Keçid linkləri

Təcili xəbərlər
2020, 09 İyul, Cümə axşamı, Bakı vaxtı 05:53

İqtisadçılar devalvasiyadan danışırlar


Dollar/Manat

Son günlər neft dünya bazarında kəskin ucuzlaşmaqdadır. Ötən həftə 1 barrelinin qiyməti 50 dollar civarında dəyişən «qara qızıl» bu gün -martın 9-da, səhər 33 (Brent) dollara düşüb.

WTI markalı neftin 1 barrelinin dəyəri isə 30 dollardan da aşağıdır.

Prezidentin fərmanı ilə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı hələ bir həftə əvvəl demişdi ki, Azərbaycan neftin hətta hər barrel üçün 30 dollardan da aşağı həddinə immunitet qazanıb. «İndiki halda deyim ki, biz hətta neftin 40-45 dollar qiymətində də cari hesablar balansının tarazlığını qoruya bilərik. Bu da həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi ilə bağlı narahatlığın olmadığını göstərir», - o, əlavə etmişdi.

Q.İbadoğlu
Q.İbadoğlu

«Hökuməti yenidən devalvasiyaya getməyə məcbur...»

İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosuna deyib ki, neftin hazırkı qiymətindən irəli gələrək manatın taleyi ilə bağlı xeyli suallar yaranıb və çoxlarını da banklarda manatla olan əmanətlərin taleyi narahat edir.

Ekspert hesab edir ki, neftin ucuzlaşan qiymətinin ortamüddətli (3 ay) dövrdə sabit qalması və ya ucuzlaşması hökuməti yenidən devalvasiyaya getməyə məcbur edə bilər.

Bununla belə, Q.İbadoğlu bir müddətdən sonra neftin qiymətinin bahalaşa biləcəyinə də istisna etmir.

Devalvasiyaya gəlincə isə, Q.İbadoğlu deyib ki, bu qərarı Mərkəzi Bank verməlidir: «Mərkəzi Bank malik olduğu 6.4 milyard dollarıq valyuta ehtiyatı ilə bu prosesi ləngidə bilər, amma qarşısını ala bilməz».

Q.İbadoğlu ehtimal edir ki, bu dəfə baş versə, manatın devalvasiyası yumşaq keçə bilər. O hesab edir ki, hazırda devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır, sadəcə, bu, zamana bağlı məsələdir.

Əmanətləri qorumağın yolları

Q.İbadoğluna görə, manatla olan əmanətləri qorumaq üçün üç yol var: «Birinci, manatla olan əmanəti dollara çevirmək. Bu halda faiz gəlirlərində itkilər olsa da, bəziləri vəsaitlərini tam, bəziləri isə qismən qoruya bilər. İkinci, əmanətləri geri çəkərək daha risksiz bazarlara sərmayə qoymaq. Məsələn, qızıl, əmlak, torpaq almaq olar. Üçüncü, geri çəkilən vəsaitləri dollarla bankların seyflərində saxlamaq. Bu variant sadədir, əlavə gəlir yaratmır, ancaq vəsaiti qorumağa xidmət edir».

Z.Oruc
Z.Oruc

«Siyasi qərarın nəticəsi»

Dövlət başçısının yaratdığı bir başqa qurumun - Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc isə hesab edir ki, dünya neft bazarında qiyməti qismən yüksək səviyyədə saxlamaq mümkün deyildi: «İstər ABŞ-da, istər Yaxın Şərq ölkələrində neftin hasil olmasının maya dəyəri fərqlidir. Hesab edirəm ki, neftin qiymətinin belə düşməsi siyasi qərarın nəticəsidir. Çox az müddət sonra real iqtisadi tələblər siyasi konyunkturanı üstələyəcək, yenidən sabit və qərarlaşmış rəqəmləri görəcəyik».

«Təhlükəsizlik yastığı mövcuddur»

Mərkəz rəhbəri «Turan» agentliyinə deyib ki, Azərbaycan 2019-cu ildə öz neftini büdcədə müəyyən edilmiş qiymətdən xeyli baha sata bilib və xeyli əlavə ehtiyatlar yaradıb. Onun fikrincə, belə olan təqdirdə kəskin düşüş valyuta ehtiyatlarını eyni sıçrayışla azalda bilməyəcək:


«Əksinə, təhlükəsizlik yastığı mövcuddur və bu imkan verəcək ki, hökumət iqtisadi-maliyyə siyasətini sabit şəkildə idarə edə bilsin. Bununla da neftin qiymətinin düşməsi manatın mövqeyinə təsir edə bilməyəcək və devalvasiya olmayacaq».

Z.Orucun deməsinə görə, hökumət bu prosesləri proqnozlaşdırırdı, hər cür ssenariyə hazırlıq var və bununla bağlı real planlar, proqramlar mövcuddur.

Onun fikrincə, virtual aləmdə müəyyən qüvvələr iqtisadi sabitliyin pozulacağı ilə bağlı əhaliyə təsir göstərmək yönündə fəaliyyət həyata keçirilər: «Amma əminəm ki, hökumət ictimaiyyəti baş verənlərin ölkənin valyuta imkanlarına təsir etməyəcəyinə inandıraraq bu mərhələni uğurla keçəcək».

2020-ci ildə Azərbaycan büdcəsində neftin bir barreli 55 dollardan götürülüb.

V.Əhmədov
V.Əhmədov

«Yaxın zamanlar üçün devalvasiya gözlənilmir»

«Neftin qiymətinin kəskin ucuzlaşması ayrı-ayrı milli valyutalara, o cümlədən manata da təhdiddir». Bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

V.Əhmədov hesab edir ki, neftin aşağı qiymətlərdə satışı uzun müddət davam edərsə, narahatlıq yarada bilər.

Bununla belə, o hesab edir ki, Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlar var, əhalinin narahatlığına əsas yoxdur. Deputat qeyd edib ki, eyni zamanda, Mərkəzi Bankın ehtiyatlarından istifadə edilə bilər: «Mən hesab edirəm ki, yaxın zamanlar üçün manatın devalvasiyası gözlənilmir. Neftin qiymətinin aşağı olması, əlbəttə, manata birbaşa təsir edir, çünki ixracımızın 90 faizi neftdən, qazdan asılıdır. Amma, hələlik, hökumətin apardığı siyasətdən görünür ki, indiki məzənnəni qoruyub saxlamaq istəyirlər. Bunun üçün maliyyə bazarına əlavə vəsait buraxılacaq».

V.Əhmədov deyib ki, neftin kəskin ucuzlaşması fonunda manatın da ucuzlaşması barədə düşünmək, hələlik, tezdir.

Deputat vurğulayıb ki, hökumət alternativ variantlar üzərində işləməlidir.

2020-ci il yanvarın 1-nə olan məlumata görə, Dövlət Neft Fondunun aktivləri 2019-cu ilin əvvəlinə nisbətən 12.48 faiz artaraq 43 milyard 323.3 milyon ABŞ dollarına bərabər olub. Mərkəzi Bankın ehtiyatları isə 6 milyard dollardan çoxdur.

Xatırlatma

2014 və 2015-ci illərdə neftin qiymətində kəskin (təqribən 3 dəfə) düşüş baş vermişdi. Nəticədə Azərbaycanda 2015-ci ildə (fevral və dekabr aylarında) iki devalvasiya baş verdi. Manat dollara nisbətən iki dəfə dəyər itirdi. Ölkədə 10-dan çox bankın fəaliyyəti dayandı.

XS
SM
MD
LG