Azərbaycan xəbərləri
Xalq Cəbhəsi üzvünə 30 sutka verildiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İmran Qurbanlıya 30 sutka müddətinə inzibati qaydada həbs verildiyi bildirilir.
Bu barədə Azadlıq Radiosuna mayın 22-də AXCP-dən məlumat verilib.
Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli sayılıb.
Partiyadan bunu hakimiyyətinin növbəti şərləmə aktı kimi dəyərləndiriblər: "İmran Qurbanlı sosial şəbəkələrdə hökuməti tənqid edirdi. Ona görə də Türkiyədən Azərbaycana dönən kimi onu həbs ediblər".
Bu açıqlamaya, hələlik, Naxçıvan MR Daxili İşlər Nazirliyi və başqa cavabdeh rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Xalq Cəbhəsi üzvü Naxçıvanda saxlanıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İmran Qurbanlı saxlanıb.
Bu barədə AXCP-dən məlumat verilib.
Partiyadan bildirilib ki, İ.Qurbanlı mayın 21-də səhər saatlarında saxlanıb: "İmran bəy Türkiyədə yaşayıb işləyir. İldə bir neçə dəfə Naxçıvana ailəsinə baş çəkmək üçün gəlir. Bu gün səhər saat 10 radələrində özü bizimlə əlaqə saxlayıb dedi ki, qapıda altı-yeddi polis əməkdaşı var, onu Şərur rayon polis şöbəsinə aparırlar".
AXCP-dən qeyd olunub ki, bir neçə saatdır ailəsi ondan xəbər tuta bilmir.
Partiyadan hesab edirlər ki, o, sosial şəbəkələrdə yazdığı tənqidlərə görə saxlanıb.
İ.Qurbanlının saxlanılması barədə məlumatı "Turan"a Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən də təsdiqləyiblər. Bildirilib ki, həmin şəxs saxlanıb, barəsində araşdırma aparılır. Amma nazirlikdən ətraflı məlumat almaq mümkün olmayıb.
Naxçıvan MR Azərbaycanın eksklavı sayılır. O, ölkənin əsas ərazisindən aralıda yerləşir və digər dövlətlərlə (Türkiyə, İran, Ermənistan) əhatə edilib. Muxtar respublikanın bir çox şəxslərinin işləmək üçün qonşu Türkiyəyə üz tutduğu bildirilir.
Xatırlatma
Hazırda AXCP-nin 10-a qədər fəali uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bütün xəbərləri izləyin
Dərman, tütün məmulatları qaçaqmalçılığı ittihamı ilə tutulanlar var

Dərman vasitələri və tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən, habelə onlara şərait yaradan vəzifəli şəxslərin saxlandığı bildirilir.
Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi (DGK) bu gün, oktyabrın 2-də birgə məlumat yayıblar.
İstintaqın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdiyi bildirilir.
İttihamlar DGK-nın Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov, "Azərterminalkompleks" Birliyinin həmin şöbəyə təhkim olunmuş instruktor-kinoloqu Asif Hacımuradov və başqalarına verilib. Cinayət işində ümumilikdə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrinin, habelə aksiz markasız tütün məmulatlarının gömrük nəzarətindən kənar ölkəyə keçirilməsindən bəhs edilir: "İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Vüsal Hüseynov, Asif Hacımuradov... barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".
Hələlik, ittihamlara sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Son illər DGK-da bəzi vəzifəli şəxslərin qanunsuz əməllərlə bağlı məsuliyyətə cəlb edilmələrinə dair oxşar məlumatlar yayılır. Amma müstəqil təhlilçilər də vurğulayırlar ki, əsasən qanunsuz əməllərlə bağlı kiçik vəzifəli şəxslər məsuliyyətə cəlb edilirlər. Bəzi hallarda isə ittihamla verilən cəzanın adekvat olmadığı deyilir. Məsələn, bu ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsində Dubaydan 190 min manatdan çox dəyəri olan qızıl külçələr gətirib onu hava limanında gömrük nəzarətindən kənar ölkəyə keçirməkdə suçlanan üç nəfərin, o cümlədən gömrük əməkdaşlarının mühakiməsi yekunlaşıb. Onlara 11 ay həbsdə saxlayıb və qaçaqmalçılıqda təqsirkar sayaraq yekunda şərti cəzalar verilib. Bütün bunlara baxmayaraq, hazırda ölkə həbsxanalarında qaçaqmalçılıqda ittiham edilib ağır cəzalar alan tənqidçi jurnalistlər var.
Əliyev Kopenhagendə Paşinyan ilə görüşüb

Oktyabrın 2-də Kopenhagendə prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, görüşdə tərəflər ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.
Habelə bildirildiyinə görə, onlar regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə Avropa İttifaqı (Aİ) liderləri bloka üzv olmayan ölkə başçıları ilə Avropa Siyasi Birliyinin (EPC) sammitində bir araya gəlirlər. Belarusu, Rusiyanı və Vatikanı çıxmaqla qitənin hökumət başçılarının eyni məkanda altı-yeddi saatlıq "sürətli siyasi tanışlıq" üçün toplaşdıqları bildirilir.
Bu il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
Bu münaqişənin ilk dönəmlərində baş verən hərbi toqquşmalar nəticəsində Azərbaycan ərazilərinin 20 faizinə nəzarəti itirsə də, 2023-cü ilin sonuna doğru buna tam son qoyulub. Daha sonra iki ölkə arasında həm Rusiyanın, həm də Aİ-nin vasitəçiliyi ilə sülh danışıqları aparılırdı.
Səfərbərlik Xidmətində 75 nəfərin işi prokurorluğa göndərilib

Bu il Səfərbərlik Xidmətində 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
Bu məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) bu gün, oktyabrın 2-də yaydığı statistik açıqlamasında yer alır.
Qurum bildirir ki, qeyri-qanuni hərəkətlər, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən il 249, 2025-ci ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb: "O cümlədən cari ildə doqquz əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib".
Rəsmi açıqlamada həmin şəxslərin adları və vəzifələri açıqlanmır. İttihamlara onların və vəkillərinin münasibəti bəlli deyil.
Xatırlatma
2023-cü ilin sonundan Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı olması barədə qərar verilməsi qaydası dəyişib. Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik edilib. Prezident "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" iki il əvvəl oktyabrın 6-da fərman imzalamışdı. Qanunvericilik fərmana uyğunlaşdırıldı. Fərmana əsasən, 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə xidmətə yararlı olub-olmamaq məsələsində əsas söz sahibi SHXÇX nəzdində tibbi komissiyalar sayılırdı. Hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələlərlə bağlı hər hansı hesabat vermir.
Üstəlik, həqiqi hərbi xidmətə çağırışla bağlı vətəndaşlardan eşidilən şikayətlər heç də aradan qalxmayıb. Şikayətlərdə xidmətə yararsız gənclərin süründürməçiliklə üzləşdikləri, bəzi hallarda isə xidmət yerinin seçilməsində "tapşırma"ların rol oynaması və başqa iddialar yer alır. Konkret şikayətlərə cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
'Qarabağ' 'Kopenhagen'i də məğlub etdi

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" klubu bu gün, oktyabrın 1-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti qələbəsini qazanıb. Qurban Qurbanovun kollektivi Bakıda "Kopenhagen"i məğlub edib.
Azarkeşlər iki qola şahidlik ediblər. Görüş "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ" birinci turda səfərdə "Benfika"ya qalib gəlmişdi - 3:2.
Bununla da Ağdam təmsilçiləri 6 xala yiyələnib.
17 sentyabr
'Benfika'nın baş məşqçisi 'Qarabağ'a məğlubiyyətdən sonra istefaya göndərilib
"Benfika" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Qarabağ"a uduzduqları ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.
Bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.
O, bunun üçün təəssüfləndiyini bildirib.
Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.
"Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.
16 sentyabr
Çempionlar Liqası: 'Qarabağ' səfərdə 'Benfika'nı məğlub edib
Ağdamın "Qarabağ" klubu səfərdə "Benfika"nı məğlub edib.
Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonuna qədər geridönüş etməyi bacarıb - 2:3.
Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub.
"Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.
Azərbaycan çempionu tarixində ikinci dəfə idi ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanmışdı.8 il əvvəl həmin mərhələdə “Qarabğ” yalnız iki xal qazanmışdı. Bu dəfə isə Ağdam təmsilçiləri ilk görüşündəcə 3 xala yiyələnib Bu mərhələdə “Qarabağ”ı daha 7 oyun gözləyir. Azərbaycan çempionunun sonrakı rəqibləri "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"dir (Danimarka).
Final uğrunda ümumilikdə 36 klub mübarizə aparır. Səkkiz oyunun nəticələrinə görə 36 klub arasında 1-8 yerləri tutan komandalar növbəti mərhələyə birbaşa vəsiqə qazanacaqlar. 9-24 yerlər arası qərarlaşan klublar isə püşkdən asılı olaraq bir görüşlük oyunlar keçirəcəklər. Qalib səkkiz klub da ilk səkkiz yeri tutan komandalara qatılacaq.
25-36 yerləri tutan klublar isə mübarizəni dayandırmış olacaqlar.
İbrahim Ləmbəranski prokurorluqdan gedib

İbrahim Ləmbəranskinin prokurorluqda qulluq keçməsinə xitam verilib. Bu barədə bu gün, oktyabrın 1-də Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, İ.Ləmbəranskinin öz arzusuna əsasən bu il sentyabrın 10-dan prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Elə bu gün, ölkənin yerli saytları məlumat yaymışdı ki, Sabunçu rayonunun sabiq prokuroru İ.Ləmbəranski Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin müşaviri vəzifəsinə təyin edilib. Bu məlumatı nə onun özündən, nə də sözügedən qurumdan dəqiqləşdirmək mümkün olub.
Yerli media onun bu ilin iyununda Sabunçu rayon prokuroru vəzifəsindən azad edilərək sərəncama götürüldüyü haqda da məlumat yaymışdı.
1972-ci il təvəllüdlü İ.Ləmbəranski 1995-ci ildən prokurorluq orqanında çalışıb. Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, Bakı şəhər Pirallahı rayon prokuroru vəzifələrini də tutub.
İ.Ləmbəranskininadı bir sıra siyasi məhbus sayılan şəxslərin istintaqında keçib. O, 2012-ci ildə Quba rayonunda baş verən etirazlara görə həbs edilənlərin, habelə müxalif "NİDA" Vətəndaş Hərəkatının bəzi fəalları, hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Rauf Mirqədirovun istintaqına da rəhbərlik edib.
Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları həmin istintaq işləri ilə bağlı tənqidlər səsləndiriblər, həbs edilənləri siyasi məhbus sayıblar. Hərçənd rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.
Milli Məclisin Kürdəmirdən olan deputatı Əminə Ağazadə İ.Ləmbəranskinin xanımıdır.
Avropa Məhkəməsinin erməni məhbuslar barədə Bakıdan hesabat istədiyi bildirilir
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan üzərinə 23 erməni məhbusun saxlanma şəraiti, sağlamlıq durumu barədə noyabrın 4-dək hesabat vermək öhdəliyi qoyub. Bunu AzadlıqRadiosunun erməni xidmətinə Avropa Məhkəməsində erməni məhbusların hüquqlarını müdafiə edən Siranuş Saakyan deyib.
S.Saakyanın sözlərinə görə, iyulda Azərbaycan hesabat vermək öhdəliyinin götürülməsi üçün məhkəməyə müraciət edib. Ermənistan hökuməti və məhbusların təmsilçiləri buna etiraz edib. Məhkəmə Azərbaycanın ərizəsini rədd edib.
"Azatutyun" Bakı həbsxanalarında erməni məhbusların təxminən üç aydır tam təcrid olunduqlarını yazır. Onlara heç bir müstəqil beynəlxalq qurumun baş çəkmədiyi, saxlanma şəraiti, sağlamlıq və psixoloji durumları barədə bilgi olmadığı iddia olunur.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçiləri iyunda erməni məhbusları ziyarət ediblər. Oktyabrın 1-dən bu qurum Bakıda fəaliyyətini dayandırıb.
Azərbaycanda indiyədək 23 erməni məhbusun saxlandığı rəsmən təsdiqlənib. Qarabağdakı keçmiş separatçı rejim təmsilçiləri olan 16 nəfər də onların sırasındadır. Hazırda Bakıda onların məhkəməsi gedir.
AİHM-in Azərbaycan üzərinə bu məhbuslarla bağlı hesabat vermək öhdəliyi qoymasını rəsmi Bakı şərh etməyib.
Azərbaycanda kərə yağı bahalaşır, səbəblər...
Azərbaycanda kərə yağı bahalaşmaqda davam edir. Paytaxt sakinlərinin AzadlıqRadiosuna deməsinə görə, son bir ildə xaricdən idxal edilən kərə yağında ortalama 3 manat civarında bahalaşma var.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarının təhlili göstərir ki, son bir ildə ölkəyə gətirilən kərə yağının dəyərində yüksəlmə, həcmində isə azalma var.
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana 124 milyon 127 min ABŞ dolları dəyərində 18 min 127 ton kərə yağı idxal edilib. Kərə yağı idxalı əvvəlki illə müqayisədə dəyər baxımından 20 faiz artıb, həcm baxımından isə 5.3 faiz azalıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 103 milyon 312 min ABŞ dolları dəyərində 19.2 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar gətirilib.
Hesabat dövründə Azərbaycana idxal olunan kərə yağının kiloqramının orta qiyməti illik müqayisədə 26 faiz artaraq 11.60 manat təşkil edib. Halbuki, hazırda Bakının marketlərində xarici kərə yağı ortalama 24-25 manata təklif edilir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə isə, son bir ildə heyvandarlıq sahəsində 1.1, ayrıca süd istehsalında 0.3 faiz artım olsa da, bunu kərə yağı istehsalı ilə bağlı demək mümkün deyil. Rəsmi statistikaya görə, bu ilin səkkiz ayında ölkədə 17 min 886.4 ton kərə yağı istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7.8 faiz azdır.
İqtisadçılar hesab edir ki, ölkədə kərə yağının bahalaşması həm xarici, həm də daxili amillərdən asılıdır. Onların fikrincə, bir tərəfdən, ölkəyə idxal edilən yağın qiymətində bahalaşma var, başqa tərəfdən, bir sıra daxili amillər, o cümlədən südün keyfiyyəti yağ istehsalının artımına imkan vermir.
Azərbaycanda problemli kreditlər artmaqda davam edir
Mərkəzi Bankın statistik bülleteninə görə, sentyabrın 1-nə Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlər 530.9 milyon manata çatıb.
Problemli kreditlər 2025-ci ilə 449.1 milyon manatla başlamışdı. Səkkiz ayda 81.8 milyon manat artım olub.
Mərkəzi Bankın hesabatında o da bildirilir ki, sentyabrın 1-nə 22 bankın cəmi aktivləri 55 milyard 672.4 milyon manat, cəmi öhdəlikləri 48 milyard 595.3 milyon manat, balans kapitalı 7 milyard 77.1 milyon manat olub.
Hesabat ayında bankların kredit portfeli 0.7% və ya 206.7 milyon manat artaraq 28 milyard 704.9 milyon manata çatıb.
Bir sıra iqtisadçılar deyir ki, problemli kreditlərin artması sırf bahalaşmadan və əhalinin güzəranının ağırlaşmasından irəli gəlir.
Hökumət rəsmiləri məsələni şərh etməyiblər.
Xatırlatma
Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyası ilə izah edilirdi. 2022-ci ildə isə yenidən problemli kreditlərin azaldığı vurğulanırdı. Lakin bu ildən əks proses müşahidə edilir.
AŞPA sessiyası başlayır, Ülvi Həsənlinin xanımı ölkədən buraxılmır

Sentyabrın 29-dan oktyabrın 3-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası keçiriləcək.
Sessiyada AŞPA-nın növbəti beş il üçün baş katibi seçilməlidir.
Azərbaycan nümayəndə heyətinin bu sessiyanın da işinə qatılacağı bilinmir. Bu barədə rəsmi qurumlar hər hansı açıqlama verməyib.
Azərbaycanın AŞPA-da səsvermə hüququ ötən ilin əvvəlindən dondurulub. Buna səbəb kimi, əsasən, Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı, üstəlik, həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt Azərbaycan hakimiyyəti qurum qarşısında insan hüquqları və daha bir çox məsələlərlə bağlı öhdəlik götürüb. Azərbaycan hələ də qurumun monitorinqi altındadır.
Ülvi Həsənlinin xanımı ölkədən buraxılmadı
Bu ara bəlli olub ki, "AbzasMedia" nəşrinin həbsdə olan direktoru Ülvi Həsənlinin xanımı Rübabə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyulub.
Quliyeva sentyabrın 28-də həyat yoldaşının finalçılarından biri olduğu Vatslav Havel İnsan Haqları Mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa getməli idi. Lakin hava limanında pasport yoxlanışı zamanı ona Daxili İşlər Nazirliyinin (DİN) ölkədən çıxışına qadağa qoyduğu söyləndiyi bildirilir. Qadağanın hansı işlə bağlı olduğu barədə isə heç bir izahat əldə etmək mümkün olmayıb
R.Quliyeva məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Samir İsmayılovla əlaqə saxladığını, lakin müstəntiqin vəziyyətdən xəbərsiz olduğunu və araşdırma aparılacağını dediyini bildirib.
Onun açıqlamasına DİN-dən münasibət almaq mümkün olmayıb.
2023-cü ilin noyabrında "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə həbs edilmişdi. Onlara qarşı qaçaqmalçılıq və maliyyə cinayətləri ittihamları irəli sürülsə də, jurnalistlər ittihamların əsassız olduğunu bildiriblər.
İki ilə yaxın davam edən istintaq və məhkəmə araşdırmalarının sonunda iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Həsənli, Vaqifqızı, Babalı və Mehralızadəni 9 il, Absalamova və Qasımovanı 8 il, Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Prokuror Tural Sadıqlının əmisinə 3 il həbs istəyib
Bu gün, sentyabrın 26-da qanunsuz olaraq döyüş sursatı gəzdirdiməkdə təqsirləndirilən, bloger Tural Sadıqlının əmisi Elmir Sadıqova prokuror 3 il həbs cəzası istəyib.
Avqustun 25-dən Sabunçu Rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə başlayan prosesdə onunla bağlı cinayət işinin məhkəmə təhqiqatı davam edir.
Elmir Sadıqovun qardaşı Əlövsət Sadıqlı bildirib ki, məhkəmə prosesində vəkilin verdiyi çoxsaylı vəsatətlərin heç biri təmin olunmayıb. Elə ilk iclasda vəkil Nazim Musayev vəsatət verərək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdi. Məhkəmə vəsatəti təmin etməmişdi. Sonradan da müdafiə tərəfinin bir sıra vəsatətləri təmin edilməyib.
Elmir Sadıqov aprel ayında saxlanıb. İttihama görə, onun maşınından əl qumbarası tapılıb. E. Sadıqova Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah,... əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi açılıb. İlkin istintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Amma onun yaxınları bu işi qurama sayıb. Hazırda xaricdə olan bloqer Tural Sadıqlı da əmisinin ondan qisas almaq məqsədilə şərləndiyini açıqlamışdı.
Amma həmin iddiaya, nə sözü gedən məhkəmədən, nə də başqa rəsmi qurumlardan münasibət almaq mümkün olub. Bununla belə rəsmilər bir qayda olaraq ölkədə siyasi həbslərin olması ilə bağlı iddiaları qəbul etmirlər.
- Hazırda mühacirətdə olan T.Sadıqlı hakimiyyətə sərt tənqidləri ilə tanınır. Son illər Azərbaycanda bir neçə dəfə onun yaxınları saxlanıb. Hətta narkotik və polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan qardaşı Elgiz Sadıqlı həbsdə də olub. Onlar saxlanma və həbsi T.Sadıqlıya görə şərlənmələri ilə izah ediblər. Amma hüquq-mühafizə orqanları belə dəyərləndirmələri qəbul etməyiblər.
- Bu ilin mart-aprel aylarında isə Baş Prokurorluğun müraciəti əsasında xaricdəki bir sıra bloqerlər haqqında qiyabi həbs qərarı çıxarılıb. Mayın 31-də də Binəqədi rayon Məhkəməsi Tural Sadıqlı haqqında belə bir qərar vermişdi. Almaniyada yaşayan T.Sadıqlı dələduzluq, kütləvi iğtişaşlara çağırış, saxta sənəd hazırlama kimi əməllərdə suçlanır. O, özünə qarşı ittihamları da qəbul etmir.
'İlham İsmayıldan polisdə izahat alınıb'

Haqqında dələduzluq əməlinə görə saxlanılması ilə bağlı məlumatlar yayılan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl evindədir.
Yaxınları yerli medialara bildirib ki, onun haqqında yayılan məlumatların əksəriyyəti həqiqətəuyğun deyil və əsassızdır.
Onlar vurğulayıb ki, İ.İsmayıl heç kimə qarşı dələduzluq əməli həyata keçirməyib və bu iddialar tamamilə yalandır.
Onlar əlavə edib ki, İ.İsmayıldan polisdə izahat alınıb və yaxın vaxtlarda bu məsələ ilə bağlı mediaya geniş açıqlama veriləcək.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə danışmaq mümkün olmayıb.
APA-nın xəbərinə görə isə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə İ.İsmayıl barəsində həbs növündə olmayan digər qətimkan tədbiri seçilib. Bu məlumatı da məhkəmədən dəqiqləşdirmək mümkün olmayıb.
25 sentyabr
İlham İsmayıl saxlanıbmı?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın saxlandığı bildirilir.
Bu barədə yerli saytlar məlumat verib.
Həmin məlumatlarda onun dələduzluqda ittiham olunduğu qeyd edilir.
Hələlik, bu iddialara nə Daxili İşlər Nazirliyi, nə də İ.İsmayılın ailəsi və vəkilindən münasibət almaq mümkün olub.
İlham İsmayıl kimdir
İ.İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtər rayonunun Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib.
1982-ci ildən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sistemində xidmət edib. DTK-nın Gəncə şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (Azərbaycan müstəqillik əldə etdikdən sonra DTK Milli Təhlükəsizlik Nazirliyi adlanıb) Şəmkir və Göyçay bölmələrinin rəisi, nazirliyin özündə şöbə rəisi olub.
1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Vaxtaşırı təhlükəsizlik məsələləri ilə bağlı mətbuata açıqlamalar verir.
MTN 2015-ci ildə ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.
Əliyev: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil

"Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırmışdım. Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir". Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.
O vurğulayıb ki, əsas səbəb iqlim dəyişmələri deyil.
Azərbaycan dövlət başçısı qeyd edib ki, gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var. "Azərbaycan həmçinin bu problemin həlli istiqamətində BMT ilə də sıx əməkdaşlığa hazırdır",-o əlavə edib.
Ekspertlər Xəzər dənizinin su səviyyəsinin azalmasının səbəbləri kimi iqlim dəyişikliyi, həmçinin insan fəaliyyətinin artması və bunun nəticəsində hidrometeoroloji amillərin dəyişməsini göstərirlər. Onlar vurğulayırlar ki, əsas qidalandırıcı çayların axını azalıb: "Volqa və Ural kimi Xəzəri qidalandıran çayların su axınının azalması, bölgədəki iqlim dəyişiklikləri və hidroenerji məqsədilə istifadənin artması ilə əlaqədardır".
Müxtəlif açıqlamalar görə, son bir neçə ildə Xəzər dənizinin səviyyəsi 40 santimetrə qədər azalıb.
BMT Baş Assambleyasının 80-ci sessiyası sentyabrın 9-da öz işinə başlayıb.
Sessiya "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunub. Yüksəksəviyyəli debatlar sentyabrın 23-ü başlayıb.
Əziz Orucov azadlığa buraxılmadı. Azadlığa çıxmasına 2 ay qalır

Bu gün, sentyabrın 25-də Suraxanı rayon Məhkəməsində "Kanal 13" internet televiziyasının 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azad olunması üçün müdafiə tərəfinin təqdim etdiyi müraciətə baxılıb.
Bu barədə Ə.Orucovun ailəsindən məlumat verilib.
Ailənin açıqlamasına görə, hakim prosesdə həbsxana rəhbərliyinin verdiyi müsbət rəyə və Ə.Orucovun müalicə müəssisəsində davamlı nevroloji müalicə almasına baxmayaraq, Ədliyyə Nazirliyinin mənfi mülahizəsi əsasında onun vaxtından əvvəl azad olunmasını təmin etməyib.
Bu açıqlamaya maraqlı tərəflərin münasibəti bəlli deyil.
Ə.Orucovun azadlığa çıxmasına 2 ay 2 gün qalıb.
Ə.Orucov 2023-cü il noyabrın 27-də icazəsiz evtikmə ittihamı ilə həbs olunub. Bir ay sonra – dekabrın 19-da ona əlavə valyuta qaçaqmalçılığı ittihamı da verilib. İstintaq yekunlaşarkən onun üzərindən qaçaqmalçılıq ittihamı götürülüb.
Bu il fevralın 26-da Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ona 2 il həbs cəzası verilib. Jurnalist ittihamla razı deyil.
Xatırlatma
2023-cü ilin noyabrından Azərbaycanda "AbzasMedia", "Kanal 13", "ToplumTV", meclis.info, "MeydanTV" kimi çoxsaylı media orqanının 30-dan çox əməkdaşı, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Jurnalistlər ittihamları rədd edir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. Bir çox hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, Azərbaycanda hazırda 370 civarında siyasi məhbus var. Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi məqsədlərlə izlənmədiyini, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir.
Beynəlxalq insan haqları qurumları hökuməti haqsız tutulanları azad etməyə çağırır.
Ombudsman Aparatı: Yeni qaydalar qiymətlərin artırılmasına... səbəb olur

Heydər Əliyev Beynəlxalq Aeroportunda bu il sentyabrın 10-dan tətbiq edilən yeni tarif siyasəti ölkə Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.
Bu barədə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının apardığı monitorinqin nəticələri ilə bağlı məlumatında bildirilir.
"Yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur", - məlumatda vurğulanır.
Dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.
Hələlik, bu açıqlamaya Heydər Əliyev Beynəlxalq Aeroportunun, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) və başqa aidiyyəti qurumların münasibəti bəlli deyil.
Xatırlatma
Son həftələr yerli saytlarda yayılan məlumatlara görə, Bakı aeroportundan sərnişindaşımalar ilə bağlı yeni qaydalar qəbul edilib. Vurğulandığına görə, hava limanından sərnişindaşımalar yalnız bu qaydalara tam cavab verən taksilər vasitəsilə həyata keçirilir. Əlavə edilirdi ki, bununla bağlı taksi operatorlarının mobil tətbiqlərində hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb. Bu kateqoriya üzrə qiymətlərin isə yüksək olduğu deyilirdi. Bildirilirdi ki, aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Əlavə olaraq, vurğulandığına görə, hava limanı ərazisində yeni taksi terminalı quraşdırılıb və bu terminal vasitəsilə taksi sifarişlərinə xüsusi tariflər tətbiq olunur ki, həmin tariflər də 20-30 manat arasında dəyişir.
Qeyd olunub ki, yeni qaydaların icrasında əsas məqsəd hava limanından şəhərə səyahətləri maksimum rahat və keyfiyyətli etməkdir.
Əliyev TRIPP barədə: 'Azərbaycan bu marşrutun reallaşması üçün bütün səylərini səfərbər edib'
"İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq". Bu sözlər prezident İlham Əliyevin "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda müraciətində öz əksini tapıb.
Əliyev vurğulayıb ki, onlar Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmiryol və digər logistik infrastruktura böyük investisiyalar yatırıblar: "Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır".
Prezidentin sözlərinə görə, son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalıb: "Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) əsasını qoydu".
Onun fikrincə, TRIPP gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər: "Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib".
Xatırlatma
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz - Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçən beynəlxalq nəqliyyat dəhlizidir. Orta dəhliz 2017-ci ildə fəaliyyətə başlayıb.
Bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri bu iki ölkə (onilliklər boyu münaqişədə olublar) arasında Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.