Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:19

İranda prezident seçkisidir


Tehranda seçki növbəsi
Tehranda seçki növbəsi

İranın nüfuzlu Qəyyumlar Şurası tanınmış mötədil namizədləri seçkiyə buraxmayıb

İyunun 18-də səhər Tehran daxil bəzi seçki məntəqələrində texniki problemlər yaranması haqda xəbərlər gəlib.

Daxili işlər naziri Əbdülrəhman Fəzli isə 70 min məntəqədən heç birində səsvermə prosesinin dayanmadığını söyləyib.

Prezident Həsən Ruhani də iranlıları seçkiyə getməyə çağırıb.

“Məncə, adamların seçkidə daha böyük iştirakı düşmənləri məyus edəcək”, – Ruhani deyib.

İranın şimalındakı Gilanda polis rəisinin müavini iyunun 18-də deyib ki, “seçkinin bütövlüyünə zərbə vurmağa” görə 27 nəfər saxlanıb. Saxlananların “sağlamlığa və seçkilərin təhlükəsizliyinə təhdid yaratmağa çalışdığı” bildirilir.

BBC-nin məlumatına görə, bəzi jurnalistlər və fəallar sosial mediada seçkini boykota çağırandan sonra onlara hədələyici telefon zəngləri gəlib. Bəzilərinə deyilib ki, şərhləri silsinlər.

***

İyunun 18-də İranda prezident seçkisi keçirilir. Seçkiyə az sayda namizəd buraxıldığından artıq çoxları qalibin bəlli olduğunu düşünür.

Seçki seçici apatiyası, ölkə iqtisadiyyatına ABŞ sanksiyalarının ciddi zərbə vurduğu, eləcə də koronavirus pandemiyası dönəmində baş tutur.

Xameneyinin çağırışı

Ali dini lider Ayətulla Əli Xameneyi iranlıları səsverməyə getməyə çağırıb. O, ölkənin “düşmənlər”ini əhalini səsvermədən çəkindirməkdə ittiham edib.

Dövlət televiziyası isə bir sıra şəhərlərdə seçki məntəqələri qarşısında uzun növbələri göstərib.

“Hər bir səs sayılır... gəlin, səs verin və prezidentinizi seçin... bu, ölkənizin gələcəyi üçün vacibdir”, – Xameneyi Tehranda səs verəndən sonra deyib.

60 yaşlı sərt xətt tərəfdarı, ədliyyənin başçısı İbrahim Rəisinin prezident seçiləcəyi gözlənir. O, iki müddət prezident olandan sonra namizədliyini verə bilməyən Həsən Ruhanini əvəzləyəcək.

Rəisi 1988-ci ildə minlərlə siyasi məhbusun ölümə və edama məhkum olunduğu tələsik məhkəmə proseslərində hakimlərdən olub. İnsan haqları təşkilatları onu bəşəriyyətə qarşı cinayətlərdə suçlu sayır.

Yeganə mötədil namizəd

İranın nüfuzlu Qəyyumlar Şurası tanınmış mötədil namizədləri seçkiyə buraxmayıb.

Rəisinin əsas rəqibi, yeganə mötədil namizəd Əbdülnasir Hümmətidir. O, İran mərkəzi bankının sədri olub, seçkiyə qatılmaqdan ötrü vəzifədən çıxarılıb.

64 yaşlı Hümməti seçki kampaniyasının son günlərində dövlət qadağalarını tənqid etməklə islahatçı fikirli iranlıların diqqətini çəkib.

Ancaq rəy sorğuları texnokrat Hümmətiyə dəstəyin hətta birrəqəmli olduğunu göstərir.

Rəisinin sərt xətt tərəfdarı iki rəqibi iyunun 16-da seçki yarışından çəkilərək onu dəstəkləyib.

Əsas islahatçı namizəd, keçmiş vitse-prezident Möhsün Mehralızadə də iyunun 16-da namizədliyini geri götürüb.

Bu seçkidə seçici fəallığının 42 faiz olacağı proqnozlaşdırılır. 2017-ci ildə son prezident seçkisində fəallıq 73 faiz olmuşdu.

Beş banan və portağal misalı

İranlıların çoxu seçim məhdudlaşdırıldığından səsverməyə getməyəcəklərini deyiblər. Onlar iqtisadi durumdan, dövlət repressiyasından, dəyişiklik edə bilməyən siyasətçilərdən məyusluqlarını bildliriblər.

“Beş banan təklif edərək deyirlər ki, istədiyiniz meyvəni seçin. Beş banan içindən portağal seçmək olar?” – İsfahan şəhərində bir iranlı deyib.

“Bu dəfə iranlılar isteblişmentin etdiyinə və oynadığı oyunlara reaksiya vermək istəmirlər”, – ABŞ-da yaşayan iranlı fəal Mehdi Golru AzadAvropa/AzadlıqRadiosu-nun İran xidmətinə – Radio Fərda-ya deyib.

18 iyun seçkisində heç bir namizəd çoxluğu qazanmasa ən çox səs yığmış iki namizəd ikinci turda yarışacaq.

Seçki məntəqələri yerli vaxtla səhər 7-də açılıb, gecəyarısı bağlanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG