Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:53

'İdeal'ın keçmiş sahibinə 8 il həbs istənildi


İlqar İsmayılov
İlqar İsmayılov

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılova 8 il həbs cəzası istənilib. Yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

İşadamı həbs edilərkən onun evinin üzərinə həbs qoyulub. Dövlət ittihamçısı həmin əmlakın da müsadirə olunmasını istəyib.

Bu cinayət işində AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın şirkəti "Adore Company" zərərçəkmiş qismində tanınıb. Həmzəyeva 2011-ci ildə "İdeal"ın 50 faizini alaraq İsmayılovla şərik olub. Sonradan İsmayılovdan daha 25 faizini, ardınca isə qalan 25 faizini də alıb. Eyni zamanda, "Sabina" mağazalarını da alan Həmzəyeva onları 2020-ci ildə "Adore" adı altında birləşdirib.

İsmayılov şəriklik dövründə – 2013-2016-cı illərdə "İdeal"ın kassasından Həmzəyevanın razılığı olmadan 680 min manat pul götürüb mənimsəməkdə suçlanır.

Həmzəyevanın nümayəndəsi Samir İsayev bildirib ki, zərərçəkmişlə işadamı arasında barışıq yoxdur. Ona görə də İsmayılovun qanun çərçivəsində cəzalandırılmasını istəyirlər.

İşadamının vəkilləri müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Bu üzdən məhkəmə onlara yanvarın 31-nə qədər vaxt verib.

Xatırlatma

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. İşadamına CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, "İdeal"ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb.

İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi "İdeal"ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı.

"İdeal"ın idarəçiləri 2020-ci ildə "Sabina" mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company"yə daxil edilib.

Həmzəyeva Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan "Gazelli Group"un prezidenti, "Premium Bank"ın da əsas təsisçisidir.

Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib. Lakin məhkəmə İsmayılovu haqlı sayaraq ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG