Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

İndinin və gələcəyin kitabxanaları


Kitabxana
Kitabxana

Kitabxanalar 5000 ildən artıqdır ki, mövcuddur. İlk baxışdan elə görünə bilər ki, onlar qədim dövrlərdən bəri dəyişməyib. Ancaq müasir dünyada ictimai kitabxanalar, sadəcə, oxucuları kitablarla təmin etmir. Onların zəmanənin tələblərinə uyğun çoxlu maraqlı funksiyaları var.

Nayt Fondunun (Knight Foundation) bu yaxınlarda keçirdiyi müsabiqədə 1.6 milyon dollarlıq mükafat fondu ən yaxşı, innovativ ideyalarla çıxış edən 14 kitabxana arasında bölünüb. İdeyalar kitabxanaların dəyişməkdə olan icmaların tələbləri ilə ayaqlaşması üçün dəyişməsinə yönəlib. ABŞ-ın Smitson İnstitutu öz saytında onlardan bəzilərini təqdim edib.

Wikipedia-nı təkmilləşdirmək üçün kitabxanalardan istifadə

İnternetdə ən çox daxil olunan saytlardan olan Wikipedia dəyişikliklərə açıq olduğu üçün heç də həmişə dəqiq məlumatlar vermir. Onlayn Kompüter Kitabxana Mərkəzinin (Online Computer Library Center) layihəsi kitabxana resurslarının Wikipedia yazarlarına açıq olmasını, kitabxanaçıların özlərinin təlimdən keçərək Wikipedia yazarı olmasını təklif edir. Çünki keyfiyyətli mənbələr daha keyfiyyətli yazılar deməkdir.

Tələbələri icma jurnalistlərinə çevirmək

Nayt Fondunun mükafatını almış digər layihə Dallas İctimai Kitabxanasında yerli yuxarı sinif şagirdləri üçün icma jurnalistikası kursu açmağı nəzərdə tutur. Yerli «The Dallas Morning News» qəzeti ilə birgə təşkil olunacaq kurs tələbələri peşəkar jurnalistlər və kitabxanaçılarla bir araya gətirərək onlara kitabxana resurslarından jurnalistika və publisistika üçün yararlanmağı öyrədəcək.

Layihənin təşəbbüskarları ümid edirlər ki, bu təlim tələbələri yerli icmaların həyatı ilə daha yaxından maraqlanmağa və jurnalistikanın keyfiyyətini yüksəltməyə həvəsləndirəcək.

Nə gündəsən, ay kənd kitabxanası [Video]
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Uşaqları məhbus valideynləri ilə əlaqələndirmək

2/7 milyonadək amerikalı uşağın valideyni həbsdədir. Bir çox həbsxanalara ictimai nəqliyyatla gedib çatmaq olmur və deməli, bir çox uşaq öz məhbus valideynini az-az görə bilir. Bruklin İctimai Kitabxanasının təklif etdiyi TeleStory layihəsi uşaqlara kitabxanalarda videogörüşlər keçirmək imkanı verəcək. Bu görüşlərdə valideynlə uşaq birlikdə kitab da oxuya bilərlər. Layihə uşaqların həyatında son dərəcə ağır olan bu dövrü, az da olsa, yüngülləşdirməyə yönəlib.

Kitabxanada bağça

Nyu-York ştatındakı Şimali Onondaqa İctimai Kitabxanası «Kitabxana ferması» (Library Farm) layihəsini həyata keçirir. Siz kitabxanadan balaca torpaq sahəsi götürüb burada öz kiçicik bağçanızı yetişdirə bilərsiniz. Torpaq sahələrini kitabxananın fərdi sponsorları təqdim edir.

Layihənin məqsədi hazırda inkişaf etmiş ölkələrdə son dərəcə aktual olan «qida savadı»nın artırılmasıdır. Uşaqlar və gənclər burada müxtəlif qida növlərinin haradan gəldiyini və necə yetişdirildiyini öyrənirlər. Eyni zamanda, yerli sakinlər özlərinin yetişdirdikləri təmiz tərəvəzlərlə qida rasionlarını zənginləşdirir, beləcə, daha sağlam olurlar.

Hazırda ictimai kitabxanaların kitablardan başqa şeylər də kirayə verməsi çox dəbdədir. Şimali Amerikada kitabxanalardan musiqi alətlərindən tutmuş, tikiş maşınları və balıq tutmaq üçün avadanlığa qədər nə istəsəniz götürə bilərsiniz.

Yalnız uşaqlar üçün məkan

Norveçdə hökumətin maliyyələşdirdiyi məktəbdən sonrakı qrup proqramları yalnız 5-ci sinfə qədər davam edir. Bu yaşda bir qədər böyük, üstəlik, valideynləri işləyən uşaqların məktəbdən sonra getməyə yeri olmur. «Biblo Toyen» sırf 10-15 yaşlarında uşaqlar üçün yaradılıb. Bura ənənəvi kitabxanadan çox, kitablarla bəzədilmiş oyun meydançası kimidir.

«Biblo Toyen»də mətbəxə çevrilmiş köhnə yük maşını, əyləncə yerinə çevrilmiş xizəkli qondola və rəngli, hərəkətli kitab rəfləri var. Kitablar başlıqlarına və ya janrlarına görə yox, mövzulara görə təsnif olunub. Məsələn, «heyvanlar» mövzusunda həm bədii, həm elmi ədəbiyyat, həm də publisistika tapa bilərsiniz. Bütün bunlar yaradıcı kəşflərə yol açmaq üçün edilir. Kitabxanada bundan başqa, yemək, dram, 3D çapı, «Leqo» və başqa kurslara yazıla bilərsiniz. Bu da sizə Skandinaviyada yaşamağın daha bir üstünlüyü!

Cihazları sınaqdan keçirmə yeri

Amerikada kitabxanalar insanlara yeni cihazları almazdan öncə sınaqdan keçirmək imkanı yaradır. Belə «cihaz zooparkları»nda xüsusən texnologiya ilə maraqlanan, ancaq yeni cihazlardan istifadə etməyə bir qədər çəkinən yaşlı ziyarətçilər tablet və elektron kitab oxuyucularını sınaya bilərlər. Kitabxanaçılar bu işdə onlara yardım edir.

3D çapı artıq hamıya açıqdır

Klivlend İctimai Kitabxanasının istifadəçiləri öz dizaynlarını 3D printerdə çap edə bilərlər. Bunun üçün, sadəcə, istifadə olunan plastikə görə cüzi məbləğ ödəmək kifayətdir. 3D çapı get-gedə daha da populyarlaşır. Ancaq maşınlar orta amerikalı və ya kanadalı üçün çox bahadır. Buna görə də get-gedə daha çox kitabxana belə xidmətlər təklif edir. Klivlend kitabxanası bu sahədə təcrübəsi olmayan insanlara təlimlər də verir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG