Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 18:08

İlon Maskın gələcəklə bağlı 3 proqnozu


İ.Mask
İ.Mask

«Məncə, ilhamverici və maraqlı gələcəyin olması vacibdir. Sadəcə düşünürəm ki, səhərlər yuxudan oyanmağa və yaşamaq istəməyə səbəblər olmalıdır. Məsələn, siz nə üçün yaşamaq istəyirsiniz? Mənası nədir? Sizə ilham verən nədir? Gələcəyin nəyini sevirsiniz?». Bunları milyarder, «Tesla»nın yaradıcısı İlon Mask 2017-ci ildə etdiyi TED çıxışında deyir.

Maska görə bu, insanların fərqli planetlərdə yaşadığı reallığı yaratmaq deməkdir. «Özü də əgər gələcəyimizdə ulduzların arasında olmaq, çoxplanetli növ olmaq yoxdursa, məncə, bu, son dərəcə depressivdir», – Mask deyir.

Mask gələcək haqda mühəndissayağı düşünür – praktik, ehtiyatlı və mümkün nəticələrin qrafikini çəkməklə.

«Gələcəyə ehtimallar prizmasından baxıram. Bu, ehtimalların axınını budaqlara ayırmaq kimidir. Bu ehtimallara təsir etmək, bir şeyi gücləndirmək, digərini zəiflətmək üçün ata biləcəyimiz addımlar var», – o deyir.

Texnologiya maqnatı «Tesla» elektrik avtomobil şirkəti, «SpaceX» raket şirkəti və tunellər sahəsində ixtisaslaşan «The Boring Company» ilə məhz gələcəyi formalaşdırmaqla məşğul olduğunu deyir.

7 – 10 ilə Marsda ilk insan məskənləri yaradılacaq

Ötən ilin noyabrında Mask bir Twitter müzakirəsində 7 -10 ilə Marsda ilk insan məskənlərinin salınacağını deyib.

Eyni müzakirədə o, Marsa ilk olaraq mühəndislərin, rəssamların və hər cür yaradıcı adamların gedəcəyini təsəvvüründə canlandırdığını deyib.

Mask «70 faiz» ehtimalla özünün Marsa gedəcəyini söyləyib. O, həmçinin Marsa ilk gedən adamların inanılmaz risklərlə üzləşəcəyini vurğulayıb.

«Bu, çətin olacaq, ölüm ehtimalı da yüksəkdir, kiçik bir qutunun içində kosmosun dərinliyindən keçirsiniz, uğurla ensəniz, bazanı tikmək üçün dayanmadan çalışmalısınız, boş vaxt qalmayacaq. Hətta bundan sonra da ətraf mühit çox sərtdir, orada ölmək ehtimalı çox yüksəkdir. Düşünürük ki, geri qayıda bilərsiniz, ancaq əmin deyilik», – Mask Axios saytında deyib.

Maskın sözlərinə görə, «SpaceX» 2024-cü ildə Marsa pilotsuz yük təyyarəsi göndərmək niyyətindədir. «Göyərtədə insanların olacağına ümid edirik. Ancaq düşünürəm ki, Marsa ən azı, pilotsuz gəmi göndərmək şansı yüksəkdir. Hesab edirəm ki, buna cəhd edəcəyik», - Mask oktyabrda bir müsahibəsində deyib.

10 ilə beyninizi kompüterə qoşa biləcəksiniz

«Tesla», «SpaceX» və «The Boring Company» azmış kimi, Mask hələ bir «insanlarla kompüterləri əlaqələndirən» ultrayüksək keçirici beyin-maşın interfeysləri hazırlayan «Neuralink» şirkətini də təsis edib.

««Neuralink»lə bağlı uzunmüddətli gözlənti süni zəkayla simbioza nail olmaqdır… Bir növ zəkanın demokratikləşdirilməsinə nail olmaqdır ki, o, hökumətlərin və iri korporasiyaların …monopoliyasında olmasın», – Mask Axios-a müsahibəsində deyib.

Bu, kompüterin elektrodlarını beyninizdəki neyronlara qoşmaqla ediləcək. «Qafatasınıza yerləşdiriləcək bir çip və bir dəstə sim», - o deyib.

«Bunun mümkün olacağına inanıram. …Güman ki, on ilin söhbətidir», - Mask deyib.

«Özü də, yeri gəlmişkən, bunun qəribə forması artıq bir növ mövcuddur: telefonunuz, kompüteriniz, saatınız sizin rəqəmsal üçüncü qatınızı təşkil edir. Artıq bu hesablama cihazları idrakınızın üçüncü qatı sayılır», – deyə o əlavə edib.

«Tesla»nın pikapı artıq 2019-cu ildə çıxa bilər

Həftədə 120 saata qədər çalışan Maskın cədvəli son dərəcə gərgindir. Ancaq o, həm də yeni məhsullar haqda düşünür.

«Mən pikap maşını düzəltməyi çox istəyirəm… Ola bilsin ki, gələn il prototipi buraxaq», – deyə o, ötən ay Twitter-də yazıb.

Mask pikapın xüsusiyyətlərindən danışmayıb. Sadəcə, öz həyəcanını ifadə edib.

«Tesla» rəhbəri bu ultrafuturistik pikapın çoxlu müştərisinin olacağına əmindir.

XS
SM
MD
LG