Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

İ.Məmmədov: 'Bu hakimiyyətdən nə desən gözləmək olar' [Video]


İlqar Məmmədov azadlığa çıxır
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

İlqar Məmmədov azadlığa çıxır

«Azadlığa çıxmağımda Azərbaycandakı cümhuriyyətçilərə və bütün beynəlxalq tərəfdarlarımıza minnətdaram».

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu gün, avqustun 13-də azadlığa buraxılan REAL Partiyasının sədri İlqar Məmmədov Bakıdakı evinin qarşısında jurnalistlərə belə deyib. O, azadlığa buraxılmasını «qismən qələbə» adlandırıb.

«Bu qələbə deyil, qismən qələbədir. Ona ancaq və ancaq Azərbaycanda cümhuriyyətçi gənclərin, fəalların, bütün cümhuriyyət tərəfdarlarının mübarizəsi, səyi, dayanışması və mənə dəstək vermələri nəticəsində nail olundu. Sizi inandırıram ki, bu olmasa idi, bugünkü nəticə olmayacaqdı», - deyən İ.Məmmədov ötən həftəsonu buraxılmalı olduğunu bildirib:

«Ötən həftənin 5-ci günü keçirilən məhkəməyə həddən artıq çox adam gəlmişdi. Həmin atmosferdə buraxmaq istəmədilər».

İ.Məmmədov bu il mayın 28-də Bakıda keçirilmiş cümhuriyyət yürüşünü xatırladıb.

«Sizin çoxlarınızın səyi ilə 28 mayda İstiqlaliyyət küçəsi bizim oldu», - deyən REAL Partiyası sədri həmin yürüşdə iştirak edənlərə xitabən «gec də olsa, təşəkkür edirəm», söyləyib. O, siyasi mübarizəni daha əzmlə davam etdirmək niyyətində olduğunu vurğulayıb:

«Bundan sonra siyasi fəaliyyətimizi indikindən daha güclü, indikindən daha inamlı davam etdirəcəyik. Çünki bizi daha çoxuq, daha güclüyük. Məqsədimiz cümhuriyyət məramlarımızı gerçəkləşdirmək olacaq».

İ.Məmmədov, eyni zamanda, yaxın günlərdəki planlarının sağlıq durumu ilə bağlı olduğunu ifadə edib: ​«Bu günlərdə ən zəruri addımlardan biri tibbi yoxlamadan keçmək olacaq. Ona görə yox ki, hansısa tibbi problemim var. Ona görə ki, bu hakimiyyətdən nə desən gözləmək olar deyə, ilk olaraq tibbi yoxlamadan keçmək niyyətindəyəm».

İ.Məmmədov həbsi, buraxılması, gələcək fəaliyyət istiqamətləri ilə bağlı yaxın günlərdə keçirəcəyi mətbuat konfransında ətraflı məlumat verəcəyini qeyd edib.

Dunya Miyatoviç: «İlqar Məmmədovun azadlığa buraxılması bizə yüngüllük gətirdi»

Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç REAL Partiyasının lideri İlqar Məmmədovun azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb. O, eyni zamanda, Azərbaycan hökumətini tənqidi düşüncələrinə görə həbsdə olan bütün şəxsləri azad etməyə səsləyib. Bu haqda o, özünün Twitter səhifəsində yazıb.

«İlqar Məmmədovun azadlığa buraxılması xəbəri bizə yüngüllük gətirdi. Mən Azərbaycan hakimiyyətini ona qarşı bütün ittihamları, o cümlədən ölkədən çıxışına qoyulan qadağanı aradan qaldırmağa səsləyirəm», - insan haqları komissarı yazıb.

O, başqa şəxslərlə bağlı da Azərbaycan hökumətinə səslənib.

«Azərbaycan insan haqları üzrə öz öhdəliklərini yerinə yetirməlidir. Tənqidi fikirlərinə görə həbsdə olan bütün şəxslər azad edilməlidir», - D.Miyatoviç vurğulayıb.

+++

Avropa Şurasının baş katibi Torbyorn Yaqland avqustun 13-də belə bir bəyanatla çıxış edib: «Tanınmış insan haqları müdafiəçisi İlqar Məmmədovun beş ildən çox həbsxanada qalandan sonra bu gün azadlığa buraxılması barədə Şəki Apellyasiya Məhkəməsinin qərarı alqışlanmalıdır. Avropada siyasi məhbusların mövcudluğunu qəbul edə bilmərik, günahsız adamlar azadlıqdan məhrum olmamalıdırlar və Avropa İnsan Haqları Məhkəməsinin qərarları yerinə yetirilməlidir».

Fuad Ağayev: «Kassasiya şikayəti veriləcək»

İlqar Məmmədovun cəzasının yüngülləşməsinə, real həbsin şərti hal ilə əvəzlənməsinə baxmayaraq, müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermək niyyətindədir.

Bu barədə AzadlıqRadiosuna vəkil Fuad Ağayev bildirib.

«Müsbət cəhət odur ki, məhkəmənin qərarından sonra İlqar Məmmədov azadlığa çıxıb. Məhkəmənin qərarının qalan hissəsi mənfidir. Çünki İlqar Məmmədov yenidən təqsirli bilinir».

Vəkil bildirib ki, Şəki Apellyasiya Məhkəməsi Şəki Ağır Cinayətlər Məhkəməsinin İ.Məmmədovun təqsirli bilinməsi hökmünü qanuni sayıb. Sadəcə, cəzasının çəkilməmiş hissəsi şərti hesab olunub. «İstənilən halda bununla razı deyilik və qısa müddətdə kassasiya şikayəti verəcəyik»,- F.Ağayev bildirib.

***

AzadlıqRadiosu həyat yoldaşının evə gəlişini gözləyən Vəfa Məmmədovadan qısa müsahibə alıb.

İlqar Məmmədov azadlıqda. Xanımı danışdı (Video)
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

+++

Bu gün, avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının sədri İlqar Məmmədovu azadlığa buraxıb.

Amma İ.Məmmədov 2 il sınaq müddəti olmaqla şərti olaraq azadlığa çıxıb. Onun ölkədən çıxışına məhdudiyyət olacaq.

İ.Məmmədov qərarla razılaşmayıb. «Biz bəraət tələb edirdik. Bu da qələbədir, amma tam qələbə deyil», - deyə İ.Məmmədov məhkəmənin qəbul etdiyi qərarı dəyərləndirib.

İ.Məmmədov, hələ ki, məhkəmə binasındadır. Müdafiə tərəfinin bildirməsinə görə, hazırda sənədləşmə işləri aparılır. Amma müdafiə tərəfi vurğulayır ki, İ.Məmmədovu Penitensiar Xidmətin əməkdaşlarının maşınla Bakıya aparacaqları və oradan buraxılacağı gözlənir.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi ötən il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG