Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:25

İstiqlal qurbanları-100


Həsən bəy Ağayev və Fətəli xan Xoyski Tiflisin Botanika bağında dəfn edilib
Həsən bəy Ağayev və Fətəli xan Xoyski Tiflisin Botanika bağında dəfn edilib

Tiflis. 19 iyun 1920-ci il…Bu müdhiş olayın 100 ili tamamlanır.

1920-ci il iyunun 19-da Cümhuriyyət qurucularından--vaxtilə Azərbaycan istiqlalını elan edən böyük şəxsiyyət--baş nazir Fətəli xan Xoyski "Daşnaksutyun" partiyasının üzvlərinin əli ilə Tiflisin İrəvan meydanında qətlə yetirildi. Fətəli xan Xoyskini qətlə yetirənlər həmin vaxt yanında olan Xəlil bəy Xasməmmədlini də boğazından yaraladılar, ancaq o, sağ qaldı və Türkiyəyə mühacirət edə bildi.

İlk istiqlal qurbanı Nəsib bəy Yusifbəyli

Bu olaydan 19 gün öncə-mayın 31-də cümhuriyyət nazirlərindən Nəsib bəy Yusifbəyli təqiblərdən qurtulmaq üçün Bakıdan Tiflisə yollanarkən Kürdəmirin Qarxun kəndində naməlum şəkildə öldürülmüşdü...

Məşum 19 rəqəmi – Sırada Həsən bəy Ağayev

19 rəqəmi onlara düşmədi. Nəsib bəyin ardınca Fətəli Xan, ondan düz bir ay sonra-1920-ci il iyulun 19-da cümhuriyyət parlamentinin sədr müavini Həsən bəy Ağayev həmin qatillər tərəfindən Tiflisdə qətlə yetirildi...

3 ayda 3 istiqlal qurbanı

Onlardan birincisinin 39, ikinci və üçüncüsünün 45 yaşı vardı...

39-yaşlı baş nazir: "Hər yanda tutatutdur"

Mərhum araşdırıcı Xanlar Bayramov "Vətəndən iraq düşənlərimiz" məqaləsində yazırdı:


"1920-ci ilin aprelin 27-də gecədən xeyli keçmiş Nəsib bəy öz rus sürücüsü Mitya ilə evə gəlir və bildirir: Fəna bir zaman başladı...Hər yerdə tutatutdur. Sonra cibindəki pulun bir hissəsini stolun üstünə qoyub ailəsiylə vidalaşır. "Özünüzü qoruyun",-deyib hansı istiqamətəsə gedir. O zamandan indiyədək Nəsib bəydən heç bir məlumat verən olmayıb...".

Dilguşə xanımın dedikləri:

Nəsib bəyin bacısı qızı mərhum Dilguşə xanım vaxtilə AzadlıqRadiosunun "İz" proqramına belə demişdi: "Zöhrə özü mənə atasının itdiyini söyləyirdi. Deyir, bir gecə babam gəldi, dedi, mən Türkiyəyə gedirəm, sizi sonra yanıma gətizdirəcəm. Deyilənə görə, onu vaqona qoyublar, guya Bağırovun adamları Nəsib bəyi müşayiət edirmiş. Sonra öldürüb Mingəçevir gölünə atıblar".

"Bajın ölsün, ay Nəsib!"

Dilguşə xanım uşaqlığının anasının ah-naləsi ilə keçdiyini bildirirdi: "Anam dizinə döyüb deyirdi: "Bajın ölsün, ay Nəsib! Bajın ölsün ay Nəsib!". Eləcə bütün ömrümüz Xəlil bəy (Xəlil bəy Xasməmmədli Dilguşə xanımın əmisi olub), Nəsib bəy sədaları altında keçdi. Zöhrə danışırdı ki, Nəsib bəyin ailəsini Türkiyəyə qaçmağa Nərimanov yardım elədi. Zöhrənin anası Şəfiqə xanımın qardaşı Rüfət bəy Türkiyədə yaşayırdı".

Sırada Həsən bəy Ağayev

Həsən bəy 1920-ci ildə bolşevik işğalı baş verən zaman Bakıda deyildi. Parlament sədrliyindən çıxsa da, komissiyaların işində iştirak edirdi və o üzdən də Tiflisdə idi.

Min bir möhnətlə qurduqları cümhuriyyətin süqutunu Tiflisdə qarşılayan Həsən bəyin halını təsəvvür edin...

1920-ci il iyulun 19-da Fətəli xan Xoyskini 1 ay əvvəl öldürən muzdlu qatillər Tiflisdə onu da qətlə yetirdilər. Qaldığı evin düz kandarında...

Fətəli xan Xoyski ilə Həsən bəy Ağayev Tiflisin Botanika bağı ərazisində dəfn edildi. Nəsib bəy Yusifbəylinin məzarı belə yoxdur...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG