Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 09:12

İmişli Şəkər Zavodunda etiraz


İmişli Şəkər Zavodu. 2016
İmişli Şəkər Zavodu. 2016

Aprelin 16-da İmişli Şəkər Zavodunun 50 nəfərdən çox işçisinin etiraz aksiyası keçirdiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna adının açıqlanmasını istəməyən işçilərdən biri danışıb. Onun sözlərinə görə, etirazçılar işəgötürənin müqavilə öhdəliklərinə əməl etməsini, özlərindən asılı olmayan səbəblərdən yaranan boşdayanmaya görə haqq ödəməsini və işçi ixtisarına yol verilməməsini tələb ediblər: "Aprelin 16-da zavodun qarşısından keçən avtomobil yolunu bağlamışdıq. Əraziyə çoxsaylı polis əməkdaşları gəldi. Yolu açmağımız tələb edildi. İmişli Rayon İcra Hakimiyyətinin başçısı və yerli hüquq-mühafizə orqanları əməkdaşları da gəlmişdi. Rəsmilər söz verdilər ki, məsələ növbəti gün araşdırılacaq. Amma bugün, aprelin 17-də bizə bir söz deyən olmadı. Zavodun qarşısında yenidən toplaşmağımıza polis imkan vermədi. Səsini çıxaranları da tutub apardılar".

Həmin şəxsin sözlərinə görə, etiraz edənlər yük daşıyan muzdlu fəhlələr olub:

"Şəkər tozu istehsalı dayanıb"

"Son vaxtlar zavodda şəkər tozu istehsalı dayanıb. Bu da, öz növbəsində, yükdaşıma işlərinin azalmasına səbəb olub. Yanvarda işçiləri kütləvi ixtisar etmək istəyirdilər. Etiraz edəndən sonra bu plandan əl çəkildi. Martın 19-da bəzilərini məzuniyyətə çıxardılar. Bir növbəni saxlamaqla qalan işçilər evə buraxıldı. Amma sonradan hamını işə qaytarıb gündüz saatları üçün növbəlilik təşkil etdilər. Bu isə bizə sərf etmir, çünki ayda cəmi 7-8 iş növbəmiz olacaq və çox az haqq alacağıq".

O deyib ki, onlarla bağlanılmış müqavilədə aylıq məvacibləri 250 manat göstərilib. Onun deməsinə görə, faktiki olaraq isə daşıdıqları yükə görə haqq alıblar: ​"1 ton şəkəri vaqonlara, avtomobillərə yükləmək və ya anbarlara yığmağa görə 1 manat 10 qəpik ödənilir. Bu muzdla aylıq əməkhaqqımız ortalama 400 manat çıxır və kartımıza ödənilirdi. İndi o hesabla heç 100 manat da olmayacaq. Deyirik, boşdayanma bizdən asılı olmayan səbəbdən yaranıb. Belə çətin vaxtda az pul ödəmək insafdan deyil. Axı bizim də ailəmiz, onların ehtiyacları var".

Bu deyilənlərə müəssisə rəhbərliyindən və rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. İmişli Rayon Polis Şöbəsindən də aksiya və saxlananlar barədə deyilənləri dəqiqləşdirmək cəhdlərimiz nəticə verməyib.

Xatırlatma

İmişli Şəkər Zavodunun inşaat işlərinə 2003-cü ildə başlanıb. İmişli şəhərində 70 hektar ərazidə inşa olunan müəssisəyə ilkin mərhələdə 83 milyon ABŞ dolları məbləğində investisiya qoyulduğu bildirilir.

2006-cı il martın 23-də prezident İlham Əliyevin iştirakı ilə İmişli Şəkər Zavodunun rəsmi açılış mərasimi keçirilib. Müəssisədə şəkər tozu, heyvan yemi, kəllə qənd istehsal edilib.

XS
SM
MD
LG