Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Nazirlik: 'İcazələrin verilməsi davam edir'


İqtisadiyyat Nazirliyi
İqtisadiyyat Nazirliyi

İqtisadiyyat Nazirliyi bildirir ki, fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir.

Nazirlik yanında Dövlət Vergi Xidmətinə daxil olan müraciətlərin araşdırıldığı və vergi ödəyicilərinin icaze.e-gov.az portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumatın dərhal "ASAN xidmət"ə göndərildiyi deyilir.

Bildirilir ki, əvvəllər icazəsi olmuş, sonradan isə icazələri məhdudlaşdırılmış bir sıra hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların fəaliyyət istiqamətləri və təsnifat kodları yenidən dəqiqləşdirilib, uçot baza məlumatları yenidən işlənib, limit çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib.

Bundan başqa, nazirlik qeyd edir ki, sistemin aktiv fəaliyyətinin təmin olunması üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır.

R.Ağayev
R.Ağayev

İcazə ala bilməyənlər də var

Bununla belə icazə ala bilməyənlər də var. İqtisadçı, iş icazəsi üçün müraciət zamanı problemlə üzləşən Rövşən Ağayev də bu sıradadır.


O, sosial mediada yazır ki, edilən şikayətlərdən, elektron kargüzarlığa müraciətlərdən sonra fəaliyyətinə icazə verilən kodların tam siyahısını yayaraq "kimin kodu bu siyahıda varsa, qeydiyyatdan keçə bilər", - deyə bildirilib: "Əvvəllər elektron icazə sistemində iki düymə vardı və ondan birini seçməli idin: "təsisçi", ya da "əmək müqaviləsi". İndi isə "təsisçi" düyməsini ləğv ediblər. Halbuki, işçisi olmayan fərdi sahibkar təbii ki, özü-özüylə əmək müqaviləsi bağlayası deyil, o, heç muzdlu işçi də deyil, sahibkar (işəgötürən) statusundadır. Hətta "əmək müqaviləsi" düyməsini seçsə belə, sistem onu qəbul etməyəcək. Əmək müqavilələrinin elektron bazasında adın yoxdursa, imtina gələcək”.

R.Ağayev hesab edir ki, fərdi sahibkarlar onlara dəyən maddi-mənəvi ziyanın kompensasiyasını tələb etməlidirlər.

Hüquqşünas Səməd Rəhimli də iki gündür iş icazəsi ala bilmədiyini, onun kimi minlərlə insanın da eyni problemi yaşadığını bildirir.

S.Rəhimli
S.Rəhimli

"İyulun 5-də müraciət edib icazəni iyulun 20-nə kimi uzatdım. Lakin sonra bütün icazələr deaktiv edildi. Səlahiyyətlər də Vergi Xidmətinə verildi. İndi də Vergi Xidməti deyir ki, qərarda vəkillik fəaliyyəti yazılıb, ona görə 69100 koduna icazə vermirəm. İki günlük zənglərdən sonra bugün danışdım. Xeyri olmadı. Eyni şeyi deyirlər.


Vergi Xidməti Nazirlər Kabinetinin rəsmi izahına baxmayaraq, qərarı icra etmir və formalizm edir. Elektron sistemdəki hansısa texniki məsələyə görə peşəmi icra etməyə məhdudiyyət qoyulur. İndi bunun adını nə qoyaq?!", - hüquqşünas sual edir.

İyulun 5-də hüquqi və fiziki şəxslərə xüsusi karantin dövründə verilən icazələr ləğv olunmuşdu. Bəziləri bundan xəbərsiz işə gedərkən cərimələnmişdi, bəzi iş yerlərində problemlər yaranmışdı, bu da narazılığa səbəb olmuşdu.

İqtisadiyyat Nazirliyi isə bunun səbəbini belə izah etmişdi: "İcazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşların infeksiyaya yoluxma riskinin azaldılması üçün "ASAN xidmət" iyulun 5-dən etibarən icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə işə çıxarılması tələblərinə əsaslanaraq bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsini ləğv edib".

Mütəxəssislərsə bunu hökumətin işi düzgün qura bilməməsi ilə izah edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG