Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:08

İcra hakimiyyətinin tenderlərinin qalibinin borca görə əmlakı satılır


Manat
Manat

Uzun illərdir Salyan rayonunda icra hakimiyyətinin elan etdiyi tenderlərin qalibi olan şirkətin özünün əmlakı borca görə satışa çıxarılıb. Söhbət "Muğan Nemətləri" MMC-nin vergi borcuna görə çıxarılmış məhkəmə qərarından gedir.

Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergi İdarəsi məhkəmədə qaldırdığı iddia ərizəsində göstərib ki, "Muğan Nemətləri"nin təkcə Dövlət Sosial Müdafiə Fonduna 9 min 488 manat borcu var. Şirkətin bundan əlavə vergi borcu da var.

Vergi idarəsinin iddiasına görə, son altı ayda dəfələrlə şirkətə xəbərdarlıq məktubu göndərilib, borcların ödənilməsi tələb olunub. Bu xəbərdarlıqlar nəticə verməyib. Ona görə də gedib şirkətin əmlakını siyahıya alıb, qiymətləndiriblər. Hərraca çıxarılıb satılması tələb olunan əmlak cəmi 17 min 400 manat dəyərləndirilib. Bunların arasında şirkətin ofisindəki stol-stul dəsti, kreslo, seyf və başqa əşyalar var.

Şirkətin əmlakı açıq hərraca çıxarılıb satılacaq

Şirvan Kommersiya Məhkəməsi iyulun 4-də bu işə baxıb. Amma məhkəmədə şirkətin təmsilçisi iştirak etməyib. Qərarda da yazılıb ki, məhkəmə haqda onlara xəbər verilmişdi, heç bir səbəb göstərmədən gəlməyiblər.

Məhkəmə vergilər idarəsinin iddiasını təmin edib. Şirkətin siyahıya alınmış əmlakının açıq hərraca çıxarılıb satılması, əldə olunan vəsaitin vergi borcunun ödənilməsinə yönəlməsinə qərar verilib.

Araşdırmalar zamanı məlum olub ki, "Muğan Nemətləri" şirkəti təkcə bir il ərzində Salyanda yeddi-səkkiz tenderin qalibi olub. Bu tenderlərin ümumi dəyəri yarım milyon manatdan çox olub.


Məsələn, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına ərzaq məhsullarının satın alınması üçün 192 min 497 manat. Salyan Rayon Mərkəzi Xəstəxanasının ərzaq məhsullarıyla təmin edilməsi üçün 117 min 198 manat. Salyan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin ərzaq təminatı üçün 159 min 829 manat. Salyan Rayon İcra Hakimiyyətinin Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə ərzaq alınması – 11 min 354 manat.

Salyanın Kür Qaraqaşlı, Kərimbəyli, Çuxanlı və başqa kəndlərinin inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin ərzaqla təmin olunması üçün keçirilən tenderlərin qalibi də bu şirkət olub.

XS
SM
MD
LG