Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:26

İlin ən yaxşı xarici filmləri Oskarın nəzərindən qaçır


Oskar
Oskar

Pawel Pawlikowski-nin onillikləri əhatə edən «Soyuq müharibə» (Cold War) filminin qəhrəmanı, gözəl, temperamentli müğənni Zula 1952-ci ildə kommunist Polşasından Parisə qaçmaqla vətəndə, Wiktor adlı pianoçu sevgilisinin yanında qalmaq arasında seçim etməlidir. «Mən orada nə edəcəyəm? Kim olacağam?», – deyə o, sevgilisindən soruşur. Onun üzləşdiyi bu seçim mədəni yerdəyişmənin kimliyə təsirini qabardır. Belə filmlərdə ilk baxışdan fon kimi çıxış edən siyasi amillər əslində ekrandakı canlı obrazları formalaşdıran inkaredilməz güclərdir.

Oskara namizəd göstərilən xaricidilli filmlər çox zaman aktual mövzulara toxunur. Ötən il qalib olmuş «Fantastik qadın» (A Fantastic Woman) Çili filmi transgender hüquqları haqda idi. Ancaq bu nominasiyaya neytral mövzulu filmlər də yol tapır. 2014-cü ilin qalibi «Möhtəşəm gözəllik» (The Great Beauty) filmi bir kişinin kimlik böhranına fellinisayağı baxışdır. 2017-ci ildə namizədlər arasında olmuş «Toni Erdmann» adlı alman filmi isə ata-qız münasibətlərinə məzəli baxışdır. Bu il «ən yaxşı xarici film» nominasiyasında namizəd göstərilmiş filmlər birlikdə günümüzün rənglərini, müharibə, ksenofobiya və izolyasionizmin güclənməsini əks etdirir. Ancaq bu filmlər özləri-özlüyündə verdikləri mesajdan ibarət deyil, daha zəngindir.

Mədəni yerdəyişmə

Pawlikowski «Soyuq müharibə» filmini öz valideynlərinin sevgi hekayəsi əsasında çəkib. Soyuq müharibənin sadəcə fon olduğu bu ağ-qara sevgi filmində hadisələr 1949 – 1964-cü illər arasında Polşadan Almaniya və Parisə köç edir, sonra isə geri qayıdır. Polşada incəsənət adamlarının təzyiqə məruz qalması Wiktor-u ölkədən qaçmağa məcbur edir. O, bir müddətlik sevgilisi Zula-dan ayrı düşməli olur. Parisdə o, fərqli insana çevrilir. Hiyləgərləşir və pozğunlaşır. Onların münasibətlərindəki bu dissonansın nə qədərinin öz şəxsi keyfiyyətləri ilə, nə qədərinin onların iradəsindən asılı olmayan ictimai amillərlə bağlı olduğunu anlamaq çox çətindir. Sevgi hekayəsi və onun başının üstünü almış qara bulud həmin dövrə aid olsa da, günümüz üçün də aktualdır. Bu gün terrorizmdən tutmuş küçə zorakılığınadək tamamilə fərqli hadisələr adi insanların həyatlarına ciddi təsir göstərə bilir.

Nadine Labaki
Nadine Labaki

Livanlı rejissor Nadine Labaki-nin «Capernaum» filmi də mədəni yerdəyişmədən söz açır. Filmin qəhrəmanı Zain yoxsul ailədən gözəl bir oğlan uşağıdır. Onun doğum şəhadətnaməsi, yaxud kimliyini təsdiqləyəcək hər hansı rəsmi sənədi yoxdur. Adamlar onun təxminən 12 yaşında olduğunu düşünür. Ancaq o, daha kiçik görünür və daha böyük yaşda insan kimi davranmağa məcbur olur. Onun küçələrdə keçirdiyi həyatı çox iti, dəlici rənglər və kəskin detallarla çəkilib göstərilir. Zain rolunu Zain Al Rafeea adlı peşəkar aktyor olmayan Suriya qaçqını oynayır. 11-yaşlı bacısı ərə veriləndən sonra Zain evdən qaçır. Efiopiyadan olan mühacir Rahil onu yanına götürür. Rahil-in özü qanuni sənədləri olmadan təmizlikçi işləyir. Rahil qəfildən saxlanılır. Bu zaman Zain onun azyaşlı oğluna baxmalı olur. Onun pulu yoxdur. Küçədə tanış olduğu suriyalı qız onu qaçqınlar üçün yemək bankına gətirir. Burada o özünü suriyalı kimi qələmə verir ki, özünə və balaca uşağa yemək əldə edə bilsin.

Film günümüzün evsizlik, valideynlərin uşaqlardan ayrı düşməsi, dünyada rahat bir yerin qalmaması kimi problemləri əks etdirsə də, Labaki sosial mesajları çox da qabartmır.

İctimai mesaj

Yapon film ustadı Hirokazu Kore-eda-nın «Dükan oğruları» (Shoplifters) filmində isə müvəqqəti evdə yaşayan müvəqqəti ailənin uşağından söz açılır. Shota adı oğlan uşağı atası, anası, xalası və nənəsi ilə yaşayır. Bu, birləşib xırda oğurluqla dolanan sahibsiz insanların ailəsidir. Onlar nəzarətsiz buraxılmış balaca qızı da ailəyə götürürlər. Shota öz yeni bacısını qətiyyətlə qoruyur. Zain öz bacısını və öhdəsində olan azyaşlının qoruduğu kimi. Kore-eda-nın qeyri-sentimental və mühakiməsiz tonu filmin təsir gücünü daha da artırır. Ata uşağa dükandan oğurluq etməyi öyrədir. Bu halda da film siyasi deyil, ancaq insanların həyatda qalmaq üçün düşdükləri vəziyyətin özü ictimai mesajdır.

«Başqalarının həyatı» (Das Leben der Anderen) filminin rejissoru Florian Henckel von Donnersmarck-ın iddialı «Heç vaxt kənara baxma» (Never Look Away) filmi nasizmin qara siyasi qüvvələrinin şəxsi həyatları və incəsənəti formalaşdırmasına, tarixin vurduğu yaraların bugünə qədər gəlib çıxmasına nəzər salır. Film rəssam Gerhard Richter-in həyatı əsasında çəkilsə də, bioqrafik deyil. Filmin əvvəlində baş qəhrəman Kurt 1930-cu illərdə balaca oğlandır. Sevimli xalası onu nasistlərin degenerat incəsənət sərgisinə gətirir. Bu sərgidə Kandinsky və Chagall kimi yenilikçi rəssamlar belə dekadans nümunələri kimi təqdim olunur.

Film ta 1960-cı illərin Qərbi Berlininədək Kurt-un həyatını və rəssam kimi inkişafını addım-addım izləyir. Nasistlər onun emosional sabit olmayan xalasını xain adlandırıb öldürürlər. İncəsənət məktəbində oxuyan gənc Kurt atası nasist keçmişini gizlətməyə çalışan həkim olan Ellie-yə vurulur. Film illər keçdikcə cəmiyyətin necə dəyişdiyini göstərir. Burada müharibədə bombalanan ölkəni də, orta sinfin müharibədən sonrakı rahat həyatını da, incəsənətin müxtəlif janrlarını da görmək olar. Müharibədən sonrakı Şərqi Almaniyada rəssamlara sırınan sosialist realizmini rədd edən Kurt və Ellie abstraksionizmdən fotorealizmədək istədikləri tərzdə orijinal əsərlər yarada biləcəkləri Qərbi Almaniyaya qaçırlar.

Qeyd edək ki, Von Donnersmarck-ın sevilən «Başqalarının həyatı» filmi 2007-ci ildə Oskar mükafatına layiq görülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG