Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 04:19

Daha iki cəbhəçinin inzibati qaydada cəzalandırıldığı deyilir


Avqustun 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ceyhun Novruzovun Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin qərarı ilə 10 sutka müddətinə həbs olunduğu bildirilir.

Partiyadan AzadlıqRadiosuna bildiriblər ki, Ceyhun Novruzov səhər saatlarında Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə, oradan isə Səbail Rayon Məhkəməsinə aparılıb.

"Bölmədə bildirilib ki, ondan səs-küy salmaqla, söyüş söyməklə bağlı qonşular şikayət edib, lakin heç bir ərizəni təqdim etməyiblər. Sonra İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə (xırda xuliqanlıq) protokol tərtib edib məhkəməyə, hakim önünə çıxarıblar", - AXCP-dən qeyd ediblər.

Partiyadan əlavə ediblər ki, Ceyhun Novruzovun saxlanmasının gerçək səbəbi onun həm sosial şəbəkələrdə, həm də qonşuların arasında siyasi fəallığıyla bağlıdır.

Dünən, avqustun 21-də isə AXCP-nin Salyan rayon şöbəsinin üzvü Elzamin Salayevin də saxlanaraq, İXM-nin 510-cü maddəsi ilə 50 manat cərimələndiyi qeyd edilir.

Partiyadan bildirildiyinə görə, E. Salayevi də xırda xuliqanlıqda ittiham etsələr də, səbəb onun rayonda siyasi faəliyyətidir.

Amma, hələlik, hər iki məlumata Daxili İşlər Nazirliyi və məhkəmələrdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

AXCP-dən verilən məlumata görə, bu il müxtəlif vaxtlarda partiyanın ümumilikdə 80-ə yaxın fəalı inzibati qaydada cəzalandırılıb.

Onlardan 60-a yaxınının 10-60 sutka inzibati həbsə məhkum edildiyi bildirilir. Partiyadan bildirildiyinə görə, onların əksəriyyəti polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilib.

AXCP onların hamısının siyasi mövqelərinə görə şərləndiyini iddia edib.

Amma bu açıqlanan rəqəmləri də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Üstəlik, Azərbaycanın rəsmiləri, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların fikrincə, ölkədə heç kim siyasi fəaliyyətinə görə, təzyiqlərlə üzləşmir.

XS
SM
MD
LG