Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:14

İndi qərar Konstitusiya Məhkəməsinindir


Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Bu gün, fevralın 26-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Qurum dünən, fevralın 25-də bununla bağlı qərar qəbul etmişdi.

Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləməlidir.

G.Aslanlı
G.Aslanlı

Seçkilərə müxalif düşərgədən qatılmış Müsavat Partiyasının Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, seçki komissiyalarında şikayətlərin araşdırılması sıfıra bərabər olub: «MSK-da, ondan öncə dairə seçki komissiyalarında (DSK), demək olar ki, heç bir şikayət tam şəkildə araşdırılmayıb».

G.Aslanlı hesab edir ki, qanunvericiliyə əsasən, qarşıda şikayətlərin araşdırılması üçün hələ iki gün olsa da, MSK qanuni şikayətlərə baxmaq istəmir.

«Necə ki, saxtakarlıqla seçki keçirdilər...»

Aparat rəhbəri iddia edib ki, daxil olan şikayətlərin ən azı 90 faizi lazımı səviyyədə araşdırılmayıb: «Necə ki, seçki barədə vaxtsız, lazımsız qərar verib saxtakarlıqla seçki keçirdilər, eləcə də şikayətləri baxılmamış saxlamaqla Konstitusiya Məhkəməsinə (KM) göndərdilər. KM-dən də gözləntilərimiz yoxdur».

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov da deyib ki, MSK-nın hələ şikayətləri araşdırmaq üçün iki gün vaxtı var idi. Üstəlik, o, hesab edir ki, hələ tam araşdırılmayan şikayətlər var:

H.Həsənov
H.Həsənov

«MSK-nın araşdırmalarının böyük əksəriyyəti formal xarakter daşıyıb»

«Digər tərəfdən, MSK-nın araşdırmalarının böyük əksəriyyəti formal xarakter daşıyıb, sırf hüquqi əsaslara söykənməyib».

H.Həsənov deyib ki, indi KM 10 gün ərzində seçkinin nəticələrini təsdiq etməlidir və bu qurumun qərarları qətidir.

Ekspert hesab edir ki, əvvəldə qeyd edilən hallar parlamentin qanuniliyini, legitimliyini şübhə altına alan məqamlar olacaq.

MSK-nın cavabı

MSK-dan isə şikayətlərin tam şəkildə araşdırılmaması ilə bağlı iddiaları əsassız sayıblar: «Şikayətlər yetərli dərəcədə araşdırılıb. 200-dən yuxarı şikayət daxil olub, hamısı da komissiyaların iclaslarında araşdırılıb, öz qiymətlərini də alıblar. Əgər əlavə şikayətlər olarsa, biz onları da araşdıra bilərik. Hətta poçtumuzu da, MSK-ya daxil olan şikayətləri də yoxladıq, hüquqi qiymət verdik. Əgər yenə müraciətlər olacaqsa, şikayətlər olacaqsa, təbii ki, onları da araşdıracağıq».

MSK
MSK

Nəticələri ləğv edilmiş dairələr üzrə yeni seçkilərin keçirilməsinə gəlincə isə, MSK-dan bildirilib ki, ölkə prezidenti həmin dairələr üzrə seçkilərin keçirilməsi barədə qərar verəcək və onlar da seçkiləri keçirəcəklər: «Bunun nə zaman olacağı isə dövlət başçısının qərarına bağlıdır».

Məzahir Pənahovun dedikləri...

Oxşar fikirləri fevralın 25-də MSK sədri Məzahir Pənahov da dilə gətirmişdi. Onun sözlərinə görə, seçkilərə bağlı araşdırma işləri şəffaf keçirilib: «Kifayət qədər məntəqələrin nəticələri etibarsız sayılıb. Biz lazımi qərarları qəbul etmişik. Bu gün MSK-da baxılmamış və araşdırılmamış müraciət qalmayıb».

Üstəlik, onun vurğulamasına görə, seçkilərlə bağlı müxtəlif dövlət qurumları vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəliblər.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra dörd dairədə nəticələr ləğv edilib. Habelə müxtəlif dairələr üzrə 90 civarında məntəqənin də nəticəsi etibarsız sayılıb. Amma onlar dairələr üzrə yekun nəticələrə təsir etməyib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Müxalifətdən Milli Şura və bəzi təşkilatlar isə bu seçkiləri boykot etmişdilər. Onlar deyirdilər ki, Azərbaycanda azad və ədalətli seçkilər üçün minimum şərait belə yoxdur. Rəsmilər isə bu fikirlərlə razılaşmırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG