Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:49

İranda tətillər: 'Yorğun, məyus, acıq'


İranda fəhlələrin tətili
İranda fəhlələrin tətili

İranın neft sənayesində müqavilə ilə çalışanlar sərt iş şəraitində hüquqlarının pozulduğunu deyirlər. Bəziləri aylardır maaş ala bilmədiklərini, ailələrindən uzaq düşdüklərini dilə gətirirlər

“Yorğun, məyus və acıq”, – son günlər İranda tətil edən, müqavilə ilə işləyən neftçilərdən biri AzadAvropa/AzadlıqRadiosunun əməkdaşı Gülnaz İsfəndiyariyə belə deyib. Fəhlələr maaşlarının qaldırılmasını, daha yaxşı iş şəraiti tələb edirlər.

İranın enerji sənayesində tətillər iyunun 22-də başlanıb, səkkiz vilayətdə 60-dan çox zavoda yayılıb. Bunun son 20 ildə ən geniş tətil olduğu bildirilir.

Dəyişiklik

Müşahidəçilərin fikrincə, bu tətilə daha çox fəhlə qoşulub, coğrafi miqyası da böyükdür. Cənub-qərbi Xuzistan vilayətindən tutmuş mərkəzi İsfahana, paytaxt Tehranadək uzanıb.

Prinston Universitetinin tarixçisi, İranın neft sənayesi haqda kitab yazan Peyman Cəfəri tətilin əvvəlkilərdən fərqlənməsinə diqqət çəkir.

“Əvvəla, tətillər İranın neft sənayesində dəyişikliyi göstərir, ənənəvi olaraq Xuzistandakı neft quruları və emal zavodları ətrafına cəmləşirdi. Son 20 ildə isə Asaluye kimi yeni qaz və neft-kimya mərkəzləri yaranıb”, – o, sözlərinə əlavə edib.

Cəfəri bundan başqa mövcud qaydalardan azad “xüsusi iqtisadi zonalar”ın peyda olduğunu qeyd edir. Bu isə çirklənməyə səbəb olur.

Videolar yayılır

İranın neft sənayesində müqavilə ilə çalışanlar sərt iş şəraitində hüquqlarının pozulduğunu deyirlər. Bəziləri aylardır maaş ala bilmədiklərini, ailələrindən uzaq düşdüklərini dilə gətirirlər.

“Doğrudur, uzun müddətdir bu vəziyyətə dözmüşük, amma fəhlələrdən bəziləri artıq cana doyublar”, – adı çəkilməyən bir fəhlə rouydad24.com-a deyib.

Tətillərə qoşulan fəhlələr internetdə xeyli video yayıblar. Onlar tətilə “Kampaniya 1400” adı veriblər, İran təqvimi ilə indi 1400-cü ildir. Videolarda fəhlələr zavodlardan çıxır, digərləri isə etiraz üçün iş yerlərinə yığışır.

Bu tətillər Tehranın 2015-ci il nüvə sazişini dirçəltmək üçün danışıqlar apardığı bir vaxtda keçirilir. Həmin saziş İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların azaldılmasını nəzərdə tuturdu.

50 faizlik inflyasiya

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq sanksiyaları bərpa etdi. Bundan sonra Tehran da öhdəliklərinin icrasından geri çəkilməyə başladı.

Sanksiyaların ağırlaşdırdığı iqtisadi durum son aylar insanları yoxsulluğa sürükləyib, maaşı az olanlar onu da ala bilmirlər.

İranda rəsmi inflyasiya 50 faizə çatıb. Ərzağın qiyməti durmadan artır. İranlıların çoxu ət, meyvə, tərəvəz ala bilmədiklərini deyirlər.

Enerji sektorunun fəhlələri isə normal yaşam üçün 120 milyon rial (təxminən 500 dollar) maaş tələb edirlər. Onlar həm də maaşların vaxtında ödənməsini, təhlükəsiz və gigiyena qaydalarının qorunduğu iş mühiti istəyirlər. Daha bir tələb aya 10 gün istirahətdir. Hazırda onlar adətən həftənin 7 gününü işləyirlər.

Fəhlələr eyni zamanda həmkarlar ittifaqı yaratmaq istəyirlər.

İran indiyədək daha yüksək maaş tələb edən fəhlələri həbsə göndərib. Ancaq indi təhsil və tibb olmaqla digər sektorlarda da etirazlar baş verir.

İşdən çıxarılanlar

Sosial medianın ötən həftə yazmasına görə, Tehran Neft Emalı Zavodundan 700 müqaviləli işçi çıxarılıb.

Zavodun sözçüsü isə xəbəri “ağ yalan” adlandırıb, bir podratçının 35 fəhləni işdən kənarlaşdırdığını deyib.

Həftəsonu parlamentin Enerji Komitəsinin xüsusi iclasına Neft naziri Bijan Namdar Zangene, kəşfiyyat qurumlarının təmsilçiləri də qatılaraq neft sektorunun daimi işçilərinin problemlərini müzakirə ediblər. Zangene iclasdan sonra deyib ki, bu işçilərin maaşına iyulun 21-də bitən İran ayının sonuna kimi düzəliş ediləcək.

O, müqavilə ilə çalışanların problemləri haqda aydın bir söz deməyib. “Onlara əmək qanunvericiliyi ilə nəzərdə tutulanı verəcəyik”, – deyən nazir “onların qanundan kənar tələblərin başqa məsələ” olduğunu söyləyib.

Vəziyyət nə vaxt dəyişə bilər

Cəfəri isə enerji sənayesində tətillərin gələcəkdə davam edəcəyini düşünür. Onun sözlərinə görə, tətil edən fəhlələr əsasən tikintidə çalışdıqlarından bu aksiyanın neft sənayesində hasilata təsir gücü yoxdur. “Amma neft sənayesinin daimi işçi qüvvəsi onlara qoşularsa, vəziyyət dəyişə bilər”, – o, sözlərinə əlavə edib.

ABŞ-da yaşayan jurnalist Behrəng Zəndi isə Radio Fərda-ya deyib ki, tətillər ölkənin yeni prezidenti seçilmiş İbrahim Rəisiyə problem yarada bilər. O, avqustun əvvəlində and içəcək.

Rəisi hələlik, ölkənin iqtisadi problemlərinin həllinə dair konkret plan açıqlamayıb.

“Neft fəhlələri avqustadək, tələbləri yerinə yetirilənəcən tətilləri davam etdirəcəklərini deyirlər. Rəisi hökumətinin onlarla bağlı hansı strategiyadan istifadə edəcəyi bəlli deyil”, – Zəndi deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG