Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

'İki milyonu yeyənlər azadlıqda gəzir…'


Pul
Pul

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılmış vəsaitlərdən 2.5 milyonluq yeyintiyə görə daha bir nəfər cəzalandırılıb. Mənimsəmə, vergidən yayınma, vəzifə saxtakarlığı, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə suçlanan İlahim Mehrəliyevə 11 il 6 ay həbs cəzası kəsilib.

Ancaq o, özünü qətiyyən təqsirli bilmir. Martın 4-də ona hökm oxunmamışdan öncə özü də, vəkili də onun günahsız olduğunu deyib.

Vəsaitlər kənd təsərrüfatının inkişafı məqsədilə müxtəlif layihələrə ayrılmaq üçün nəzərdə tutulub. Cinayət işinin materiallarında yazılıb ki, saxta şirkətlər qeydiyyatdan keçirilib və onların hesablarına pul köçürülüb. Sonra da həmin pullar çıxarılaraq mənimsənilib.

İddia olunur ki, layihəni maliyyələşdirmək adıyla hesabına pul köçürülən şirkətlərin bir qismi də İ.Mehrəliyevin adına qeydiyyatdan keçib. O da hesabına gələn pulun bir hissəsini özünə götürüb. Əsas məbləğ isə Aqrar Kredit və İnkişaf Agentliyində maliyyə menecerinin assistenti işləmiş Sevinc Zeynalovaya (yanvarda ona da 10 il 6 ay həbs cəzası kəsildi-red.), onlarla əlbir olmaqda suçlanan bank əməkdaşı Esmira Əliyevaya (onunla bağlı da cinayət təqibi davam edir) və başqalarına çatıb.

İttihama görə, məhz İ.Mehrəliyevin adına açılmış şirkətlər vasitəsilə mənimsənilən vəsait 867 min manat olub.

«867 min manatı görüb ki, mənimsəsin də?»

Vəkili isə deyir ki, İlahim nə S.Zeynalovanı tanıyıb, nə də onunla birlikdə mühakimə olunub 7 il cəza almış tanışı Emil Bağırovu: «O adamları gətirib bu işdə də şahid kimi dindirdiniz, məlum oldu ki, bu adamlar İlahim Mehrəliyevi tanımayıblar. Bir-birini tanımayan adamlar necə birlik yaradıb, talama ilə məşğul olublar? Mehrəliyev 867 min manatı görüb ki, mənimsəsin də? Sevinc Zeynalova da burada ifadəsində dedi ki, rəhbərlik ona necə göstəriş verib, o da elə hərəkət eləyib. Hesablardan çıxarılan pulları da gətirib baş mühasibə, rəhbərliyə verib. Kimlər ki 2 milyondan çox pulu mənimsəyib, azadlıqda gəzir, günahı olmayanları tutub basıblar bura...».

İ.Mehrəliyev də vəkilinin dediklərini təsdiqləyib. O, məhkəmədə ifadə verəndə deyib ki, heç ali təhsili də yoxdur, bu işlərdən də başı çıxmır.

Ancaq məhkəmə fərqli nəticəyə gəlib. Hökmə əsasən, İ.Mehrəliyev 2.5 milyonluq yeyintinin 867 min manatlıq hissəsinin mənimsənilməsində təqsirli bilinib. Amma iddia olunur ki, bu məbləğin də bir hissəsi ona çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə İ.Mehrəliyevə 11 il 6 ay həbs cəzası kəsilib. Əlavə cəza kimi, 3 il dövlət və özünü idarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilib.

Vergilər Nazirliyinin ona qarşı 235 min manat, Aqrar Kredit və İnkişaf Agentliyinin isə 86 min manatlıq mülki iddiaları təmin olunub. O, bu məbləğləri ödəməlidir.

Amma İ.Mehrəliyev deyir ki, nə bu işlərdən xəbəri olub, nə də ödəməyə pulu var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG