Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:07

İcra nümayəndələri günahlandırılır


Baş prokurorluq

Azərbaycan Baş Prokurorluğu bu gün, mayın 2-də Koronavirusa görə tədbiq edilən karantin rejimində vəzifə səlahiyyətlərini aşmaqda şübhəli sayılan icra nümayəndələri ilə bağlı növbəti açıqlama yayıb.
Məlumatda yazılıb ki, Şirvan, Naftalan şəhər, İmişli və Bərdə rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin qanunazidd hallara yol vermələri barədə rayon prokurorluqlarına daxil olan müraciətlərə baxılıb:

“ Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Pünhan Mənsimov və 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəqani Həsənov tərəfindən… karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunub. Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilib. Asəf Cabbarovun da vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunub”.

Açıqlamaya görə, İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə nümayəndəsi Rafael Həsənovun da vəzifə saxtakarlığı edərək karantin rejimi qaydalarını pozaraq şəxslərə qanunsuz arayışlar verməsinə şübhələr üçün əsaslar var.

Eynu şübhənin Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd nümayəndəsi Azad Salmanova da yarandığı bildirilir.Əlavə edilib ki, onun da səyyar formada kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsinə icazə üçün müraciət etmiş şəxslərə arayışlar təqdim edərkən qanunsuz hərəkətlərə yol verməsinə şübhə yaranıb.

“Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.

Toplanmış materiallar üzrə Şirvan şəhər, Goranboy, İmişli və Bərdə rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”

Bu açıqlamada sözü gedən şəxslərin və ya onların vəkillərinin iddialara münasibətini, hələlik, öyrənmək mümkün olmayıb.

Baş prokurorluğun dünən, mayın 1-də yayılan açıqlamasında da bir neçə rayonda icra nümayəndələrinin işdən çıxarıldığı, barələrində cinayət işi başlandığı bildirilirdi. Onlar koronavirusa görə verilən yardımı mənimsəməkdə şübhəli sayılırdılar.

Söhbət Masallı, Quba, Cəlilabad və Zərdab rayon icra hakimiyyəti başçılarının bəzi inzibati ərazi nümayəndələrindən gedirdi.Onların da iddialara münasibəti, hələlik, bəlli deyil.

Xatırlatma

Aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı (artıq keçmiş) Mahir Quliyev barəsində Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında həbs-qətimkan tədbiri seçilib. O da oxşar ittihamla üzləşib. Onun və vəkilinin də, hələlik, ittihama münasibətini öyrənmək mümkün olmayıb.

Koronavirus pandemiyası ilə bağlı martin 24-dən Azərbaycanda karantin rejimidir.

XS
SM
MD
LG