Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:21

'Bizi əl çalmağa çağırırlar''


Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır. Nazirlikdən bildirirlər ki, məqsəd bu qurumun fəaliyyətində şəffaflığın daha da artırılmasını, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etməkdir.

İctimai Şura məşvərətçi qurum olacaq. Şura üzvlərinin təhsil sahəsində gerçəkləşdirilən dövlət siyasəti ilə bağlı nazirliyə təkliflər vermək, müxtəlif məsələlər haqqında məsləhətləşmələr təşkil etmək hüququ var.

Azərbaycanda təhsil ən çox tənqid olunan, vaxtaşırı narazılıqların üzə çıxdığı sahələrdən biridir.

Bura orta və ali məktəblərdə rüşvətin yayılması, tədrisin keyfiyyətinin aşağı, təhsilhaqqının yüksək olması, müəllim və direktorların işə qəbulunda qüsurların gözə çarpması kimi çoxsaylı iddialar daxildir.

Təhsil eksperti: “Bizi hansısa vəzifəli şəxs qonaq gələndə əl çalmağa çağırırlar”

Təhsil ekspertləri elə bu sadalanan və sadalanmayan problemlərin həlli baxımından belə bir Şuranın yaradılmasını gərəkli, önəmli saysalar da, onun faydalı olacağına bəri başdan ümid bəsləmirlər.

Onlar son illər müxtəlif dövlət qurumlarının yanında yaradılan ictimai şuraların “fəaliyyətsizliyi”ni önə çəkərək, bu qurumların səmərəsiz olduğunu iddia edirlər.

Belə düşünənlərdən biri də Dövlət İmtahan Mərkəzi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Nabatəli Qulamoğludur:

“Nümunələr var, paralellər aparmaq mümkündür. İctimai şuralar sovet dövründəki xalq nəzarət komitəsini xatırladır. Azərbaycanda çox nadir qurumlar var ki, orda müəyyən qədər şəffaflıq təmin olunur. Mən, məsələn, Dövlət İmtahan Mərkəzinin yanında İctimai Şuranın üzvüyəm. Bizi qəbul proseslərinə dəvət edirlər, “baxın yoxlama necə gedir” deyirlər... Elə bil pərdənin o üzündə onlardır, bu üzündə biz. Uzaqdan müşahidə edə bilmirik. Hələ DİM - ən şəffaf təşkilat bu vəziyyətdədir. Polisi - Daxili İşlər Nazirliyi yanındakı ictimai şuraları götürsək, sadəcə, polisə havadarlıq edirlər”.

Onun fikrincə, Təhsil Nazirliyi yanında yaradılacaq İctimai Şura da mahiyyətcə fərqli fəaliyyət göstərməyəcək:

“Nazirlik iki-üç il əvvəl təhsil ekspertləri ilə əməkdaşlıq etməyə başladı. Bizi hansısa vəzifəli şəxs qonaq gələndə əl çalmağa çağırırlar. Sözün düzü, bir-iki dəfə getdim, daha getmirəm. Dedim ki, bizimlə təhsilin problemlərini müzakirə edin, dərdimizi deyək, bizi əl çalmağa çağırmayın”.

Təhsil eksperti düşünür ki, nazirlik şəffaf fəaliyyət göstərmək istəyirsə, məktəb direktorlarının qəbulu təhsil ekspertlərinin iştirakı ilə keçirilməlidir. Amma o, bunu real saymır və səbəbini “sui-istifadə halları”, “yuxarıdan tapşırılma” ilə izah edir.

Onun qənaətincə, İctimai Şura Təhsil Nazirliyinin “müəyyən işlər görməsi”nə dəstək xarakteri daşıyacaq.

Keçmiş nazir: “Mütləq nəzarət olmalıdır”

Keçmiş təhsil naziri Firudin Cəlilov da sovet dövründəki xalq nəzarət komitələrini xatırlatmaqla söhbətə başlayır. Bununla belə, ictimai şuralara böyük ehtiyac olduğunu düşünür:

“Xalq məmurlara nəzarət etməlidir ki, onlar yollarını azmasınlar. Məsələn, televiziyada, radioda bədii şuralar vardı, onların ləğvindən sonra telekanallar nə hala düşdü? Mütləq nəzarət olmalıdır. Təhsildə də buna ehtiyac var. Elə dərsliklərdəki mövzularla bağlı, birinci sinfə gedən uşaqların kitablarının ağır olması ilə bağlı... O qədər problemə nəzarət olmalıdır ki, cızıqdan çıxmasınlar. Bu mənada belə addımı alqışlayıram”.

Amma keçmiş nazir dərhal şərtini də söyləyir:

“İctimai Şuraya yuxarıdan təyinat olmasın, ictimaiyyət tərəfindən seçilsinlər. Əks halda əhəmiyyəti olmayacaq”.

Eyni fikirləri təhsil eksperti Kamran Əsədov da təkrarlayır. Onun fikrincə də, başlıca məsələ Şura üzvlərinin “müstəqilliklərini qoruya bilmələri, ictimai maraqları şəxsi maraqlardan üstün tutmaları, tələbənin yanında durmalarıdır”.

Ekspert hesab edir ki, Şura üzvləri seçki yolu ilə seçilməlidirlər:

“Yox, bildiyimiz adamlar olacaqsa, onda köhnə hamam, köhnə tas. Onda belə Şura lazım deyil”.

Deputat: “Şura işə başlamadan qiymət verməyi düzgün saymıram”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bütün dünyada belə ictimai şuraların fəaliyyət göstərdiyinə diqqət çəkir. Onun dediyinə görə, qərar qəbulunda ictimai rəyin, bunu daşıyan ekspertlərin iştirakı onların daha düzgün, daha dolğun olmasına kömək edir.

İctimai Şurayla bağlı gözləntilərə gəlincə, deputat deyir:

“Şura işə başlamadan, bəri başdan qiymət verməyi düzgün saymıram. Gəlin gözləyək”.

Asim Mollazadə digər dövlət qurumlarının yanında yaradılan şuraların fəaliyyətinin tənqid edilməsinə də münasibət bildirir:

“İnsan hüquqları ilə bağlı İşçi Qrup yaradılmışdı. Orda tanınmış hüquq müdafiəçiləri iştirak edir. Bunun nəticəsində yüzlərlə insan azadlığa qovuşub, konkret nəticələr əldə edilib. Hər zaman QHT-lərin, ekspertlərin, mütəxəssislərin bir yerə yığışması zamanı nəticələr ortaya çıxır. Qərarların qəbulunda fərqli şərt və fərqli fikrilərdən istifadə oluna bilər”.

Təhsil eksperti Kamran Əsədov da İctimai Şuranın müsbət təsiri olacağına inanır. O, təhsil sahəsində bir çox neqativ halların olduğunu və bunların çoxunun nazirə ya çatdırılmadığını, ya da yanlış çatdırıldığını düşünür. Onun qənaətincə, İctimai Şura ictimayyətlə nazirlik arasında əlaqələndirici funksiyasını yerinə yetirməlidir:

“Tələbələr Şura üzvləri vasitəsilə problemlərini birbaşa rəhbərliyə çatdıra biləcəklər. Bu, ələçatımlığın təmin olunması baxımımdan müsbət haldır və yaxın vaxtlarda səmərəsini göstərəcək”.

Təhsil Nazirliyindən deyilənlərə münasibət almaq mümkün olmayıb. Ancaq bir qədər öncə nazirlikdən bildirilib ki, Şuraya seçkilərin təşkili məqsədilə Təhsil Nazirliyinin 4 və təhsil sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət seçki komissiyası yaradılıb. Komissiyanın ilk iclasında İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.

İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı iyulun 22-dən avqustun 23-dək davam etməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG