Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 23:51

İcra başçısı qalmaqalına görə həbs olunan hakimin buraxıldığı bildirilir


H.Əliyev
H.Əliyev

2000-2007-ci illərdə Binəqədi Rayon Məhkəməsinin sədri, ardınca daha 7 il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işlədikdən sonra həbs olunan Həsən Əliyev azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosunun əldə etdiyi məlumatda bildirilir ki, 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan sabiq hakim cəzasının 3/4 hissəsini çəkdiyinə görə Xəzər Rayon Məhkəməsinin qərarıyla şərti cəzayla vaxtından əvvəl azadlığa buraxılıb.

H.Əliyev 2015-ci ilin aprelində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilib. Onun cəzası 2022-ci ildə başa çatacaqdı.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, məhkumların yerdəyişməsi və buna bənzər informasiyalar ictimaiyyətə, mediaya açıqlanmır.

H.Əliyev Ramazan Səlimov adlı şəxsi icra başçısı təyin etdirmək adıyla ondan 600 min manat pul alıb aldatmaqda təqsirli bilinib. İttihama görə, R.Səlimovdan öncə 1 milyon dollar (o dövrün məzənnəsi ilə 800 min manat) istənilib. Pulun böyük hissəsi əvvəlcədən verilib - 2011 və 2012-ci illərdə hər dəfə 300 min manat olmaqla, ümumilikdə 600 min manat. 200 min manat da sərəncam imzalanandan sonra verilməliymiş.

R.Səlimov ifadəsində bildirib ki, hakim ondan 300 min manat əlyazma qəbzlə, 300 min manat da notariat qaydada alıb: "İcra başçısı söhbəti alınmayınca, mənə Qubanın torpaq və xəritəçəkmə şöbəsinə rəis vəzifəsi təklif olundu. Bu da alınmadı. Hakim Həsən Əliyevdən pulu geri istəməyə başlayanda pulun əvəzinə mənzil və maşın təklif etdi. Razılaşmadım. Bir müddət arxasına düşdüm, işlədiyi məhkəmənin qarşısında qaldım. Anladım ki, hakim hər dəfə bir bəhanə ilə məni süründürüb pulumu qaytarmayacaq. Polisə şikayət etdim".

Polisə şikayətdən sonra H.Əliyev R.Səlimova 250 min manat qaytarıb.

H.Əliyev özünü təqsirli bilmir, R.Səlimovun ona böhtan atdığını deyirdi. Onun sözlərinə görə, 300 min manat notarial qaydada ona borc olaraq verilib, aralarında da borc müqaviləsi imzalanıb. Həmin məbləğ də qaytarılıb.

R.Səlimov Rabitə Nazirliyinin Təftiş i̇darəsinin rəisi olub. O, 2005-ci ildə dələduzluğa görə məhkum edilib.

XS
SM
MD
LG