Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 18:53

İctimai şuralar necə işləyir. 'Bir manat da olsun, nazirlikdən vəsait almırıq'


Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə dərsliklərin ictimai müzakirəsi. 2022
Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə dərsliklərin ictimai müzakirəsi. 2022

Azərbaycanda dövlət qurumlarının yanında ictimai şuraların effektsiz olduğu iddia olunur.

Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuradan istefa verən deputat Etibar Əliyev bildirib ki, qurum yalnız bir adamın, nazir Emin Əmrullayevin təsiri altındadır. O qeyd edib ki, ictimai şuranın iclasından əvvəl onun nazirlə şəxsi yazışmaları yayılıb. O, həmin məsələni iclasın gündəliyinə salınmasını təklif etsə də, qəbul olunmayıb, nazirin iclasda iştirakı ilə bağlı təklifi isə, ümumiyyətlə, müzakirəyə çıxarılmayıb.

Ekspertlər də bu qənaətindədir ki, Azərbaycanda nəzarət funksiyasını daşımalı olan ictimai şuralar yanında olduqları qurumlardan asılıdır, bu da "İctimai iştirakçılıq haqqında" Qanuna ziddir.

G.Səfərova
G.Səfərova

"Nazir heç şura üzvlərinin telefon nömrələrini bilmir"

ETN yanında İctimai Şuranın sədri Günel Səfərova "Turan"a bildirib ki, E.Əliyev 3 il 7 ay sözügedən qurumun üzvü olub: "Əgər ictimai şuranın fəaliyyəti qənaətbəxş deyildisə, niyə şurada bu müddətdə təmsil olunurdu və təkrar seçkilərdə iştirak edirdi? Nazirin təsir altında fəaliyyət göstərməyimizi deməsi gülüncdür. Cənab nazir heç şura üzvlərinin telefon nömrələrini bilmir".

Onun sözlərinə görə, ictimai şuraların fəaliyyəti haqqında danışanda həm qanunun verdiyi imkanlara, həm reallığa baxmaq lazımdır. Səfərova hesab edir ki, qanunda ictimai şuraların maliyyə məsələlərini tənzimləmək lazımdır ki, qurumlar daha effektiv fəaliyyət göstərsin: "Maliyyələşməyən bir qurum ictimai dinləmələr necə keçirsin? Amma biz keçiririk. Biznes qurumları cəlb edirik, əlimizdəki imkanlardan yararlanırıq. Ancaq bir manat da olsun, nazirlikdən vəsait almırıq. Bu, düşüncəmizə və qanuna ziddir. Belə olan halda, ictimai şuranın nazirlikdən asılılığından söz gedə bilməz".

H.Həsənov
H.Həsənov

"Bəzən bir nəfər bir neçə ictimai şurada təmsil olunur"

Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə AzadlıqRadiosuna bildirib ki, təcrübə ictimai şuraların formalaşdırılması və fəaliyyəti ilə bağlı xeyli problemləri üzə çıxarıb: "Əslində ictimai şuralar qanunda nəzərdə tutulduğu forma və məqsədi özündə ehtiva etmir. Bu mənada ki, onlar mərkəzi və ya yerli hakimiyyət orqanları yanında yaradılırsa, həmin qurumun təsiri altında formalaşır, həmin qurumların seçkilərə təsir imkanları var".

Hüquqşünasın fikrincə, ictimai şuraların fəaliyyəti daha çox formal xarakter daşıyır, real təkliflərlə, rəylərlə, təşəbbüslərlə çıxış etmir, hesabatları yayılmır. Qanunvericiliyə görə, ictimai şuraların tərkibi iki illik müddətinə seçilir və sonra təkrar seçkilər keçirilir. Həsənov deyir ki, təkrar seçkilərdən sonra da tərkib o qədər də dəyişmir: "Bəzən bir nəfər, onun fəaliyyət predmetinə uyğun oldu-olmadı, bir neçə ictimai şurada təmsil olunur".

İctimai Şuralar olanları prezidentə necə xəbərləyəcək?
Gözlə

No media source currently available

0:00 0:07:10 0:00

Həsənovun sözlərinə görə, ictimai şuraların formal qurumların olmasını aradan qaldırılması üçün "İctimai iştirakçılıq haqqında" Qanuna dəyişiklik edilməlidir. İctimai şuralara seçkilərin keçirilməsi icra hakimiyyət orqanlarının nəzarətindən tam çıxarılmalıdır və müstəqil vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət qurum bu seçkiləri aparmalıdır.

XS
SM
MD
LG