Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 20:52

İcbari tibbi sığortadan istifadə edənlərin sayı açıqlanıb


'Yalan söhbətdi, bütün analizlərə pul aldılar ' - Bakıda icbari tibbi sığorta
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

'Yalan söhbətdi, bütün analizlərə pul aldılar ' - Bakıda icbari tibbi sığorta

İcbari tibbi sığorta haqqı nə qədərdir?

Bu il yanvarın 1-dən bütün ölkə ərazisində icbari tibbi sığorta haqqının toplanmasına başlanıb. Həmin ödənişin məbləği dövlət və neft sektorunda çalışanlara əməkhaqqının 8 min manatadək hissəsindən 2%, 8 min manatı aşan hissəsindən 0.5% miqdarında müəyyənləşdirilib. Özəl sektorda çalışanlara isə bu ödənişin məbləği əməkhaqqının 8 min manatadək hissəsindən 1%, 8 min manatdan yuxarı hissəsindən 0.5% miqdarında müəyyən edilib. Bu 50 faizlik güzəşt, sadəcə, 2021-ci ili əhatə edir. Növbəti ildən özəl sektorda çalışanlar da maaşlarının 2 faizi miqdarında icbari tibbi sığorta ödənişi edəcəklər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara bu ödənişin miqdarı minimum əməkhaqqının 4 faizi həddində müəyyən olunub, yəni, 10 manat.

Nə qədər insan icbari tibbi sığortadan yararlanıb?

Sığorta haqlarının toplanılmasına ilin əvvəlindən başlanılsa da, bütün ölkə ərazisində icbari tibbi sığortadan yararlanmaq üç ay sonra, aprelin birindən mümkün oldu. Apreldən bəri ölkə əhalisinin, rəsmi olaraq, təxminən üçdə birinin yaşadığı Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda da icbari tibbi sığortanın tətbiqi bu xidmətdən yararlananların sayında ciddi artım doğurub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əgər mart ayında ölkə üzrə 337 min 807 nəfərə xidmət göstərmişdisə, apreldə bu say 557 min 152 nəfərə yüksəlib. Həmin agentliyin məlumatlarından aydın olur ki, müraciətlərin 29; göstərilən tibb xidmətlərininsə 26 faizi Abşeron yarımadasının payına düşür.

Paytaxt Bakıda icbari tibbi sığorta çərçivəsində ən çox xidmət göstərmiş xəstəxana Respublika Klinik Xəstəxanasıdır. Bu xəstəxana ayboyu 67 min 332 tibb xidməti gerçəkləşdirib. Növbəti iki yeri Kliniki Tibbi Mərkəz (61 min 104) və 5 nömrəli Şəhər Klinik Xəstəxanası (50 min 949) tutur. Ölkə üzrə ən çox xidmət göstərmiş tibb müəssisəsi isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası olub. Aprel ayı ərzində icbari tibbi sığorta çərçivəsində bu xəstəxanada 154 mindən çox tibbi xidmət göstərilib. İlk üçlükdəki digər iki xəstəxana isə Gəncə Birləşmiş Şəhər Xəstəxanası (127 min 124) və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasıdır (75 min 845).

Ölkə üzrə əhalinin hər min nəfərindən tibb ocaqlarına müraciət saylarına baxdıqda ilk üçlükdə Mingəçevir şəhəri (528), Şirvan şəhəri (246) və Yevlax rayonu (204) qərarlaşıb. İlk onluqda qərarlaşan digər bölgələr Gəncə şəhəri (194), Ağdaş (192), Qəbələ (187), Zaqatala (186), Göygöl (186), Göyçay (171) və Xaçmaz rayonlarıdır (170).

Ən çox hansı xəstəliklərlə bağlı müraciət olunub?

Tibb müəssisələrinə müraciətlər ən çox tibbi müayinəylə (hərbi xidmətə çağrılanların müayinəsi daxil) bağlı olub. Qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, gözün və onun əlavə aparatının xəstəlikləri ilə bağlı müraciətlər vətəndaşları ən çox narahat edən ilk on xəstəliklər arasındadır.

İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil tibb xidmətlərindən yararlanmaq üçün (səhhətində yaranan narahatlıqla bağlı təcili və ertələnməz tibbi yardım istisna olmaqla), ilk növbədə, ailə həkiminə müraciət edilməlidir. Bundan ötrü vətəndaşlar ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək ailə həkimini seçməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göstəriş verir. Sonuncu açıqlanan rəqəmlərə görə, poliklinikalarda bir sahə həkiminə 800 uşaq təhkim olunub. 18 yaşdan yuxarı şəxslərə gəlincə, bu göstərici bir həkimə 1 min 800 nəfərə çatır. Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə 2 min 550 adda tibbi xidmət daxildir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG