Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:50

‘İcra başçıları işlədikləri rayonu dədə-baba mülkü sayırlar’-media icmalı


Fəzail Ağamalı, 2014
Fəzail Ağamalı, 2014

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığnın əsasları, yerlərdə məmur-iş adamları münasibətləri, iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“Əyalət padşahları”

“Modern.az” saytında “Sahibkarların “dərisini soyan” icra başçıları - “İşlədikləri rayonu dədə-baba mülkü sayırlar”” sərlövhəli yazı oxumaq olar

Müəllif məmur-vətəndaş-iş adamı münasibətlərini deputat Fəzail Ağamalı ilə müzakirə edib.

Yazıda qeyd edilir ki, bəzi şəhər və rayonlarda sahibkarları yerli icra başçılarının incitməsi heç kimə sirr deyil.

Müəllif vurğulayır ki, icra başçılarının təhdidi, qanunsuz ödənişlər tələbi üzündən bu sahədən gedənlər də az sayılmaz:

“Özlərini az qala “əyalət padşahı” kimi aparan, iş adamları ilə istədikləri kimi davranan bəzi icra başçıları “burda mənəm, Bağdadda kor xəlifə” iddiasından əl çəkənə oxşamırlar... ta ki, söz-söhbət ölkə rəhbərliyi səviyyəsinədək çatana kimi...”.
Yazıda müəllif daha sonra bu mövzuda aparılan araşdırmalarda üz çıxarılan məqamları qabardır:

“Məsələn, bir rayon və ya şəhərdəki hansısa parkda, küçədə təmir-abadlıq işlərinə gərək olanda, icra başçıları bunu yerli sahibkarların boynuna qoyur, onları öz büdcələrindən vəsair xərcləməyə məcbur edir. Əvəzində sənədlərdə həmin işlərə guya dövlət büdcəsindən icra hakimiyyətinə ayrılmış vəsaitin xərcləndiyi öz əksini tapır”.

Deputat Fəzail Ağamalı da sayta müsahibəsində bir çox icra başçıları ilə vətəndaşlar arasında müxtəlif problemlər yaşandığını qeyd edib:

“Bunu bütün icra başçılarına şamil etməzdim. Elə icra başçıları var ki, həqiqətən də xalqın içindədir. Amma belə icra başçıları azdır. Bəziləri ölkə prezidentinin sərəncamını aldıqdan sonra təyin olunduqları rayona, şəhərə sanki dədə-babalarından qalma mülk kimi baxırlar. Belə hallar təəssüf doğurur və narazılığa gətirib çıxarır”.

Deputat deyib ki, xalqa laqeyd olan icra başçıları eyni halı iş adamlarına da yaşadırlar:

“İş adamlarına donor, maliyyə, əlavə gəlir mənbəyi kimi yanaşırlar, bu doğru deyil, belə hallara son qoyulmalıdır. Onlar ittiham olunmaqla bərabər, ciddi şəkildə tənqid edilməli, qınaq obyektinə çevrilməlidir”.

“Əsas problem enerji sistemindəki idarəetmədədir”

“Müsavat. com” saytında “Müasir enerji sisteminin qurulması üçün 1 milyard manat lazımdır” sərlövhəli yazı yer alır.

İlham Şaban
İlham Şaban

​Müəllif iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyası-nda (İES) baş vermiş qəza fonunda ölkənin enerji sisteminin mövcud durumunu və perspektivini ekspert İlham Şabanla təhlil edib.

Müəllif yazıb ki, adı çəkilən qəzanın səbəblərini aradan qaldırmaq və ölkənin enerji sisteminin bir də belə hal ilə üz-üzə qalmamasından ötrü mütəxəssislər çoxsaylı təkliflər səsləndiriblər. Onlardan biri də “Azərbaycan” İES-in ləğvi və yeni stansiyanın qurulmasıdır:

“Bu, qeyri-mümkündür, bu stansiyanın dayanması böyük fəsadlara gətirər. Düzdür, orada 8 blokun hamısı eyni vaxtda heç zaman işləməyib, ən azı 1 blok ehtiyatda saxlanıb. Bildiyimə görə, orada 5 blok işləyib və təxminən 1625 Mvt gücü olub. Stansiyanın dayandırılması şəraitində ölkədə bu gücü əvəzləyəcək mənbə yoxdur. Bu baxımdan, əsas çıxış yolu stansiyada əsaslı təmir-bərpa işlərinin aparılmasıdır”, deyə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İ.Şaban sayta şərhində vurğulayıb.

İ.Şabana görə, İES-də əsas problem qızma halında açılmanı təmin edəcək sistemin, bir də soyutma mexanizminin işləməməsidir:

“Stansiyanın blokları 10 il əvvəl əsaslı təmir olunub. Avropa Yenidənqurma və İnkişaf Bankından 115 milyon dollar kredit alınıb, təmir işlərini Çin şirkəti həyata keçirib, 8 blokun hamısı təmir olunub”.

Ekspert hesab edir ki, Azərbaycanda əsas problem enerji sistemindəki idarəetmədədir:

“Müstəqillik əldə olunduqdan sonra bizimkilər Mingəçevirdən yüksək gərginlikli xətlər çəkərək bütün ölkəni Mingəçevirə bağladılar. Bakıda, Sumqayıtda qurulan yeni stansiyaların istehsal etdiyi enerjinin paylanması Mingəçevir üzərindən həyata keçirilir. Halbuki, müasir idarəetmə proqramları var ki, qəza olarkən istehlakçıların əhəmiyyətlilik dərəcəsinə görə şəbəkədən ayrılması həyata keçirilir...”

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı

Azərbaycan və Türkiyə bayraqları
Azərbaycan və Türkiyə bayraqları

“Azərbaycan” qəzetində isə “Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin təməlində uğurlu enerji layihələri dayanır” sərlövhəli yazı dərc edilib.

Müəllif hesab edir ki, Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının təməlində enerji və nəqliyyat layihələri dayanır:

“Əvvəlcə, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, sonra “Şahdəniz” qazını Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum xətti bu iki ölkəni bir-birinə daha sıx tellərlə bağlayıb. Bu gün də nəhəng layihələr icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolu artıq istifadəyə verilib. TANAP-ın (Trans Anadolu Qaz Kəməri) açılışı təkcə bu iki ölkənin deyil, bütün regionun həyatında mühüm hadisəyə çevrildi”.

Yazıda habelə bildirilir ki, Azərbaycan sərmayələri ilə Türkiyədə müəyyən istehsal sahələri yaradılıb.

Müəllifi eyni zamanda Azərbaycanda fəaliyyət göstəırən Türkiyə şirkətlərindən də bəhs edir. Yazının sonunda da müəllif Türkiyə və Azərbaycan əməkdaşlığı ilə bağlı prezident İlham Əliyevdən sitat gətirir:

“Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı ölkələrimiz üçün, xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG