Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

'İmkansızlığa görə Gürcüstanda oxumuşam, nazirlik diplomumu tanımır'


Gürcüstan Texniki Universiteti
Gürcüstan Texniki Universiteti

Gürcüstan Texniki Universitetində «Sosial elmlər və beynəlxalq əlaqələr» ixtisası üzrə bakalavr dərəcəsində təhsil almış Əli Salmanovun diplomu Azərbaycanda qəbul edilmir. Deyir ki, 2017-ci ildə Gürcüstanda təhsilini bitirəndən sonra diplomunun Azərbaycanda tanınmasından ötrü Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsinə müraciət edib. Amma idarədən ona rədd cavabı verilib. Özünün bildirdiyinə görə, səbəb də göstərməyiblər.

24-yaşlı Ə.Salmanov bildirir ki, onun heç xaricdə təhsil almaq niyyəti olmayıb. Amma Azərbaycanda təhsil haqqının yüksək olması, ailəsinin durumuna görə bu addımı atmaq məcburiyyətində qalıb: «Ailəm Kəlbəcərdən məcburi köçkündür. Özüm 1995-ci ildə ovaxtkı Xanlar, indiki Göygöl rayonunda anadan olmuşam. 2012-ci ildə Kəlbəcər rayon 9 saylı tam orta məktəbi bitirib, Azərbaycan Kooperasiya Universitetinin «Tərcümə (ingilis dili üzrə)» ixtisasına qəbul olmuşdum. Lakin universitetdə təhsil haqqı baha olduğuna görə ailəmizin maddi durumu təhsilimi orada davam etdirməyə imkan vermədi. Bu üzdən mən Gürcüstanda təhsil almağa qərar verdim. Orada təhsil haqqı ailəmizin büdcəsinə uyğun idi»


.

Əli bir müddət öncə diplomunun tanınması tələbiylə Təhsil Nazirliyini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onun iddiasını təmin edib. Təhsil Nazirliyinin üzərinə diplomun tanınması öhdəliyi qoyulub. Nazirlik qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını ləğv edib.

Ə.Salmanov bu qərarı vermiş Bakı Apellyasiya Məhkəməsinin hakimi Afaq Nuriyevadan prezidentə, vitse-prezidentə şikayət edib. İddia edir ki, hakim öz maraqlarına görə qərarı ləğv edib.

«Vətəndaşın haqlı olduğu belə məqamlarda haqsız, ədalətsiz qərarlar çıxarıb, vətəndaşı narazı salmaq prezidentin «Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında» Fərmanına da kölgə salır», - hakimin cəzalandırılmasını tələb edən Ə.Salmanov məktubunda belə yazır.

O, AzadlıqRadiosuna Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini söyləyib: «Təhsil haqqına, imkansızlığa görə məcbur qalıb Gürcüstanda oxumuşam, indi diplomumu tanımırlar. Bu nə deməkdir axı?!».

Problem nədədir

Xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması məsələsini şərh edən hüquqşünas Emin Abbasov deyir ki, Nazirlər Kabineti bu barədə 2003-cü ildə qərar verib. Diplomlar həmin qərarda nəzərdə tutulan qaydalar əsasında tanınır.

Diplomların Azərbaycanda tanınmasıyla bağlı müəyyən problemlərin, bundan qaynaqlanan məhkəmə mübahisələrinin olduğunu deyən ekspert səbəblərdən də danışır. Deyir ki, Təhsil Nazirliyi ilə diplomu tanınmayan şəxslər arasındakı mübahisələrdə həm obyektiv, həm də subyektiv amillərin rolu var.

«Özəlliklə qiyabi təhsil alan şəxslərin diplomlarının tanınmasında problemlər olur. Araşdırma zamanı şəxsin o ölkənin dilini bilib-bilmədiyi, imtahanlar vaxtı orada olub-olmaması kimi hallar araşdırılır. Bu cür səbəblərdən imtina cavabı alanlar var. Amma subyektiv səbəblər də kifayət qədərdir. Məsələn, xaricdə elə ixtisaslar var ki, Azərbaycan təhsil sistemində yoxdur. Biri də «Gender əsaslı şəhər idarəetmə» ixtisası. İxtisas uyğunsuzluğu üzündə diplomu tanınmayan şəxslər var. Halbuki, bu, onların problemi deyil», - E.Abbasovun sözləridir.

Hüquqşünas hesab edir ki, diplomların tanınmasıyla bağlı ümumi qaydalar bir daha işlənib hazırlanmalı, konkretləşdirilməlidir. Onun fikrincə, konkretlik olsa, bu məsələdə sui-istifadə halları da aradan qalxar: «Bir də hesab edirəm ki, dünyadakı çox nüfuzlu ali təhsil müəssisələrinin diplomları daha sadələşdirilmiş qaydada, hətta avtomatik tanınmalıdır».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG