Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:56

Ekspert neftin qiymətinin kəskin düşəcəyini gözləmir


İ.Şaban

Son günlər dünya bazarlarında neftin qiymətlərində düşmə müşahidə olunur. Hərçənd, bu gün, avqustun 8-də səhər «Brent» markalı neftdə müəyyən artım baş verib. Amma «Azeri LT CIF» markalı xam neftin qiymətində düşüş davam edib. Hazırda Azərbaycan neftinin bir barelinin dəyəri 57 dollar civarında dəyişir.

Keçmiş maliyyə naziri Fikrət Yusifov deyib ki, ABŞ ilə Çin arasında aylarla davam edən ticarət müharibəsi özünün yeni mərhələsinə qədəm qoyub. O, qiymətlərin düşməsinin hələ bir müddət davam edəcəyini istisna etməyib. Keçmiş nazirin fikrincə, neftin qiymətlərinin kəskin azalacağı təqdirdə, büdcəyə yenidən baxmaq zərurəti yarana bilər. Azərbaycanın 2019-cu il dövlət büdcəsində neftin bir bareli 60 dollar götürülüb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirir ki, ilin axırına kimi dünya bazarlarında neft qiymətlərinin kəskin düşməsini gözləmir. Onun sözlərinə görə, neftin qiymətlərinin düşməsi çox qısamüddətli, yəni bir həftəlik də ola bilər. O, belə olan halda, dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac görmür: «Bu ildə büdcədə neftin bir bareli üçün 60 dollar götürülüb. İlin 7 ayı geridə qalıb. Bu müddət ərzində «Brent» markalı neftin bir bareli 65 dollar olub. Azərbaycan neftinin orta qiyməti isə 66 dollar olub. Bu büdcədə müəyyən olunmuş qiymətdən 10 faiz artıqdır».

«Neftin orta ixrac qiyməti 50 dollara düşsə…»

Ekspert vurğulayıb ki, ilin sonuna 4 ay qalıb: «Neftin orta qiymətinin 60 dollardan aşağı düşməsi üçün qarşıdakı həmin dövr ərzində neftin qiyməti 55 dollar olmalıdır. Onda neftin orta qiyməti 58 dollar olacaq. Bundan ötrü büdcəni dəyişmək dəyməz. Azərbaycan hökuməti çevik hərəkət edir və büdcənin icrasında vəsaiti həmişə qənaətlə xərcləyir. Ona görə də büdcənin yenidən baxılmasına lüzum görmürəm».

İ.Şaban əlavə edib ki, neftin orta ixrac qiyməti 50 dollara düşsə, bu, Azərbaycan iqtisadiyyatı üçün «narahatedici» hədd sayıla bilər: «Biz bunu 2016-cı ildə gördük. Ölkədə tikinti dayandı, manat ucuzlaşdı, hər şey qənaət rejiminə keçdi. O vaxt neftin orta ixrac qiyməti 42 dollar olmuşdu».

Günün bütün mövzuları

XS
SM
MD
LG