Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:39

İraqda mağaza açana 11 il həbs tələbi


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Ekspertiza Mərkəzinin şöbə müdiri olmuş Azad Rufullayev bir müddət əvvəl öz ərizəsi ilə vəzifəsindən azad edilib. Bu o vaxt baş verib ki, hüquq-mühafizə orqanlarına ondan şikayət olunub. Şikayət edən isə elə öz tanışı və adaşı Azad Şərifov olub. Şikayətçi iddia edib ki, Bakı meriyasının vəzifəlisi onu aldadıb, pulunu alıb, indi də qaytarmır.

Bundan sonra A.Rufullayevin haqqında cinayət işi başlanıb. Ona CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) və 34.312-ci (rüşvət verməyə təhrik) maddələriylə ittiham verilib. Cinayət işinin materiallarında yazılıb ki, zərərçəkmiş A.Şərifovdan İraqda biznes qurmaq adıyla 456 min manat pul alınıb.

Razılaşma belə olub ki, o vəsaitin bir hissəsi biznesə maneçilik törətməmələrindən ötrü vəzifəli şəxslərə rüşvət kimi verilməliymiş. Plan belə olub ki, İraqda təsərrüfat malları mağazası açılsın.

Mağaza açılıb, amma gözlənilən nəticə olmayıb. Satışdan gələn gəlir heç xərcləri ödəməyib. Bundan sonra bu işə maliyyə yatıran A.Şərifovla narazılıq yaranıb. O, A.Rufullayev və başqalarından şikayət edib.

Xeyli vaxtdır ki, bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılırdı. Dekabrın 13-də keçirilən məhkəmə iclasında prokuror icra hakimiyyətinin keçmiş vəzifəlisinə 11 il həbs cəzası istəyib.

«İraqda icarəyə ofis götürülüb, biznes qurulub»

A.Rufullayev özünü təqsirli bilmir. Deyir, bu işdə günahı bircə zərərçəkən A.Şərifovla Əjdər adlı şəxsi tanış etmək olub. Biznes qurmaq barədə söhbət isə onların öz aralarında olub.

A.Rufullayevin vəkili də onun günahsız olduğunu deyir. Bildirir ki, müvəkkili zərərçəkən A.Şərifovdan nə pul alıb, nə də ona qazanc söz verib: «Azad Şərifovu aldadan Əjdər olub. İndi Əjdər ölkədə yoxdur, axtarışa verilib. Amma Azad Rufullayev həbs edilib. Əjdərin etdiyi əməlin cəzasını müdafiə etdiyim şəxs çəkməməlidir. Əjdər məsuliyyətə cəlb edilsə, məlum olacaq ki, Azad Rufullayev günahsızdır. Amma indiki halda müttəhim kürsüsünə Azad Rufullayev çıxarılır. Cinayət işi materiallarından da görünür ki, biznes qurmaq üçün müəyyən işlər görülüb. Birlikdə İraqa gediblər. Danışıqlar olub, icarəyə ofis götürülüb. Bu adamlar biznes qurub pul qazanmaq istəyiblər. Amma gözlədikləri məbləği qazana bilməyiblər. Hamı da bilir ki, biznes riskli işdir. Buna görə pulu tələb etmək olmaz axı...».

«Bu ştamp dövlət əhəmiyyətli işlərdə olur»

Vəkil deyir ki, maraqlı məqamlardan biri prokurorluğun bu məsələyə yanaşmasıdır. Baş Prokurorluqda A.Şərifovun şikayət məktubunun üzərinə xüsusi nəzarət ştampı vurulub: «Maraqlıdır, Azad Şərifov kimdir ki, onun ərizəsinə xüsusi nəzarət ştampı vurulur? Biz bildiyimiz qədər bu ştamp dövlət əhəmiyyətli işlərdə olur».

Vəkil çıxışının sonunda hakimlərdən bəraət hökmü çıxarılmasını xahiş edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG