Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

İllərlə davam edən mənzil şikayəti


Aksiya. 1 fevral 2019
Aksiya. 1 fevral 2019

«Birlik-İnşaat» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Xətai rayonunda tikdiyi binada mənzil alarkən aldandıqlarını deyən bir qrup vətəndaş fevralın 1-də Prezident Administrasiyası (PA) önündə aksiya keçiriblər. Onlar əllərində prezident İlham Əliyevin portretlərini tutublar.

Onların iddiasına görə, «Birlik-İnşaat» MMC 2005-ci ildə metronun «Həzi Aslanov» stansiyası yaxınlığında bina tikintisinə başlayıb.

Şikayətçilərin vurğulamasına görə, sonradan məlum olub ki, şirkət yüzlərlə şəxsi aldadıb.

«Əksəriyyəti özülü qoyulan zaman mənzil almışdı. Bina 2011-də tam istifadəyə verilib. Amma bir çoxumuz evə gələndə gördük ki, bir mənzil bir neçə adama satılıb», - deyə şikayətçilərdən bir qeyd edir.

Şikayətçilərin iddiasına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu işlə bağlı şikayətlərə baxıb. Onların deməsinə görə, məhkəmədə qeyd edilib ki, şikayətçilərin bir qisminə tikilmiş binada mənzil verilməlidir.

«Bir hissə Xırdalan şəhərində (Bakı ilə arası 10 kilometr) mənzillə təmin edilməli, qalanlarının isə (100-dən çox vətəndaş) pulu qaytarılmalı idi», - deyə şikayətçilərdən biri izah edib.

Ancaq vurğulamaqlarına görə, aradan illər keçsə də, onlara verilən vədlər yerinə yetirilməyib.

«Hələ də kirayələrdə yaşayırıq»

Prezident İlham Əliyevlə görüşmək istəyən şikayətçilər ya yeni mənzillə təmin edilmələrini, ya da pullarının qaytarılmasını tələb edirlər. Onların deməsinə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də onlara məsələnin həll ediləcəyini bildiriblər. Amma vurğulamalarına görə, bu gün, fevralın 1-də həmin idarədə onları qəbul edən olmadığından PA-nın qarşısına üz tutublar: «Biz daha bu məmurlara inanmırıq, neçə vaxtdır bizi aldadırlar, indi nəvələri evləndirmək vaxtımızdır, hələ də kirayələrdə yaşayırıq. Bizim son ümidimiz prezidentə və onun xanımı Mehriban Əliyevaya qalıb. Bizim həyatımız indi yaşamaq deyil, bu yaşda kirayələrdə sürünməkdir».

Şikayətçilərin deməsinə görə, sonradan Prezident Administrasiyasının qarşısına Baş Prokurorluqdan nümayəndə gələrək onları Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət ediblər.

«Dedi, gedək orda sizi qəbul edək, sizi aldadan adamları çağıraq məsələni həll edək. Amma onlarla razılaşmadıq», - başqa bir şikayətçi qeyd edib.

Onların deməsinə görə, sabah fevralın 2-də yenidən Prezident Administrasiyasının önünə toplaşmaq niyyətindədirlər.

Ancaq bu deyilənlərə, hələlik, nə «Birlik-İnşaat» MMC təmsilçilərindən, nə də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən münasibət almaq mümkün olub.

Xatırlatma

2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində «Birlik-İnşaat» MMC-nin rəhbəri Elman Tağıyevlə bağlı qərar verilib. Onun dələduzluq, vəzifə saxtakarlığı və başqa cinayətlərdə ittiham edilərək 15 ilə yaxın həbs cəzası aldığı bildirilir. Amma yerli saytların məlumatına görə, o, müəyyən öhdəlikdən sonra ev dustaqlığına buraxılıb və sonra da ölkəni tərk edib. Həmin işlə bağlı «Birlik-İnşaat» MMC-nin daha bir neçə məsul şəxsi də həbs edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG