Keçid linkləri

2024, 03 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:41

İntiharları necə önləməli...


İntihar
İntihar

Bu günlərdə (noyabrın 26-da) Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT İnkişaf Proqramı ilə birgə intihar əleyhinə dəyirmi masa təşkil edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib ki, BMT İnkişaf Proqramı ilə birgə Azərbaycanda intiharlarla mübarizə məqsədilə Milli Fəaliyyət Proqramı layihəsi hazırlanacaq.

Psixoloq Azad İsazadə AzadlıqRadiosuna deyib ki, Milli Fəaliyyət Proqramı layihəsinin hazırlanması haqqında qərar bir az gec verilib: «Azərbaycanda intiharlar Qərb, Avropa ölkələri ilə müqayisədə o qədər də yüksək deyil. Amma intiharların artdığını görürük».

Ekspert deyib ki, bunun müsbət cəhəti odur ki, intiharlarla mübarizədə vahid bir Milli Proqram olacaq: «İndi intiharlarla məşğul olan insanlar faktiki pərakəndə fəaliyyət göstərirlər, koordinasiya, vahid yanaşma prinsipi yoxdur. Hazırda bu plan çərçivəsində gələcəkdə hansısa konkret qanunun qəbil edilməsini də gözləmək olar».

Psixoloq hesab edir ki, bu məsələ ilə bağlı Milli Fəaliyyət Proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən Koordinasiya Mərkəzi də yarada bilər.

A.İsazadə
A.İsazadə

Rəsmi rəqəmlərə şübhə

A.İsazadə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini A.Kərimovun dəyirmi masada son 5 ildə Azərbaycanda 3 minə qədər intihar halının qeydə alınması barədə dediklərini də şərh edib: «İntiharlarla bağlı hər bir rəqəmə böyük şübhə ilə yanaşıram. Ona görə yox ki, yalan danışırlar, yox. Ona görə ki, intiharlarla bağlı obyektiv informasiya yoxdur. İntiharın baş vermə səbəbləri çox hallarda müəmma olaraq qalır. Bu barədə heç nə deyilmir, əksər halda səbəb sonuna qədər ictimaiyyətə açıqlanmır».

Psixoloq hesab edir ki, bu şübhəni yaradan əsas səbəb intiharlarla bağlı statistikanın qeyri-obyektivliyidir:​



«Birinci ona görə ki, ailə üzvləri, qohumlar, bir çox hallarda intiharları gizlədirlər. İkinci, intihar kimi ancaq ölümlə nəticələnən halları qəbul edirlər. Amma burada da bütün intiharlar nəzərə alınmır. Bəzən intiharı təbii ölüm, bəzən qətl kimi göstərirlər. Hazırda obyektiv statistika yoxdur. Bu rəqəmlər də şərtidir, ola bilər ki, reallıqda rəqəmlər daha yüksəkdir».

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc isə hesab edir ki, nəzərdə tutulan Milli Fəaliyyət Planı layihəsinin hazırlanması yalnız Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə məhdudlaşa bilməz.

Z.Oruc
Z.Oruc

«Avropa ölkələrində intihar daha yüksəkdir»

Deputat «Turan» agentliyinə deyib ki, bu sənəd əhatəli dövlət proqramına çevrilməlidir. Onun fikrincə, aidiyyəti nazirliklərdən tutmuş, vətəndaş cəmiyyəti institutlarına kimi geniş spektr bu sənədin hazırlanmasında iştirakçı olmalıdır.

Z.Oruc deyib ki, bu məsələ hazırda dünyada böyük problem olaraq qalır: «Son 5 ildə Azərbaycanda 3 min şəxsin intihar etməsi faktı da bunu tələb edir. Bu mənada dünya ölkələrində fərqli rəqəmlər vardır. Daha çox sosial baxımdan təmin edilmiş Avropa ölkələrində intihar rəqəmləri daha yüksəkdir».

Səbəblər...

Deputat intiharların artması səbəblərindən də bəhs edib. O hesab edir ki, burada XX əsrin 90-cı illərindəki müharibənin insanların sinir sistemlərini zəiflətməsi, post-müharibə sindromu, bir formasiyadan digərinə keçid, ailə modellərinin dəyişməsi və ictimai əlaqələrin qırılması başlıca yer tutub.

Z.Oruca görə, təkcə sosial problemlər, maddi çətinliklər və devalvasiyaların nəticələrinin qabardılması ilə mənzərə tam aydın olmur: «İlk növbədə geniş tədqiqatlar mənzərəni dəqiq göstərə bilər. Odur ki, səbəblər tam şəkildə tapılmalıdır. Bu səbəblərin öyrənilməsi intiharlara qarşı qeyd edilən Fəaliyyət Planının effektiv işləməsinə yol aça bilər. Əks halda isə, sadəcə, kağız üzərində qalan hansısa direktivlər həyatımızı əhatə edən bu ağır və böyük problemi dəf etməyə yetməz. Odur ki, cəmiyyətin bütün imkanları buna səfərbər olunmalıdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG