Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

İranda 'su etirazları'


İsfahanda su qıtlığına etiraz
İsfahanda su qıtlığına etiraz

İranın üçüncü ən böyük şəhəri olan İsfahanda ötən həftə insanlar ard-arda bir neçə gün ölkədə get-gedə ağırlaşan su qıtlığına etiraz etməyə başlayıblar.

Sosial mediada yayılmış, çərşənbə axşamı günü İranın şərqindəki Xorasqanda çəkildiyi deyilən bir videoda küçəyə toplaşmış bir qrup etirazçının yaxınlıqdakı parkda dinc yürüş keçirdiyi görünür. «Amerikanın Səsi»nin fars xidməti Telegram-da yayılmış bu videonu izləyib.

Videoda İran polisi etirazçıların qarşısındakı sədlərin arxasında dayanıb. Bir kişi səsgücləndirici ilə insanları hökumət əleyhinə şüarlar səsləndirməməyə çağırır. İran polisi son günlərdə İsfahanda su qıtlığına etiraz edənlərə buna bənzər müraciətlər edib. Videoda daha sonra etirazçıların park boyu yürüş edərkən «Qorxmayın, biz birlikdəyik» şüarı səsləndirdiyi eşidilir.

Böhranın səbəbləri

Ötən həftənin əvvəli sosial mediada yayılan və AzadlıqRadiosu tərəfindən izlənilən videolarda fəalların İsfahanda su qıtlığına qarşı dinc etiraz aksiyasını davam etdirdiyini görmək mümkündür.

İranın dövlət mətbuatı ötən həftənin çərşənbə axşamı günü yaxın aylarda İsfahan əyalətinin milyonlarla sakininin kran suyuna çıxışının kəsiləcəyini bildirib. Bu durumun ölkədəki su böhranının dərinləşməsi ilə bağlı olduğu bildirilir.

İran hökuməti, eyni zamanda, İsfahanda çay sularının istiqamətini dəyişərək sənaye ehtiyaclarını qarşılamaq üçün qonşu Yəzd əyalətinə yönləndirir ki, bu da isfahanlı fermerlərin qəzəbinə səbəb olur.

İran rəsmiləri etiraf edirlər ki, son 30 ildə ölkədə köhnəlmiş kənd təsərrüfatı və irriqasiya sistemləri, üstəgəl sudan istifadə siyasətinin zəifliyi ümummilli su böhranına yol açıb. Son aylar yağıntının orta səviyyədən aşağı olması isə durumu daha da ciddiləşdirib.

Aprelin 14-ü isə İran polisinin İsfahanda su qıtlığına etirazları dağıtmağa başladığı xəbərləri yayılıb.

Su dalınca qonşu kəndə gedənlər
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

«Amerikanın Səsi»nin fars xidmətinin əməkdaşları şənbə günü Xorasqanda çəkilmiş, sosial mediada paylaşılmış videonu izləyiblər. Videoda polisin havaya atəş açdığı aydın eşidilir. Bir polis əməkdaşı səsgücləndirici ilə etirazçılara keçirdikləri nümayişin qanunsuz olduğunu və dağılışmalı olduqlarını deyir.

Ötən həftənin ard-arda beş günü sosial mediada İsfahanda su qıtlığına etiraz aksiyalarının videoları paylaşılıb. Ancaq şənbə günü çəkilmiş videoda polisin nümayişləri dağıtmağa çalışdığı ilk dəfə görünür.

Qadınlar da etirazlara qoşulub

Etiraz hərəkatı cümə günü ərazidəki fermalardan mühafizəkar qadınların da aksiyaya qoşulması ilə daha da genişlənmişdi. Cümə günü çəkilmiş videoda mühafizəkar qadınların İsfahanda yürüş etdiklərini görmək mümkündür. Yürüş boyu qadınları qorumaq üçün onların yanında motosikletlərlə gedən kişilər görünür.

İran hökumətinin İsfahandakı şiə dini lideri ayətulla Yousef Tabatabaye-nejad cümə günü hövsələdən çıxaraq etirazçıları «üsyan və çevriliş» yaratmağa çalışmaqda ittiham edib. O, hər zaman fermerlərin hüquqlarını müdafiə etdiyini desə də, əlavə edib ki, «mən daha onların haqlı olduğunu düşünmürəm».

Mühacirətdə fəaliyyət göstərən bir müxalif İran saytı İsfahanda etirazçıların həmin ittihama cavabı olduğu iddia edilən videonu paylaşıb. Videoda etirazçılar «ayıb olsun, bizi rahat buraxın» deyə şüar səsləndirirlər.

İsfahan əyalətinin Varzan şəhərindən olan fermerlər hələ bu ilin fevralından su qıtlığına etiraz etməyə başlayıblar. Onlar ilk növbədə hökumətin ərazidən axan çayların istiqamətini dəyişərək, onları qonşuluqdakı Yəzd əyalətindəki zavodlara tərəf yönləndirməsindən qəzəblənmişdilər. Həmin etirazların ciddiləşərək ötən ay etirazçıların təhlükəsizlik qüvvələri ilə zorakı toqquşması ilə nəticələndiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG