Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

İranda Azərbaycan manatının 'ağ günü'


Astara keçid məntəqəsi
Astara keçid məntəqəsi

Son günlər Azərbaycandan İrana gedənlərin sayı artıb. Astara gömrüyündə bunu İranda Amerika dolları və Azərbaycan manatının bahalaşması ilə izah edirlər. Bir nəzarətçinin deməsinə görə, son vaxtlar İrana gün ərzində 150-200 nəfər gedirdisə, indi bu rəqəm minə çatıb.

İrandan qayıdan, özünü Hüseyn adı ilə təqdim edən Azərbaycan vətəndaşı bunları deyir:

«Az pulla çoxlu şeylər almaq olur»

«Fikirləşdim tez gedim, tez də qayıdım. Olmadı. Adam çox idi. İran Astarasında 1 Azərbaycan manatını 6 min İran tüməninə (10 rial 1 tüməndir) dəyişdim. Bir saatdan sonra geri qayıtdım. Tümənin qalığını qaytaranda dedilər ki, 1 manat 7 min 500 tümən olub. Manat da Amerika dolları ilə yanaşı bahalaşır. Cəmi 14 manat dəyişdim. Həmin pullarla bazarlıq edib qayıtdım. Az pulla çoxlu şeylər almaq olur. Söhbət bizim manatdan gedir».

«Apteklər bağlı idi»

Onun sözlərinə görə, İran Astarasında xarici mağazaların hamısı işləyir. Amma alver etmək istəməyənlər də olub: «Tacirlər özləri deyirdilər ki, gözləmək lazımdır, bəlkə dollar yenə qalxdı. Apteklər bağlı idi. Dərman almaq istəyirdim, ala bilmədim».

İran rialı
İran rialı

Sərhədyanı ticarətlə məşğul olanlardan biri deyir ki, əllərinə nə keçir, İrandan gətirirlər: «İrandan ərzaq məhsulları, dərmanlar, yuyucu tozlar, uşaq oyuncaqları, sənaye malları də gəlir. Əvvəllər sənaye malları gətirməzdilər. Elə mallar var İran Astarasında ucuzlaşıb, eləsi var ki, bahalaşıb. Bahalaşan xarici mallardır. İranlılar üçün isə hər şey bahalaşıb. Çünki onlarda milli valyuta ucuzlaşıb. Dünən 70 min tümənə aldıqları malı bu gün 100 min tümənə alırlar. Bizdə, Astara gömrüyünün önündə İran rialını dəyişən yoxdur. Etibar etmirlər...».

«İran qapalı ölkədir, amma...»

İqtisadçı Vidadi Mirzəyev İranda dolların qalxmasını ABŞ-ın bu ölkəyə sanksiyaları ilə izah edir: «İran qapalı ölkədir. Amma İrana idxal olunan istehlak malları az deyil. Xüsusən zəruri dərman məhsulları. İdxal edilən məhsullar Amerika dolları ilə hesablanır. Bu tərəfdən də İran əsas gəlir mənbəyi olan neftini istədiyi kimi sata bilmir. Sanksiyalar var. Valyuta gəlmir. Nəticədə daxili bazar çökür. 80 milyona yaxın əhalisi olan bu ölkənin qonşularla da kifayət qədər problemləri var. Bu problemlər İranın bütün sahələrinə təsir edir».

V.Mirzəyev
V.Mirzəyev

Onun sözlərinə görə, İran üzən məzənnəyə keçsə, dolların həqiqi kursu meydana çıxar: «İran daxili bazarı nəzarətdə saxlayır. Zəruri ərzaq məhsullarının qiymətini tənzimləmək üçün onlarda imkanlar var. Özəl mağazalarla yanaşı, hökumətin nəzarətində olan satış yerləri fəaliyyət göstərir. İran Astarasının bazarında baş verənləri izləmək imkanımız var. Hər gün ora gedib-gəlirlər...».

Rəsmi məzənnə ilə «qara bazar» arasında fərq

İqtisadçı deyir ki, İranda rəsmi məzənnə ilə «qara bazar» arasında kəskin fərq var. Onun deməsinə görə, bu ölkədə dolların qalxması Azərbaycanla edilən alış-verişə də təsir etməyə bilməz: «Piyadalar İrana gedirlər, bazarlıq edib geri qayıdırlar. Bu ticarət dövriyyəsinə elə də təsir etmir. Söhbət milyonlarla dollar alverdən gedir. İrandan tikinti materialları daha çox gəlir. Müşahidələrimə əsaslanıb bunu deyirəm. İranda bu proseslər nə qədər çəkər, demək çətindir. O faktdır ki, İranda bununla bağlı narazılıq gündən günə artır...».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG