Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 02:01

İqtisadçı: 'Məhsulların maya dəyəri artır'


N.Əliyev

«Ötən il ilə müqayisədə bu il istehsalçıların az qazanması və daxili bazarlarda qiymətlərin bahalaşmasının bir sıra səbəbləri var».

Bunu iqtisadçı Nemət Əliyev bildirib.

N.Əliyev hesab edir ki, son illər məhsulların maya dəyəri artıb. Onun fikrincə, bəzən daxili bazara məhsul çıxaran şəxslər heç öz xərclərini belə ödəyə bilmirlər.

İqtisadçıya görə, bazarlardakı bahalıqdan istehsalçıdan daha çox topdansatışı həyata keçirənlər qazanır: «Əgər istehsalçıların xeyrinə olsaydı, bunu yenə pozitiv dəyərləndirmək olardı. Həmin adamlar da birbaşa yuxarılara bağlıdır».

N.Əliyev habelə vurğulayıb ki, daxili bazarlara mal təklifi azdır, əgər bolluq olsaydı, bu, bazara təzyiq göstərərək qiymətləri aşağı sala bilərdi: «Kənd Təsərrüfatı Nazirliyindən deyilir ki, 3 milyon ton taxıl istehsal edilib. Amma taxılın qiymət ucuzlaşmır, əksinə, bahalaşır. Bu da belə düşünməyə əsas verir ki, istehsalın həcmi haqqında deyilənlər heç də gerçək deyil».

«Hər il bu vaxtlar əhali qış tədarükünə hazırlıq görərdi...»

N.Əliyev deyib ki, belə qiymət bahalığı olan yerdə alıcı artıq cibinə uyğun davranmağa çalışır: «Hər il bu vaxtlar əhali qış tədarükünə hazırlıq görərdi, pomidordan qış azuqələrini hazırlardı. Bu il isə həmin hal yoxdur. Bu da bir tərəfdən məhsulun qiymətinin bahalığı ilə, digər tərəfdən əhalinin alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır».

İqtisadçı hesab edir ki, əhali bu bahalığın altını hələ qış aylarında da çəkməli olacaq.

N.Əliyev həmçinin vurğulayıb ki, buradan bir sıra nəticələr çıxır: «Birinci nəticə odur ki, hökumət qiyməti tənzimləyə bilmir. İkinci, istehsalçının maraqları təmin edilmir. Üçüncüsü isə, əhalinin sosial müdafiəsinin keşiyində dayana bilmirlər».

İqtisadçı xatırladıb ki, sentyabrın 1-dən minimum əməkhaqqı və bəzi sahələrdə maaşların 40 faiz civarında artması gözlənir. Onun sözlərinə görə, bahalaşma bu prosesin özünü heçə endirir.

Xatırlatma

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev isə bu günlər demişdi ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması ilə bağlı təlaşa ehtiyac yoxdur. «Kənd təsərrüfatı məhsullarının bazarı liberaldır. Qiyməti tələb-təklif tənzimləyir. Biz nə istehsalçının, nə də istehlakçının ziyana düşməsini istəyirik. Sadəcə, bəzi məhsullar mövsümdən və iqlim şəraitindən asılı olaraq bahalaşır, yaxud ucuzlaşır», - deyə o qeyd etmişdi.

Nazirlikdən habelə vurğulamışdılar ki, sahə məhsullarının bazara çıxması ilə birgə bostan məhsullarında ucuzlaşma baş verəcək.

Üstəlik, rəsmilər, bir qayda olaraq, bəyan edirlər ki, son illər ölkədə kənd təsərrüfatında artım qeydə alınır.

Günün bütün mövzuları

XS
SM
MD
LG