Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Astara gömrük məntəqəsi 24 saatlıq rejimə keçdi və...


Astara gömrük keçid məntəqəsi, Azərbaycan, 12 may 2018
Astara gömrük keçid məntəqəsi, Azərbaycan, 12 may 2018

İrana getmək asanlaşıb, amma gedənlər azalıb.

Səbəbi haqqında bir qədər sonra...

May ayının 10-dan etibarən Astara Gömrük İdrəsinin buraxılış keçid məntəqəsi 24 saatlıq iş rejiminə keçib.

Bununla bağlı Astara Gömrük İdarəsinin inzibati binasında İranla Azərbaycanın rəsmiləri arasında protokol imzalanıb.

Bu dəyişiklikdən sonra vəziyyəti öyrənməkdən ötrü Astara keçid məntəqəsinin önünə baş çəkdik...

Növbə yoxdur

Astara Gömrük keçid məntəqəsi, 12 may 2018
Astara Gömrük keçid məntəqəsi, 12 may 2018

​Orada əvvəlki qələblik yox idi. Söhbət etdiyimiz adamlar bizə bildirdilər ki, İrana getmək istəyənlər səhər saatlarında artıq o taya keçiblər. Növbə yoxdur.

Sərhədyanı ərazidə yerləşən mağazalarda da alıcılar gözə dəymir. Ərazidə yerləşən bir mağaza sahibinin dediyinə görə, indi İrandan ən çox pomidor, yemiş gətirirlər:

“ İranda dollar qalxıb”

“ABŞ dolları İranda qalxıb. Manat yerində qalır. Bu baxımdan İranda qiymətlər qalxıb. Ordan mal gətirmək sərf etmir. Bizdə indi pomidorun 1 kiloqramı 2 manatdan yuxarıdır, amma İranda 50-60 qəpiyədir.Yemiş də həmçinin. Bizdə bu məhsullar açıq havada yetişəndən sonra oradan gətirməyə ehtiyac olmayacaq...”

Mağaza sahibinin sözlərinə görə, İrandan bəzi insanlar siqaret gətirir.O, vurğulayır ki, siqaretdən bir adam təqribən cəmi 12 manat qazanır:

“İranda dərmanlar ucuzdur”

“Hər bir vətəndaşa ayda 3 blok siqaret gətirməyə icazə verirlər.Orada 3 blok siqaret bizim pulla 25 manatadır. Bura gətirib onu satır 37 manata. Orda dərmanlar ucuzdur. Onu də gətirmyə icazə vermirlər, gömrük qoymur. İrana gedənlərin də sayı azalıb.İndi İrana getmək rahatdır. Günün istənilən vaxtı ora gedib gələ bilirsən. Amma alver zəifləyib.”

İrandan qayıdan Əli adlı bir Astara sakini isə deyirdi ki, evinə bazarlıq edib:

“Kimə rast gəlirsən şikayət edir”

“Mən alver ilə məşğul olmuram. Eşitdim ki, 24 saat iş rejminə keçiblər, İrana getmək rahat olub. Maraq üçün getdim, evimə bazarlıq etmişəm. Orada sakitlikdir. Amma camaat bahaçılıqdan narazıdır. Kimə rast gəlirsən şikayət edir. Halbuki, məhsulların çoxunun qiyməti bizdəkindən ucuzdur. Söz yox ki, qiymətlərdə böyük fərq yoxdur.”

Keçid məntəqəsinin önündə müştəri gözləyən taksi sürücüləri də narazılıqlarını gizlətmirlər. Sürücülərdən biri deyirdi ki, 3 gündür müştəri gözləyir:

Astara, gömrük keçid məntəqəsinin qarşısı 12 may 2018
Astara, gömrük keçid məntəqəsinin qarşısı 12 may 2018

“Biz əsasən İran vətəndaşlarını daşıyırıq. Onlar da Bakıya gedirlər. Novruz bayaramında qazancımız oldu. İranlılar Novruz bayramına gəlmişdilər və geri qayıtdılar.O vaxtdan bəri işmiz demək olar ki, yoxdur. Oradan gələnlərin sayı azalıb.”

İrana gedən yük maşınlarının da sayının azaldığı bildirilir.

Astara yük terminalın qarşısında az sayda yük maşını gördük.Oradan bildirdilər ki, 24 saatlıq iş rejiminə keçəndən sonra əvvəlki gərginlik yoxdur:

“ May ayının 10-da İrana 107 yük maşını keçib. Əsasən Rusiya maşınlarıdır, tərəvəz daşıyırlar...”

İranla Azərbaycan neçə illər idi ki, Biləsuvar, Culfa və Astara sərhəd keçid məntəqlərində fasiləsiz iş rejiminə keçilməsi barədə məsləhətləşmələr aparırdılar. Əsas kimi ixrac-idxal əməliyyatlarının həcminin artması və əhalinin gediş-gəlşinin yaxşılaşdırılması istəyi göstərilirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG