Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:02

İmişlinin bir kəndində qarayara yayıldığı söylənir


Muradxanlı kəndində ev təsərrüfatında saxlanılan heyvanlar
Muradxanlı kəndində ev təsərrüfatında saxlanılan heyvanlar

İmişli rayonunun Muradxanlı kəndində qarayara xəstəliyinə yoluxanların olduğu deyilir.

Bu barədə AzadlıqRadiosuna yerli sakinlər məlumat verib. Onların deməsinə görə, bəzi sakinlər təşviş içindədir və səhhətində narahatlıq olanlar bu xəstəliyə yoluxduqlarından şübhələnirlər. Sakinlərin vurğulamasına görə, bu üzdən bu kənddən son günlər xəstəxanalara müraciət artıb. Həmçinin, o da bildirilir ki, vəziyyəti ağır olan bir neçə şəxs müalicə üçün Bakı şəhərindəki ixtisaslaşmış xəstəxanalara göndərilib.

İmişli Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Şahin Əliyev ətraflı məlumat vermək səlahiyyətinin olmadığını bildirərək yalnız bunları söyləməklə kifayətlənib:

«Ajiotaj doğurası bir hal yoxdur»

«Ajiotaj doğurası bir hal yoxdur. Bu xəstəlik Muradxanlı kəndində 3-ü kişi, 2-si qadın olmaqla, ümumilikdə 5 nəfərdə aşkarlanıb. Onlar da bir ailənin üzvü, yaxud qapıbir yaşayan yaxın qohumlardır. Ehtimal edilir ki, şəxsi təsərrüfatda saxlanan bir heyvanın kəsimi zamanı infeksiya bunlara düşüb. Xəstəlik yüngül-dəri formasındadır. İnsan həyatı üçün ciddi təhlükə doğura biləcək halda deyil. Qida Təhlükəsizliyi Agentliyi ərazini nəzarətə götürüb, mütəxəssislər araşdırma aparır. Heyvanlardan, torpaqdan xeyli nümunələr götürülüb. Muradxanlı qapalı kənd olduğundan törədicinin başqa yerdən gəlməsi, yaxud buradan ətraf ərazilərə yayılması ehtimalı da yoxdur».

Muradxanlı kəndi
Muradxanlı kəndi

İmişli rayon Baytarlıq İdarəsinin rəisi Orucəli Qasımov isə bildirib ki, hələlik, xəstəliyin mənbəyi müəyyənləşdirilməyib: «Kənddə yaşayan bir nəfər xəstə heyvanı kəsərək bəzi ailələrə paylayıb. Ehtimal edilir ki, yoluxanlar da xəstə heyvan və onun əti ilə təmasda olmuş şəxslərdir. Amma bu heyvanlarda həmin xəstəliyin olmağı, hələ ki, rəsmi təsdiqlənməyib. Bu heyvanlarda, ümumiyyətlə, ərazidə, qarayara xəstəliyinə qarşı vaxtında peyvəndləmə işi aparılıb. Ona görə törədici mənbə torpaq da ola bilər».

«Mənim heyvanlarım otlaqda zəhərlənmişdi...»

Muradxanlı kəndinin sakini Nemət İmanov isə bu işdə müəmma olduğunu deyir: «Mənim heyvanlarım otlaqda zəhərlənmişdi. Vəziyyəti pis olanlardan 2-sini (ayrı-ayrı vaxtlarda) sahədə kəsdim. Avqustun 8-də bütün heyvanlarım yerdən qalxa bilmədi. Yerli baytarlıq idarəsinə zəng etdim. Mənə resept verildi, sahə baytarımız iynə vurdu, iki dəfə sistem köçürülüb. Bütün heyvanlar da ayağa qalxdı.

Bir gün sonra kənd xəstəxanasının həkimi yuxarı orqanlara məlumat verib ki, kənddə qarayara xəstəliyinə yoluxanlar var. Bakıdan da, yerli idarədən də nümayəndələr gəldilər. Heyvanlardan qan, dəri və ət nümunələri götürülüb. Mənim heyvanlarım artıq otlaqdadırlar. Amma bilmirəm nə səbəbdənsə mənbəni bu heyvanları göstərmək istəyirlər. Halbuki, kənddə qarayaraya yoluxma haqqında məlumat heyvanlarımda narahatlıq olmazdan və onlardan birini kəsməzdən qabaq yayılmağa başlamışdı».

Hələlik, Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyindən bu deyilənlərə münasibət almaq mümkün olmayıb. Bu qurumlar, eləcə də Kənd Təsərrüfatı Nazirliyi İmişli rayonunun Muradxanlı kəndində baş verənlərlə bağlı, hələlik, heç bir rəsmi açıqlama verməyib.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində Aqrar Xidmətlər Agentliyinin baytar mütəxəssislərinin yerlərdə «İribuynuzlu heyvanlarda qarayara və qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri» mövzusunda təlim keçmələri barədə xəbərlər var.

Xatırlatma

Qarayara «Sibir xorası» (yun. anthrax - kömür) da adlandırılır. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi «bədxassəli çiban» da adlandırırlar.

Qarayara xəstəliyinə yoluxan heyvanla təmas və onun ətindən qidalanmaq qəti yolverilməzdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG