Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:31

İmişlidə özəlləşdirmə etiraza səbəb olub


Cavadxanlı kəndi
Cavadxanlı kəndi

İmişli rayonunun Cavadxanlı kəndinin bir qrup sakini şikayətlənirlər ki, bələdiyyə mülkiyyətində olan bağ sahəsi və su anbarı bir şəxsin istifadəsinə verilib. Onlar yerli icra və bələdiyyə orqanlarına etdikləri müraciətin nəticə vermədiyini, buna görə etiraz aksiyalarına başlayacaqlarını söyləyirlər.

«Bağımız pambıq tarlası, su anbarımız isə balıq gölü olub»

Cavadxanlı kəndinin sakini Qabil Xəlilov satılan yerlərin onlardan ötrü əhəmiyyətli olduğunu deyir: «Bu şumun yerində bir neçə ay əvvəl bağ sahəsi vardı. Bağda on minlərlə ağac yetişdirilmişdi. Qızmar istidə tarla işi görənlərin, mal-qaranın kölgələnəcək yeri idi. Əkinlərin suvarılması üçün fövqəladə su anbarımız olub. Həmin anbarı yazın əvvəlində su ilə doldururduq, isti və quraq keçən yay vaxtı onun hesabına 200 hektarlıq yer suvarılırdı. Torpaq islahatı nəticəsində bağ və anbar əhalinin ümumi istifadəsində saxlanılmaqla bələdiyyə mülkiyyətinə verilmişdi. Son vaxtlar bu yerləri bir şəxs hansısa yolla ələ keçirib. Yeri alan adam bağdakı bütün ağacları kökündən çıxartdırıb, şum edərək orada pambıq əkib. Anbarı da balıq gölü edib».

Cavadxanlı kəndində göl
Cavadxanlı kəndində göl

Cavadxanlı kəndinin başqa sakini Qara Feyzullayev də deyir ki, anbarın əllərindən alınması ərazidə pay torpağı olan fermerlərin işini çətinləşdirəcək: «Yayın istisində Araz çayında su azalır. Belə vaxtda anbar əlimizdən tuturdu. «Axmaz»dan suyu nasosla çəkib əkinlərimizi birtəhər suvarırdıq. Buranı alıb balıq gölü yaradan adam sabah bizə su verməyəcək. Bu ərazidə ailə üzvlərimə verilmiş 2 hektar 18 sot pay torpağı var. Hazırda orada arpa əkmişəm. 200 manat xərc çəksəm də, yerimi suvara bilmirəm. Bizim də əsas dolanışacağımız əkin-biçindən çıxır. Su olmayan yerdə nə əkmək olar? Əkini buraxıb, kənddə başqa nə iş görə bilərik ki?».

Q.Xəlilov
Q.Xəlilov

«Bizi aksiyaya sürükləyirlər»

Sakinlər bildirirlər ki, dəfələrlə yerli icra hakimiyyətinə şikayətə gediblər. Bundan əlavə, fərdi və kollektiv surətdə mərkəzi icra orqanlarına məktub ünvanlayıblar, vəzifəli şəxslərin qəbulunda olublar. Q.Xəlilov bildirir ki, müraciətləri heç bir nəticə verməyib: «Bir ağacı kəsən adamı cərimələyirlər. Amma biz kimə deyiriksə ki, on minlərlə ağac kəsilib, heç kəs gəlib bura baxmır, tədbir görmür. İcra başçısı, polis rəisi, ekologiya idarəsinin işçiləri də burada baş verənlərdən müfəssəl məlumatlıdırlar. Bizi aksiyaya sürükləyirlər».

Bələdiyyə sədrinin dedikləri...

Qaralar bələdiyyəsinin sədri Şıxalı Gülməmmədov deyir ki, əhalidə narazılıq yaradan məsələ ilə bağlı ortada iki müxtəlif sənəd var, hər ikisini də səlahiyyətli dövlət orqanları verib: «54 hektarın 19 hektarı keçmiş Əzizbəyov adına kolxoz tərəfindən İmişli Neft Bazasının yardımçı təsərrüfatı üçün verilən torpaqdır. İslahat zamanı həmin yer geri alınıb və Cavadxanlı, sonradan birləşmə nəticəsində Qaralar bələdiyyəsinin mülkiyyətinə keçib. 2001-ci ildə İmişli Neft Bazası ləğv edilib. Amma bundan sonra da onun Cavadxanlı kəndindəki köhnə tikililəri qalırdı. Üstündən daha 15 il keçəndən sonra Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi İmişli Neft Bazasının hüquqi varisi kimi çıxış edərək, bu obyektləri 19 hektarlıq torpaq sahəsi ilə birgə hərraca çıxarıb və 2018-ci ildə 250 min manata satıb. Əmlakı torpağa görə alıblar. Çünki tikililər 40-50 il əvvələ aiddir və uzun müddət idi ki, baxımsız qalmışdı».

Keçmiş bağ sahəsi
Keçmiş bağ sahəsi

Ş.Gülməmmədov qalan 35 hektarlıq torpaq sahəsi ilə bağlı isə bunları deyir:

«Bələdiyyə təzə yaranan vaxtlarda (Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib-red.) 35 hektarlıq torpaq sahəsi 25 il müddətinə Sədi Əzimov ad-soyadlı bir şəxsin icarəsinə verilib. İcarədar illərlə icarə haqqını ödəmədiyinə görə 2015-ci il noyabrın 28-də bu müqavilə tərəfimizdən ləğv edilib. Həmin qərar Ədliyyə Nazirliyində də qeydə alınıb. Amma bu adamlar 3 il əvvəl ləğv edilmiş müqavilə əsasında «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış» alıblar. Mən məəttəl qalmışam ki, ilkin sənədləri notarius necə təsdiq edib. Axı bu işdə bələdiyyə sədri kimi mənim şəxsən iştirakım və imzam tələb olunur. Bundan əlavə, sənədinə istinad olunan Cavadxanlı bələdiyyəsi 2018-ci ildə hüquqi cəhətdən mövcud deyildi, Cavadxanlı və Qaralar bələdiyyələri ikincinin adı altında birləşmişdi. Həmin yer əkin üçün nəzərdə tutulmayıb. Amma bu adamlar özbaşına olaraq torpağın təyinatını dəyişərək, oranı şumlayıblar».

Bələdiyyə torpağından istifadənin dövlət qeydiyyatına alınmasına dair sənəd
Bələdiyyə torpağından istifadənin dövlət qeydiyyatına alınmasına dair sənəd

Torpaq alanlar iddiaları əsassız hesab edirlər

Ərazidə videoçəkiliş apardığımızı və sakinlərin şikayətini dinlədiyimizi bilən Mais Hüseynov ad-soyadlı şəxs bizimlə əlaqə saxladı. O bildirdi ki, həm neft, həm də bələdiyyə torpağını yaxın qohumları ilə birgə qanuni yolla alıblar: «Neft Şirkətinin mülkiyyətində olan əmlak hərraca çıxarılıb və qardaşım Tofiq Hüseynov onu satın alıb. Bu yer artıq özəl mülkiyyətdir. Ona yaxın ərazidə isə dayım oğlu Sədi Əzimovun bələdiyyədən icarəyə götürdüyü yer olub. O da istifadəsində olan torpaq sahəsinə çıxarış alıb. Yaxın qohumlar olaraq biz bu torpaqlardan birgə istifadə edirik. Mən də bələdiyyə ərazisində doğulmuşam, 1980-84-cü illərdə həmin yardımçı təsərrüfatda çoban işləmişəm. Elə rəy yaratmaq istəyirlər ki, guya bunlar nəsə qurub-yaradıblar, biz də kənardan gəlib onu əllərindən almışıq. Bizə üzərində dövlətin gerbi, dövlət orqanının möhürü olan sənədlər verilib. Buna etiraz etmək bizə yox, dövlətin Konstitusiyasına, qanunlarına qarşı çıxmaqdır».

Kəsilmiş ağaclar
Kəsilmiş ağaclar

M.Hüseynov bağ sahəsinin məhv edilməsi barədə iddiaları da əsassız hesab edir: «Bu ərazidə bağ olmayıb, tozlanma nəticəsində çəkil ağacları (yarpaq üçün tut ağacları-red ) yetişmiş və tədricən geniş əraziyə yayılmışdı. Ekologiya idarəsinə müraciət etdik. Gəlib baxdılar, razılıq verdilər, biz də sahəmizi təmizlədik. Ağır zəhmət və xərc hesabına yeri əkin üçün yararlı olan hala salmışıq. İndi də torpağımızdan təyinatına uyğun istifadə edirik».

İcra hakimiyyəti: «Məsələ araşdırılacaq»

İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mirzə Quliyev Cavadxanlı kəndində baş verənlərdən məlumatlı olduqlarını dedi: «Mübahisələndirilən torpaq sahəsi ilə bağlı yerli icra hakimiyyətinin heç bir qərarı olmayıb. Sakinlərin şikayəti nəzərə alınaraq, sahibkarın fəaliyyətinə mane olmadan məsələ aidiyyəti dövlət orqanları ilə birgə araşdırılacaq».

Mübahisəli məsələ ilə bağlı adı çəkilən Dövlət Neft Şirkətindən isə deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG