Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:47

İpoteka ilə ev almaq istəyənlər necə aldanıb


Mənzil
Mənzil

İpoteka ilə ev sahibi olmaq istəyənlər bir sıra hallarda vasitəçilərə üz tutur. Elə həmin vasitəçilərin aldatdığı adamlar da az deyil.

«SN qrup» MMC-nin direktoru Aydın İsmayılov da ipoteka krediti düzəltmək adıyla adamları aldatmaqda suçlanır. İddia olunur ki, 35-yaşlı şirkət rəhbəri bu işdə vasitəçilik üçün adamlardan pul alıb, amma nə ipoteka düzəlib, nə də alınan pullar geri qaytarılıb. İndi həmin adamlar Bakı Ağır Cinayətlər Məhkəməsində A.İsmayılovdan pullarını tələb edirlər.

Oktyabrın 15-də hakim önünə çıxarılan şirkət rəhbəri aclıq aksiyası keçirdiyini, bu üzdən halsız olduğunu və məhkəmədə iştirak etmək istəmədiyini deyib.

Onun pul aldığı iddia olunan zərərçəkənlər yalan danışdığını iddia edərək, məhkəmənin davam etməsini istəyiblər.

«Müstəntiqə pul təklif elədim ki, bu işi bağlasın»

Cinayət işinin materiallarında yazılıb ki, A.İsmayılov pulları götürüb qaçıb, axtarışa verilib. Özü isə deyir ki, yalandır, əksinə, özü gəlib, müstəntiqə də pul təklif edib ki, bu məsələni həll etsin: «Mən özüm gedib müstəntiqlə görüşmüşəm. Videogörüntüləri istəyirəm, amma vermirlər. Özüm pul təklif elədim ki, alıb, bu işi bağlasın. Amma bunu sübut edə bilmirəm. Lakin videogörüntülər var. Mən necə axtarışa verilmişəm, hara qaçmışam?».

Cinayət işinin materiallarında yazılıb ki, A.İsmayılov Facebook-da elan verib, ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC-nin güzəştli kredit verdiyini göstərib. Bu elanı oxuyub ona üz tutan adamları şirkətin ofisinə çağırıb, şəxsiyyət vəsiqəsiylə, az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti vəd edib. İttihamda yazılıb ki, zərərçəkənlərdən ümumilikdə 97 min manat pul alıb. Vəsaitlər şirkətin hesabına köçürülüb.

Zərərçəkmiş Vüsal Həsənov deyir ki, ailəsiylə illərdir kirayədə yaşayır. Sosial şəbəkələrdə bu şirkətin tək şəxsiyyət vəsiqəsiylə ipoteka verdiyini görüb, gedib şərtləri ilə tanış olub:

Ofisdəki əşyalarını da götürüb, yoxa çıxıb

«NZS tərəfdə dəyəri 30 min manat olan ev tapdıq. Şirkətin nümayəndəsi Maqsud Orucov gəlib evlə tanış oldu və onu qiymətləndirdi. Dedilər ki, «bunun üçün 750 manat komissiya haqqı, 6 min manat da ilkin ödəniş etməlisiniz. Məbləği də «Bank Respublika»nın «Caspian Plaza»nın yaxınlığında yerləşən ofisində Sevinc xanıma yaxınlaşıb ödəyəcəksiniz». Avqustun 1-də məbləği ödədik və adımıza iki sənəd rəsmiləşdirdilər. Sənədlərin biri «İpotekanın rəsmiləşdirilməsi üçün ilkin ödəniş» kimi qeyd edilmişdi. Bu da bizdə prosesin rəsmi olması qənaəti yaratdı. Mənimlə bərabər daha yeddi nəfər alacaqları mənzillər üçün pul ödəyib».

Deyir, iki gün sonra alqı-satqı üçün «ASAN Xidmət»ə gediblər. Şirkətin nümayəndəsi Maqsud Orucov da onlarla bərabər olub. Onlar axşama qədər direktor A.İsmayılovu gözləyiblər, amma gəlib çıxmayıb. Sonradan işçidən eşidib ki, A.İsmayılov ofisdəki əşyalarını da götürüb, yoxa çıxıb. O da məlum olub ki, ofisi də bir aylıq kirayə götürüblərmiş.

Başqa bir zərərçəkən Xanlar Əliyev də 10 min manat pulunun ələ keçirildiyini deyir: «Ev almaq üçün verdik. Amma başımıza oyun açdı. İndi tələb edirəm ki, pulu ödəsin. Bizi elə ədəb-ərkanla qarşılayıb, etibarımızı qazandı ki, biz də inandıq».

Şirkət rəhbəri hələ ki, ittihamlara cavab vermək üçün ifadə vermək istəmir. Ancaq o, işini aparan müstəntiqin məhkəmədə dindirilməsini tələb edir.

A.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG