Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

İqtisadçı: 'Enerjidaşıyıcıların qiyməti endirilməlidir'


Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi

Ötən həftədən başlayaraq dünya bazarında neftin kəskin ucuzlaşması Azərbaycanda da diqqətləri «qara qızıl»a çəkdi.

Ötən həftə bir barreli 50 dollar civarında dəyişən «qara qızıl» indi 33-35 dollara düşüb. 2020-ci il büdcəsində neftin bir barreli 55 dollara götürülüb. Bu günlər hökumət rəsmiləri vurğuladı ki, yaranmış şəraitə görə onların B planı da var. Amma həmin planın məzmunu, hələlik, açıqlanmır.

«Nə A planı olub, nə də B...»

İqtisadçı Nemət Əliyev AzadlıqRadiosuna deyib ki, əgər hökumət B planından danışırsa, onun mahiyyətini ictimaiyyətə açıqlamalıdır: «Amma mənim müşahidə etdiyim odur ki, hökumətin hər hansı planı yoxdur. Şəxsi qənaətim bundan ibarətdir ki, hökumətin nə A planı olub, nə də B planı, heç nəyi yoxdur. Hökumət, sadəcə olaraq, indiki situasiyaya hazır deyil».

N.Əliyevin fikrincə, neftin bu şəkildə dəyərdən düşməsi hətta bir sıra ekspertlərin proqnozlarını da üstələyib. O vurğulayıb ki, neftin bir barrelinin 60 dollardan 32 dollara kimi enməsi gözlənilən deyildi:

N.Əliyev
N.Əliyev


«Proseslər onu düşünməyə əsas verir ki, neftin qiyməti hələ bir müddət 30-40 dollar arasında dəyişəcək».

«Manat yumşaq da olsa, devalvasiya olunmalıdır»

İndiki vəziyyətdə hökumətin hansı addımları atmalı olmasına gəlincə, N.Əliyev deyib ki, manat yumşaq da olsa, devalvasiya olunmalıdır: «Mənə elə gəlir ki, hökumət manatın devalvasiyasının qarşısını ala bilməz. Manata real məzmun verilməlidir. Bunu ləngitmək gələcəkdə Azərbaycan üçün çox böyük problemlər yaradacaq».

Onun fikrincə, bu halda dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməsi çətinləşəcək, tədiyyə balansını qoruyub saxlamaq mümkün olmayacaq.

Ekspertə görə, bu zaman hökumət əhalinin zərər görməməsi üçün əmanətlərin xarici valyutaya konvertasiyasına şərait yaratmalıdır.

N.Əliyevə görə, bundan əlavə, indiki halda hökumət enerjidaşıyıcıların - benzinin, dizelin, sürtgü materiallarının, təbii qazın və suyun qiymətlərini aşağı salmalıdır. Onun fikrincə, neftin qiyməti kəskin şəkildə aşağı düşübsə, daxili bazarda da bu, baş verməlidir.

Z.Oruc
Z.Oruc

«Bir neçə ssenarilər gözdən keçirilib»

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə hesab edir ki, hökumətin iqtisadi-maliyyə bloku martın 10-u və 11-də müşavirə keçirməklə ölkə insanlarının böyük əksəriyyətində rahatlıq yaradıblar, verdikləri mesajlar yeni situasiyaya adekvat olub: «Burada bir neçə ssenarilər şübhəsiz ki, nəzərdən keçirilib. İlk növbədə neftin qiymətinin bu və ya digər bədbin proqnozlara uyğun olacağı halda hökumətin əl atacağı tədbirlərlə sosial təminat, təhsil xərcləri yüksək səviyyədə qorunub saxlanılacaq. Güman etmək olar ki, müəyyən investisiya xərclərində hansısa korreksiyalar aparıla bilər».

Z.Oruc hesab edir ki, hökumət tərəfindən taarifləri tənzimlənən başqa sahələrdə müəyyən dəyişikliklər oluna bilər. Onun fikrincə, bu da ölkənin bir sıra məhsullardan asılılığını azaldar, ya da bunu yerli istehsalçı özü istehsal edə bilər.

«Devalvasiya olmayacaq»

Amma deputat deyib ki, bu sırada gömrük və ya vergi rüsumlarının dərəcələrinin dəyişməsini gözləmir: «Eləcə də, hesab edirəm ki, devalvasiyanın baş verməyəcəyi qətidir, devalvasiya olmayacaq».

Z.Oruca görə, belə ssenarilərdə hökumətin arxayınlığı onunla bağlıdır ki, artıq bank sistemi iqtisadiyyatda sabitləşdirici rola malikdir: «2015-ci ildə xarici şoklarla yanaşı, daxili risk məsələsi də var idi. İndi isə bu faktor yoxdur».

Xatırlatma

2014-2015-ci illərdə neft daha kəskin (3 dəfə) ucuzlaşmışdı. 2015-ci ildə Azərbaycanda dalbadal iki devalvasiya baş verdi, manat dollar qarşısında iki dəfədən çox dəyər itirdi. Nəticədə 10-dan çox bank bağlandı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG