiyi yanacaqdoldurma məntəqəsinin müdüiri ləhcəsini eşidən kimi haralı olduğunu soruşmuşdu. Müdir elə bilirdi ki, Eom çinlidir.
Amma elə ki, Eomun çinli yox, Şimali koreyalı olduğu məlum oldu, ona iş verməkdən imtina edildi.
Cənubda şimallıların ləhcəsindən hamının zəhləsi gedir.
Buna görə də şimaldan qaçıb gələn 20-30 yaşlılar ilk növbədə ləhcələrini tərgitməklə məşğul olurlar. Bunun ən rahat yolu Seul ləhcəsini yamsılamaqdır.
İndi Eom Seul Universitetini bitirib. Deyir ki, cənubda təhsil almaq, işləmək istəyənlərin hamısı Seul ləhcəsini, paytaxtın ləhcəsini öyrənməyə çalışır.
Onun özü də yeni həyata bundan başlayıb: “Bu o demək deyil ki, mən kimliyimi gizlətmək istəmişəm. Bu ona görə lazımdır ki, seullular bizi başa düşə bilsinlər…”
Amma burası da var ki, Seul ləhcəsini nə qədər mükəmməl yamsılasan da, bir də görürsən, qəfildən şimal ləhcəsi dilin altından pırtlayıb çıxır…
28 yaşlı Tto-Hyang ərzaq mağasazında kassir işi tapa bilib. Amma müştərilər elə hey onun haralı olduğunu soruşurlar.
Şimal və Cənubun ayrılığından 70 il keçsə də, koreya dili vahid dil olaraq qalır. Amma özünü təcrid etmiş Şimalla, dünyanın 11-ci böyük iqtisadiyyatı olan Cənubi Koreyanın əhalisi bir-birlərini anlamaqda çətinlik çəkirlər.
Cəbuni Koreyanın dili Amerika ingiliscəsindən alınmış sözlərlə doludur. Cənublular istədikləri ingilis sözünü dillərinə qatıb danışırlar.
Məsələn, Cənubi koreyalıların dilində "olenji juseu” ifadəsi var. Bu ingiliscə “orange juice” (portağal şirəsi) sözünün təhrif olunmuş variantıdır. Şimallılar bütün şirələrə “dan mul” (şirin su) deyirlər.
Şimali koreyalılar başlarını "meorimulbinu" ilə yuyurlar. Dəqiq tərcüməsi “saç üçün maye sabundur”. Cənublular sadəcə shampoo (şampun) sözünü işlədirlər.
Şimallılar dondurmaya "eoreum-guaja" deyirlər, yəni “buzlu yemək”, amma cənublular sadəcə ingiliscədən alınmış “ice cream” sözündən istifadə edirlər.
Şimallıların “hamburger”, “self-service” (özünəxidmət) kimi sözlərdən xəbərləri yoxdur.
Şimali Koreya Qaçqınları Məktəbinin həmtəsisçisi Casey Latigue deyir ki, Cənubi Koreyanın dilini bəzən Konglish adlandırırlar (Korean+English).
Bu səbəbdən də Şimalli koreyalı cənublu soydaşının dilini o vaxt yaxşı öyrənir ki, həm də ingilis dilini bilmiş olsun.
2014-cü ildə Cənubi Koreya Birləşmə Nazirliyinin keçirdiyi rəy sorğusu göstərib ki, Şimali Koreya qaçqınlarının 40 faizindən çoxu assimlyasiyada ən böyük əngəl kimi ünsiyyət çətinliyini göstərib.
Əgər Cənubi Koreyada danışılan koreya dilinə çox sayda ingilis sözü daxil olubsa, Şimali Koreyadakı koreya dilində çox sayda rus sözləri işlədilir.
Məsələn şimalda bütün ağır yük maşınlarına “kamaz” deyirlər. “Kotjebi” isə köçəri deməkdir, amma ruscadakı “koçevnik” sözündən alınıb.
İki Koreya arasındakı dialekt fərqlərindən başqa Cənubi Koreyanın öz dialektləri də var. Məsələn Jeju adasındakı koreyalıların dilini Koreya yarımadasındakı koreyalılar güclə başa düşürlər.
Amma ən böyük problem bundan ibarətdir ki, cənubda Şimali koreyalıların dilini savadsızlıq, avamlıq və geridəqalmışılığın göstəricisi kimi qəbul edirlər.
George Washington Universitetinin Şərqi Asiya dilləri professoru Young-Key Kim-Renaud deyir ki, “bu sadəcə olaraq qavramanın məhsuludur”.
Onun sözlərinə görə, cənubda Şimali Koreya bütün mənfiliklərlə bağlanır. Professor deyir kİ, hər iki tərəfdə uşaqların beyinlərini təbliğatla yuyurlar.
Şimali Koreya Qaçqınları Məktəbinin digər həmtəsisçisi Eunkoo Lee deyir ki, onlara artıq ibtidai siniflərdə “Şimali koreyalıların düşmən olduqlarını” təlqin edirdilər.
Eunkoo Lee bunu belə izah edir: “Bizim iki Koreyamız arasında müharibə olub. Biz bir-birimizi öldürmüşük. Təbii və tarixi olaraq media Şimali Koreya haqqında yalnız çox neqativ tonda yazır”.
Pxençanq Qış Olimpiadasında şimalla-cənubun qadınlardan ibarət birgə xokkey yığması çıxış edirdi. Hətta bu komandanın daxilində də dil fərqləri problemə çevrilirdi. Cənublular qapıçıya “qol-kipeo” (ingiliscə goalkeeper sözündən) deyirdilər, amma bu, şimallıların dilində “mun-jigi” – yəni elə qapıçı demək idi.
Buna görə də xokkey yığması üçün xüsusi lüğət tərtib etmişdilər.
Bu da qeyd olunmalıdır ki, “Gyeoremal Keunsajeon” kimi tanınan Vahid Koreya Lüğəti artıq bir neçə ildir ki hazırlanmaqdadır. İndi bu lüğətdə şimalda-cənubda işlənən 300 min söz var. Bu lüğəti hər iki ölkədən dilçiləri birləşdirən vahid komissiya tərtib edib. Lüğət gələn il tam hazır olacaq.
Eoma gəlincə isə, o deyir ki, indi onun danışığı seulluların ləhcəsindən fərqlənmir. Dövlət vəzifəsinə yüksəlməyi arzu edir. Dediyinə görə yüksək vəzifə tutmaq istəyir ki, “başqa şimallı qaçqınlara kömək edə bilsin”.
Ümid edir ki, bir gün onun necə dediyinə yox, nə dediyinə diqqət verəcəklər.