İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) başçısı Tehranda keçirilən böyük hökumətyönlü mitinqdə çıxış edərkən Birləşmiş Ştatları və onun müttəfiqlərini hədələyib.
Noyabrın 25-də Tehranda minlərlə insan hökumətə dəstək mitinqinə çıxıb. Nümayişçilərin əllərində İranın dövlət bayraqları və ali rəhbər ayətüllah Ali Khamenei-nin portretləri var idi.
Nümayişçilər “xarici düşmənlərə uyaraq iğtişaş törədənlərin” hərəkətini pisləyirdilər.
İran boyunca hökumətə qarşı kütləvi etirazlar noyabrın 15-də hökumət benzinin qiymətini bahalaşdırdıqdan sonra başlanmışdı.
Bir çox mənbələr bu etirazların İranın yüzədək şəhərini bürüdüyünü deyirdilər.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı bildirirdi ki, etirazlar zamanı onlarca insanın ölə biləcəyindən narahatlıq keçirir.
Amnesty International təşkilatı noyabrın 25-də bəyan edib ki, etirazlar zamanı ölənlərin sayı 143 nəfərə çatıb. Onların əksəriyyətinin güllə yaralarından öldüyü xəbər verilir.
İran hakimiyyət orqanları Amnesty təşkilatının iddialarını rədd edib. İranda internetin tamamilə bağlanması nəticəsində bu ölkədən hər hansı informasiyanın alınması son dərəcə çətindir.
Müstəqil internet monitorinqi qrupunun NetBlocks saytı bildirir ki, İranda internet qismən bərpa olunsa da, bir çox istifadəçilər bağlantının zəif olmasından və internetin filtrlənməsindən narazılıq edirlər.
İrandan alınan xəbərlərdə deyilirdi ki, etiraz günlərində ölkədəki bir çox yanacaqdoldurma məntəqələri, banklar, mağazalar və başqa ictimai binalar dağıdılıb.
Tehranın İnqilab prospektində keçirilən mitinqdə çıxış edən İİKK rəhbəri, general Hossein Salami Birləşmiş Ştatları, Britaniyanı, İsraili və Səudiyyə Ərəbistanını İrandakı sabitliyi pozmaqda ittiham edib.
O bildirib ki, qiymət artımı iğtisaşlar üçün sadəcə “bəhanə” rolunu oynayıb:
“Əgər siz bizim qırmızı xətlərimizi keçsəniz biz sizi məhv edəcəyik. Bundan sonra hərəkətləriniz cavabsız qalmayacaq”.
Bu mitinqdən əvvəl İran Xarici İşlər Nazirliyi də İranda baş vermiş zorakılıqlara görə ölkənin daxili işlərinə qarışan “xarici ölkələri” ittiham etmişdi.
XİN-in sözçüsü Abbas Musavi isə “xarici düşmənlərə” hökuməti dəstəkləyən mitinqə “yaxşıca baxmağı” və “əsl İran xalqını tanımağı” məsləhət görüb.