Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

İlham İsmayıl : 'İndiki Azərbaycan İran və Rusiya üçün zəif həlqədir'


İlham İsmayıl 1 oktyabr 2009
İlham İsmayıl 1 oktyabr 2009

Azadlıq radiosunun müsahibi təhülkəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl-dır.

- İlham bəy, Azərbaycan pilotu Rəşad Atakişiyevin itkin düşməsindən bir neçə gün keçib.İyulun 24-də axşam uçuşlarını həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Miq-29 hərbi təyyarəsi qəfil radardan itib.Müdafiə Nazirliyi iyulun 25-də yaydığı açıqlamada təyyarənin Xəzər dənizinə düşdüyünü ehtimal edib. Axtarış məqsədi ilə Komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi prokuroluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb. Bu barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, Azərbaycan ordusunda köhnə Rusiya silahları var və bunların ən bahalısı təyyarədir. Yeni təyyarənin qiyməti 22 milyon dollardır, Azərbaycan tərəfinin təyyarəni neçəyə aldığını bilmirəm. Rəşad Atakişiyevin olduğu həmin təyyarələrin layihəsi hələ 1969-cu ildə olub, 1983-cü ildə istifadəyə verilib, Azərbaycanın nə vaxt aldığı mənə məlum deyil. Hər halda köhnə təyyarələrdir. Fakt olaraq, təyyarələrin, tankların və digər silahların köhnə olması haqqında informasiyalar zaman-zaman irəli sürülür, hətta bu məsələdə korrupsiya hallarının olması barədə araşdırma yazıları da mətbuatda dərc olunur. Mən son olayı təcrübəsizliklə əlaqələndirmirəm, çünki polkovnik-leytnant Rəşad Atakişiyev artıq təcrübəyə malikdir. Hər halda mən hadisəni texnikanın köhnə olmasıyla və köhnə silahların yararsızlığıyla əlaqələndirirəm. Başqa təftişlər aparılmalı və Azərbaycanın digər hərbi təyyarələr arsenalını yoxlamaq lazımdır.

- Son illərdə Azərbaycanın silah anbarlarında partlayışlar baş verir, bununla bağlı komissiyalar yaradılır, ancaq aparılan araşdırmaların nəticələri cəmiyyətə təqdim edilmir. Bu barədə nə deyə bilərsiniz?

- Tamamilə doğrudur. Bir neçə partlayış olub, ən böyük partlayış bir neçə il öncə Giləzidə oldu. Bu partlayışın təxribat nəticəsində olması ehtimal yüksəkdir və Rusiya amilinə daha çox üstünlük verirəm. Çünki həmin silahların hamısı Rusiyadan alınır, bu ölkə isə sanksiyalar səbəbindən iqtisadi böhran yaşayır. Ona görə də maksimum çalışır ki, müştəriləri daim onlardan milyardlarla dollarlıq silah alsın. Bu da səhlənkarlığın nəticəsidir ki, hərbçilərimiz ayıq-sayıq olmurlar. Bu cür hadisələr həmişə olmur, gözlənilmədən baş verir... Dövlət ayıq-sayıq olsa, çox təxribatlar üzə çıxa bilər, zəif yerlərimiz məlum olar və ordu hər hansı gözlənilməzliyə hazır olar... Mövcud vəziyyətin ən başlıca səbəbi korrupsiyadır.

- Danışdıqlarımızın əsasında sual yaranır, Azərbaycanın Rusiya və İranla münasibətlərini necə dəyərləndirirsiniz?

- Azərbaycanın yox, bu dövlətlərin Azərbaycanla münasibətlərini dəyərləndirmək lazımdır. Azərbaycan indiki siyasətilə Rusiya və İranı qane edir. O mənada ki, Bakının maraqlarından çox tam şəkildə Rusiya və İranın mənafeləri güdülür, ölkənin daxili idarəetməsi Tehran və Moskvanı qane edir. Bütün bunlar Azərbaycanın maraqlarının ön planda olmadığını göstərir. Hər dəfə də rəsmi məlumatlarda Rusiya və İranla çox yaxşı münasibətlərin olduğu qeyd edilir. Bu münasibətlərdə Azərbaycanın maraqlarının güdülməsi sual altındadır. Azərbaycanın maraqları heç də həmişə öndə olmur, daha çox Moskvanın, Tehranın mənafeləri ön plana çəkilir.

- Bəs sizcə Azərbaycan nə etməlidir?

- Dünyanın inkişaf istiqamətini və Azərbaycanın Avropa dövləti olduğunu nəzərə almalıyıq. Ermənistan və Gürcüstan Avropa İttifaqı ilə əməkdaşlıq sazişləri bağlayıb, Azərbaycan isə mayda bir qədər fərqli olsa da, belə bir sənəd imzalamalıydı, amma baş tutmadı. Sadəcə, Brüsselin şərtlərini qəbul etmədiyimizdən sənəd imzalanmadı. Əgər saziş imzalansaydı, təhlükəsizlik baxımdan Qərbə inteqrasiyaya doğru ilk addımı atılardı. İndiki vəziyyətdə Azərbaycan İran və Rusiya üçün zəif həlqədir, istənilən vaxt istənilən məsələləri diktə edirlər. Bilirsiniz, Avropa ilə məsələləri həll etmək üçün daxili idarəetmə sistemini dəyişmək lazımdır. Söhbət siyasi məhbuslar, şəffaflıq, Ümumdünya Ticarət Təşkilatı və digər məsələləri əhatə edir.

- Siz Avropa İttifaqı ilə sazişi əsas gətirdiniz, amma bir sıra ekspertlər Brüssellə sənəd imzalanandan sonra Ukrayna və Gürcüstanın yaşantılarını mənfi mənada misal çəkdilər. Deyilənlər arqument sayıla bilərmi?

- Xeyr, mən söylənilənləri bölüşmürəm, Rusiya faktorunu həmişə bayraq edirlər. Belə ki, biz Qarabağı azad edə bilərik, amma Rusiya qoymur. Hazırda Kreml Ermənistanın indiki rəhbərliyi ilə çox kəskin münasibətdədir. Amma Azərbaycan bu məsələdən yararlanmayıb. Rusiyanın vassalı sayılan Ermənistan Avropa İttifaqıyla müqavilə bağlaya bilir, biz imzalaya bilmirik?! Məsələ ondadır ki, Avropa İttifaqı Bakının şərtlərini qəbul etmir. Ümumiyyətlə, Rusiya faktorunu önə çəkmək bəhanədir. Gürcüstan da ərazilərini itirib, amma bütün dünya Tblisini bu məsələdə dəstəkləyir və deyir ki, ərazilər qaytarılmalıdır. Faktiki olaraq, Gürcüstan təhlükəsizliyini təmin edib, 2008-ci il avqust müharibəsində də Avropa İttifaqı Fransa prezidenti Sarkozinin simasında Tbilisidə oturdu və savaşı dayandırdı. Bizimlə bağlı oxşar situasiya yaransa, müharibəni dayandıran olmayacaq. Ona görə özünə arxa da tapmalısan. İranla Rusiyanın arasında həmişə sıxılmış, əzilmiş şəkildə dayanmaq siyasətinin heç bir perspektivi yoxdur.

- Azərbaycanın bir aylıq gələn Türkiyə vətəndaşlarına viza rejimini götürməsini Ankara-Bakı münasibətlərini daha da dərinləşdirə bilərmi?

- Çoxdandan olası məsələni məhz İranın ucbatından gecikdirmişdik. Çünki Tehran da viza rejiminin götürülməsini tələb edirdi. Azərbaycan siyasi iradəsini ortalğa qoya bilmirdi, nəhayət, məsələ həll olundu. Türkiyə də bizdən narazı qalsa, daha nə siyasət oldu, hara gedib çıxa bilərik, ona görə viza rejiminin ləğvi müsbətdir....

Xatırlatma

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Üstəlik, rəsmilər xarici siyasətdə balanslaşdırılmış siyasət aprdıqlarını deyirlər. Onların sözlərinə görə, Azərbaycan hökuməti həm regionda, həm də dnyada heç kimdən asılı olmayan müstəqil siyasət aparırlar.

Prezident İlham Əliyev də bu ilin yanvarında “... Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda demişdi ki, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır: “Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur”

XS
SM
MD
LG