Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:54

İki il erməni əsirliyində olub, Prezident təqaüdünü ala bilmir


Manat
Manat

Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin sakini Aslan Məmmədov 19 yaşı olanda Qarabağ döyüşlərində əsir düşüb. O, iki ilə yaxın - 1993-cü ilin iyunundan 1995-ci ilin mayına qədər əsirlikdə olub. Deyir ki, əsirlikdə olarkən ciddi xəsarətlər alıb. Ona görə də elə azad edilən gün - mayın 12-də Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Dairəsinin Sərhəd Qoşunlarının 6 nömrəli hospitalına yerləşdirilib. Ona «Soltərəfli xroniki irinli epimezotimpanit, qranulyasiyalarla. Sağtərəfli irinli mezotimpanit kəskinləşmə mərhələsində» diaqnozu qoyulub.

10 ilin təqaüdünü istəyir

45-yaşlı A.Məmmədov deyir ki, ona çatası pensiyanı ala bilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyası ötən il aprelin 19-da ona «ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olması səbəbi ilə ikinci dərəcəli əlillik» təyin edib. Aprelin 30-dan da pensiya alır.

Ona həm də prezidentin 9 sentyabr 2008-ci il tarixli fərmanı əsasında təqaüd təyin edilib. Ancaq A.Məmmədov hesab edir ki, Prezident təqaüdü ona 2018-ci il aprelin 19-dan yox, fərman verildiyi gündən hesablanmalıdlr. Ona görə də ötən onillik təqaüdün hesablanıb, birdəfəlik ona ödənilməsini tələb edir. O, bundan ötrü Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə üz tutub, ancaq ona heç bir cavab gəlməyib. Ona görə məhkəməyə müraciət edib.

Prezidentin sözügedən fərmanı «ölkənin suverenliyi və bütövlüyü uğrunda döyüşlərdə, yaxud döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi»ni nəzərdə tutur.

A.Məmmədovun sözlərinə görə, o, əlilliyin səbəbi olan xəsarəti Qarabağ döyüşlərində alıb və prezidentin fərmanı ilk gündən ona da şamil olunmalıdır.

Ali Məhkəmənin qərarı

Dövlət Sosial Müdafiə Fondundan isə bildirilib ki, əslində A.Məmmədova 1995-ci ilin dekabrında - əsirlikdən azad ediləndən bir neçə ay sonra ümumi əsaslarla ikinci dərəcəli əlillik təyin edilib. Ötən il aprelin 19-da isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti onun ölkənin ərazi bütövlüyünün müdafiəsi zamanı ikinci dərəcəli əlilliyini müəyyən edib. Prezidentin fərmanına əsasən, «müharibə əlillərinə Prezident təqaüdü əlilliyin müəyyən olunduğu gündən təyin edilir. Aslan Məmmədova da həmin gündən - 19 aprel 2018-ci ildən ödənilir».

Şirvan İnzibati-İqtisadi Məhkəməsi A.Məmmədovun iddiasını təmin edib. 2008-ci ilin sentyabrından 2018-ci ilin aprelinə qədərki dövr üçün Prezident təqaüdünün hesablanıb ödənilməsinə qərar verilib.

Dövlət Sosial Müdafiə Fondu qərardan apellyasiya şikayəti versə də, təmin olunmayıb. Fond bu dəfə Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarını dəyişib. Belə nəticəyə gəlib ki, A.Məmmədova Prezident təqaüdü fərman verilən gündən yox, 2017-ci ilin avqustundan hesablanmalıdır. Çünki həmin gündən o, əlilliyinin səbəbini Qarabağ döyüşlərində xəsarət alması ilə əlaqələndirməyə başlayıb.

Ali Məhkəmə qərar çıxarıb ki, A.Məmmədova 2017-ci ilin avqustundan 2018-ci ilin aprelinə qədər olan dövr üzrə Prezident təqaüdü hesablanıb, birdəfəlik ödənilsin.

A.Məmmədov Ali Məhkəmənin qərarından narazı qalsa da, bu, ölkə daxilində sonuncu məhkəmə instansiyası sayılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG