Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 09:19

İmişlili qəbirqazanın nazirlikdən şikayəti


M.Hacəliyev

"Bərbad ev, xəstə qız, telefona rahatlıq verməyən borc tələbi. Bir yandan da işsizlik, qazancın olmaması...".

İmişlinin Araz küçəsində yaşayan Məzahir Hacəliyev vəziyyətini belə dəyərləndirir. Heç vaxt belə ağır duruma düşmədiyini söyləyir. Onu hər gün rayon mərkəzində günəmuzdçuların toplaşdığı yerdə-körpünün başında görmək olur. Oranı yerli adamlar "Qul bazarı" adlandırırlar. Deyir, daha çox əli hər yerdən üzülən, gündəlik çörəkpuluna möhtac olan adamlar üz tutur bu məkana:

"Koronavirus ortaya düşəndən iş gördürən azalıb"

"Artıq burada da dayanmağın mənası yoxdur. Koronavirus infeksiyası ortaya düşəndən bəri iş gördürən azalıb. Tək-tük adam fəhlə axtarır. Fəhlə də, gördüyünüz kimi, çox... Evdə oturanda adamın az qalır ki, ürəyi partlasın".

Xahiş edir ki, gedib onun yaşayış şəraitinə baxaq. Yolüstü dükandan iki çörək alır. And içir ki, daha quru çörək almağa da pulu qalmayıb, adını nisyə dəftərinə yazdırır.

"Oğlum kasıbçılığın qurbanı oldu"

Onun yaşadığı ünvana çatırıq. Torpaq kərpicdən, divarına suvaq çəkilmiş yastı tiklidir. Amma şükür edir ki, qar-yağış başlarına yağmır: "Bu yurdu təzə evlənən vaxt atam almışdı. Yoldaşımla palçıq tutub kərpic kəsdik, evi də elə özümüz tikdik. Qazancımız dolanışacağa, uşaqların əyin-başına xərclənib, artırıb nəsə edə bilməmişik".

Dediyinə görə, yaxın zamanlaradək ailəsi beş nəfərdən ibarət olub, övladlarından ikisini köçürüb-"qızı ər evinə, oğlunu isə o dünyaya": "Oğlumu soyuq, rütubət, ən çoxu da elə kasıbçılıq apardı. 15 yaşından xəstə düşmüşdü. Vaxtında müalicə etdirə bilmədik. Vəziyyəti ağırlaşanda qonşu-qohumların köməyi ilə Bakıya apardıq. Onda da gec idi...".

Deyir, qızının toyunu da sıxıntı içində edib. Cehizlik əşyaların bir hissəsini almaq üçün həyətyanı torpağının yarısını satdığını bildirir: "O torpağa da cəmi 1200 manat pul verildi. Aldığım mebel və başqa məişət əşyalarının borcu hələ də qalır. Zəng-zəngin dalınca gəlirdi. İşlər dayanandan, evdən bayıra çıxmağa qadağa qoyulandan (İmişli rayonunda artıq bu qadağa yoxdur-red.) bəri telefonum sakitlik tapıb".

"Qızı həkimə göstərə bilmirik"

Həyat yoldaşı Rəsmiyyə Hacəliyeva deyir ki, illər öncə işığa görə 500 manat borcları yığılıb. Onun sözlərinə görə, kartlaşma gedəndə işıqları sönüb və bir müddət qaranlıqda qalıblar. Qadın iki qızını götürüb fermaya getdiyini, quru çörəklə keçinib borca işlədiklərini söyləyir: "O borcdan birtəhər qurtardıq. İndi daha böyük dərdlə üzləşmişik. Evdəki qızımız gözündəki xəstəlikdən əziyyət çəkir. Anadangəlmə deyil, sonradan qazanılıb. 20-yaşlı qızı gözümüz görə-görə bədbəxt edirik. İmkan yoxdur aparıb həkimə göstərək. Tək göstərməklə deyil, bunun iynə-dərmanı var. Belimdən əməliyyat olunandan bəri daha mən işləyə bilmirəm".

"Bizim 1 hektar 20 sot torpağımız var. O da 30 kilometr uzaqda...".
"Bizim 1 hektar 20 sot torpağımız var. O da 30 kilometr uzaqda...".

"Hökumət nə iş verir, nə də yardım "

Demələrinə görə, koronavirus pandemiyası ilə əlaqədar işsiz, aztəminatlı ailələrə yardım ediləcəyini eşidəndə seviniblər. M.Hacəliyev həm özünün, həm də qızı Əfsanənin adından müraciət göndərib. Amma onlara imtina cavabı gəldiyini bildirir: "Bizim 1 hektar 20 sot torpağımız var. O da 30 kilometr uzaqda yerləşir. Gedib-gələ bilmirdim deyə, başqasına icarəyə vermişəm. Lap özüm əksəm belə, ondan ildə nə qədər pul qazanmaq olar ki? Həyətimizdə nə iri-, nə də xırdabuynuzlu heyvan var. Olanımız iki toyuqdur, onun biri altı cücə çıxarıb. Qızımın da adına heç nə yoxdur. Məni yandıran odur ki, belə durumda sosial nazirimiz bizi imkanlı hesab edir".

M.Hacəliyev deyir ki, kolxoz dağılandan sonra baş qoşmadığı iş qalmayıb: "Bir müddət şəkər zavodunda fəhləçilik etdim. Oradan çıxarılandan sonra ortalıqda işləməli oldum. 2018-ci ildə Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata düşmüşəm. İndiyədək mənə iş təklif olunmayıb...".

"Gor qazmaqla baş saxlamaq olmaz"

M.Hacəliyev əlavə edir ki, yaşadığı ərazidə səriştəli qəbir qazan kimi də tanınır. Amma vurğulayır ki, bu işdə elə qazanc yoxdur: "Qəbir qazmağa qiymət qoymuram. İmkanı olan 20-30 manat verir, mənim kimi kasıb adamdan heç pul almıram. Bu işin də özünəməxsus çətinlikləri var. Eyni qəbiristanlıqda növbənöv torpaq olur. Qumsal yerlər rahat qazılır. Amma bəzən elə bərk torpaq, ya çınqıllı lay olur ki, orada lomla işləmək lazım gəlir. Qəbir hər cür hava şəraitində qazılır- istəyir güclü yağış yağa, sel gedə, istəyirsə qar-boran, yaxud cırcırama isti ola. Belə vaxtda nə yaxanı kənara çəkmək olur, nə də qiymət qaldırmaq".

O, son vaxtlar hər qəbir qazanda dərdinin təzələndiyini, vəfat etmiş şəxslə birgə sanki "öldüyünü" söyləyir: "Kəsə sözü, bizimki yaşayış deyil. Gor qazmaqla baş saxlamaq olmaz...".

Kartlaşma gedəndə işıqları sönüb və bir müddət qaranlıqda qalıblar.
Kartlaşma gedəndə işıqları sönüb və bir müddət qaranlıqda qalıblar.

Məşğulluq Mərkəzi nə deyir

İmişli rayon Məşğulluq Mərkəzindən isə M.Hacəliyevlə bağlı bunları deyiblər: "Məşğulluq haqqında qanuna görə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə-kəndli təsərrüfatının başçısı olan şəxslər məşğul hesab edilir. Bu adamın da pay torpağı var, əkinlərə görə dövlətdən subsidiya alıb. Belələri nəinki pandemiya ilə əlaqədar birdəfəlik yardımdan, həmçinin, işsizlər üçün nəzərdə tutulan "Özünəməşğulluq", haqqı ödənilən ictimai işlərə cəlb olunma proqramlarından da kənarda qalır. Onun haradasa özünə əlavə iş tapıb işləməyinə qadağa yoxdur. Sadəcə, məşğulluq mərkəzlərinin belə şəxslərə iş tapmaqla bağlı öhdəliyi yoxdur".

Bir həftə öncə Dövlət Təhlükəsizliyi Xidməti İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İcra başçısı (artıq keçmiş) həbs edilib. O, rüşvət və səlahiyyət həddini aşmaqda günahlandırılır. İttihamlara, hələlik, onun və vəkilinin münasibətini almaq mümkün olmayıb.

Azərbaycan hökuməti koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, sahibkarlıq və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədi ilə 3.5 milyard manatlıq paket elan edib. Həmin istiqamətdə görülən tədbirlərdən biri də işsizlərə verilən (aprel, may ayları üçün verilir) 190 manatlıq yardımdır. Hökumət 600 min şəxsə belə yardım ediləcəyini açıqlayıb. Bundan başqa, sahibkarlıq subyektlərinə də dəstək verilir.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 283 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi bu virusa 2 min 519 yoluxma faktı müəyyən edilib, onlardan 32 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir). Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar.

Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Bununla belə, əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində (o cümlədən, İmişli rayonunda) yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

XS
SM
MD
LG