Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:44

'İcra hakimiyyəti 17 ildir tikdiyim binanın pulunu vermir'


Tikinti. Foto arxiv
Tikinti. Foto arxiv

«Araz» MMC-nin direktoru Rafiq Tağıyev deyir ki, 17 ildir Yardımlı rayon İcra Hakimiyyətindən pulunu ala bilmir.

Məhkəmədə iddia qaldırıb

Direktor iddia edir ki, 2003-cü ildə icra hakimiyyətinin sifarişiylə tikdirdiyi binanın pulunu 17 ildir ala bilmir. Ona görə də, məhkəmədə icra hakimiyyətinə qarşı 305 min manatlıq iddia qaldırıb. Bu məbləğin 155 mini maddi, 150 mini isə mənəvi ziyana görə tələb olunur.

Smeta dəyəri-155 min 912 manat

R.Tağıyevin rəhbərlik etdiyi «Araz» MMC 2003-cü il iyunun 17-də yaradılıb, qeydiyyatdan keçib. Cəmi 11 gün sonra – iyunun 28-də Yardımlının icra başçısının Astanlı kənd ərazi nümayəndəliyi ilə «Araz» MMC arasında müqavilə imzalanıb. Müqavilə öhdəlikləri də belə olub ki, «Araz» MMC nümayəndəlik üçün inzibati idarə binası tikəcək. Binanın smeta dəyəri 155 min 912 manat hesablanıb. Qarşı tərəf də bu məbləği şirkətə ödəyəcək.

«Büdcədə pul yoxdur, gözləyin»

R.Tağıyevin dediyinə görə, «Araz» MMC 2004-cü il oktyabrın 1-də binanı Yardımlı rayon İcra Hakimiyyətinə təhvil verib. Ancaq icra hakimiyyəti pulu şirkətin hesabına köçürməyib: «Bu məsələ ilə əlaqədar icra hakimiyyətinə müraciət edəndə deyirdilər ki, büdcədə hələ pul yoxdur, gözləyək. «Araz» MMC ilə Astanlı ərazi icra nümayəndəliyi, Astanlı bələdiyyəsi, Astanlı həkim ambulatoriyası, Astanlı kənd klubu və Astanlı poçt şöbəsi arasında da müqavilə vardı. Orada yazılmışdı ki, bu qurumlar 1 il haqqı ödənilmədən binada yerləşib, orada fəaliyyət göstərə bilərlər. Bu günə qədər də icarə haqqı ödəmədən o binadadırlar».

Şirkətin direktoru məhkəməyə iddiasında icra hakimiyyətiylə yanaşı, adları çəkilən qurumları da cavabdeh kimi qoyub.

Maliyyə Nazirliyinə şikayət və cavab

R.Tağıyev tikdiyi binanın pulunun ödənilməməsi ilə əlaqədar 2016-cı ildə Maliyyə Nazirliyinə də şikayət edib. Ona cavabında deyilib ki, qanuna görə, büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı öncədən dövlət (büdcə) öhdəlikləri götürür. Sözügedən obyekt üzrə isə müqavilə öhdəliyi olmadığına görə ona müsbət cavab verə bilməzlər.

«İddia tələbi qanunsuzdur»

Yardımlı rayon Astanlı Ərazi İcra Nümayəndəliyi də məhkəməyə ərizə verib. Ərizədə yazılıb ki, R.Tağıyevin 305 min manatlıq iddia tələbi qanunsuzdur, əsassızdır. Həm də ona görə ki, R.Tağıyev bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırmaqdan ötrü qanunda nəzərdə tutulan 3 illik müddəti ötürüb.

6 icra başçısına üz tutub: «Get, məhkəməyə ver!»

R.Tağıyev isə deyir ki, 2004-cü ildən bu yana Yardımlı rayonunda işləmiş 6 icra başçısının hər birinə bu problemlə bağlı üz tutub.

«Hazırkı icra başçısı Ayaz Əsgərov mənə dedi ki, «get, məhkəməyə ver». Bundan sonra məhkəmədə iddia qaldırdım», - «Araz» MMC-nin direktorunun sözləridir.

«Müqavilə qanunsuz olub»

Amma icra başçısı A.Əsgərov məhkəməyə ərizə göndərib. Yazıb ki, iddiaya baxılmasına etiraz edir. Çünki məhkəmədə iddia qaldırma müddəti ötüb.

İcra hakimiyyətindən onu da bildiriblər ki, 2003-cü ildə «Araz» MMC ilə bağlanmış müqavilə qanunsuz olub. Çünki icra başçısının rəsmi göstərişi olmadan bağlanıb.

İddia təmin olunmayıb

Şirvan İnzibati-İqtisadi Məhkəməsi «Araz» MMC-nin Yardımlı rayon İcra Hakimiyyətinə qarşı iddiasını təmin etməyib. Şirkətin direktoru apellyasiya şikayəti versə də, xeyri olmayıb. Şirvan Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG