Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Şagirdin ölümünə görə direktor müavininə 500 manat cərimə


Ali məhkəmə
Ali məhkəmə

Bir müddət əvvəl Sumqayıtdakı orta məktəblərdən birində dərsə gecikən şagirdin ölümünə görə direktor müavininə cərimə kəsilib.

16 yaşlı Azad İlyasovun cəza olaraq, həyətdə məcburi şəkildə qaçarkən yıxılıb ölməsiylə bağlı istintaq və məhkəmə araşdırmaları dörd il idi ki, davam edirdi. Nəhayət, Ali Məhkəmə bu cinayət işi ilə bağlı son qərarı verib. Onun ölümünə görə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 50 yaşlı Qəfər Hacıyevə 500 manat cərimə kəsilib.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

Hadisə 2013-cü ilin mayın 13-də Sumqayıtdakı 17 saylı orta məktəbdə baş verib. Məktəbin 11-ci sinif şagirdi olan Azad həmin gün dərsə gecikib. Amma Azadla yanaşı, daha 15-20 nəfər gecikən şagird olub. Cinayət işinin materiallarına əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini olan Qəfər müəllim gecikən şagirdlərə cəza olaraq, məktəbin stadionunda qaçmaq göstərişi verib. Stadionda bir neçə dövrə vurandan sonra Azad İlyasov təngnəfəs olub və yıxılıb. Ona ilkin tibbi yardım göstərilib, təcili yardım çağrılıb. Amma həkim gələndə artıq yeniyetmə keçinib.

İLKİN MƏHKƏMƏ BƏRAƏT HÖKMÜ ÇIXARSA DA...

İstintaq belə nəticəyə gəlib ki, Azadın ölümünə səbəb direktor müavininin qanunsuz göstərişi olub. Ona görə də cinayət işi başlanıb, Qəfər Hacıyevə CM-nin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Buna da bax:​ Ana: 'Deyirlər, Bayramı döyüblər. Döymək nədir? Vandalizmdir bu...'

Hərçənd, cinayət işinin materiallarında sənəd var ki, Azad İlyasov hələ 2011-ci ilin oktyabrından Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasında hipotrofik-kardiomiopatiya diaqnozu ilə qeydiyyatda olub.

Bu cinayət işinə əvvəlcə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə sonda belə nəticəyə gəlib ki, şagirdin ölümündə direktor müavininin günahı olmayıb. Ona görə də Qəfər Hacıyev haqqında bəraət hökmü çıxarılıb.

Amma prokurorluq hökmlə razılaşmayıb və apellyasiya protesti verib. Protestə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Bu instansiya da direktor müavininə qarşı ittihamın sübuta yetirilmədiyi qənaətinə gəlib və prokurorluğun protesti təmin edilməyib – hökm qüvvədə saxlanılıb.

Qəfər Hacıyevin təqsirli olmasında israr edən prokurorluq bu dəfə Ali Məhkəməyə müraciət edib.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

“ONA KƏNARDA DURMAĞA İCAZƏ VERDİM”

Məhkəmədə Q.Hacıyev özünü təqsirli bilməyib. Deyib ki, hadisə günü dərsin başlanmasına 20 dəqiqə qalmış şagirdlər səhər idmanı ediblər, ardınca dövlət himnini oxuyublar. Himn oxunarkən gecikən şagirdlərə dərhal cərgəyə keçməyə icazə verilmirdi, onlar cərgənin arxasında dayanıb himnin qurtarmasını gözləyirdilər. Direktor müavini təsdiqləyib ki, həmin günü dərsə gecikən şagirdləri nizam-intizama dəvət etmək məqsədi ilə 15-20 nəfəri məktəbin arxasında yerləşən stadiona aparıb, qızlara asta yerişlə getməyi, oğlanlara isə qaçmağı tapşırıb. Həmin vaxt dərsə gecikənlərin sırasında mərhum Azad İlyasov da olub:

“Azad təxminən yarım dövrə vurandan sonra mənə yaxınlaşıb özünü narahat hiss etdiyini deyəndə ona kənarda durmağa icazə verdim. Bir-iki dəqiqədən sonra qəfildən Azad huşunu itirib yerə yıxıldı. Həmin vaxt yanımda olan Rauf müəllimlə köməkləşib Azadı yerdən qaldırıb idman zalının qarşısında yerdə uzandırdıq, dilinin qatlanıb-qatlanmamasını yoxladıq. 5-10 dəqiqədən sonra təcili yardım gəldi. Amma Azadı müayinə etdikdən sonra onun artıq öldüyünü dedilər. Sonra Azadın anasından eşitdim ki, ürəyi xəstə olub, bununla əlaqədar müalicə alıb, hadisə günü də dərsə gəlməmişdən qabaq dərman içib”.

Buna da bax:​ DİN və baş prokurorluq: 'Pulla intim xidmətlər təklif edən şəxslər...'

ATANIN ŞİKAYƏTİ VƏ TƏLƏBİ OLMAYIB

Təqsirləndirilən direktor müavini deyir ki, qaçmaq əmrini verərkən onun niyyəti şagirdləri cəzalandırmaq olmayıb, bunu sadə və təcrübədə formalaşmış tərbiyəvi tədbir hesab edib.

Mərhum Azad İlyasovun atası məhkəmədə bildirib ki, məktəbə oğlunun xəstəliyi haqda şifahi formada məlumat veriblər. Hətta həyat yoldaşı idman müəllimindən də oğlunun dərslərdə qaçırılmamasını xahiş edib. Atanın sözlərinə görə, Azadda ürək xəstəliyi yeniyetmə yaşlarında yaranıb.

Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]

Zərərçəkmiş ata direktor müavininin hərəkətinə görə çox əzab çəkdiyini desə də, ona qarşı şikayət və tələbinin olmadığını bildirib. Həmçinin ona yüngül cəza verilməsini xahiş edib: “Qəfər Hacıyev dəfələrlə peşman olduğunu deyib, bağışlanmasını istəyib. Mən də bağışladım...”

Amma Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin hökm və qərarını ləğv edib. Direktor müavini şagirdin ölümündə təqsirli bilinib və ona 1 il rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 500 manat cərimə kəsilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG