Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 08:44

'İşsizliyə görə yardım alanların siyahısı dərc edilsin'-təklif


Pulsuz çörək verən dükançı: 'Elə gün olur 20 nəfər gəlir'
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

Pulsuz çörək verən dükançı: 'Elə gün olur 20 nəfər gəlir'

Ölkədə işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərə 190 manat yardım verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildiyinə görə, aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. "Artıq 350 min şəxs üçün birdəfəlik ödəniş edilib. Bunun üçün ümumilikdə 66.5 milyon manat vəsait ödənilib".

Bəs, görəsən, bu prosesdə şəffaflıq qorunurmu və yardım alan şəxslərin siyahısı dərc edilə bilərmi? Hər halda, indi bəzi ekspertlər bu təkliflə çıxış edirlər.

İqtisadçı Qalib Toğrul AzadlıqRadiosuna deyib ki, işsizliyə görə 190 manat müavinətin ödənişində pay torpağı, "dondurulmuş" VÖEN və ləğv olunmamış əmək müqaviləsinin olması kimi məsələlər problem yaradır. Onun deməsinə görə, bunlar sırf qanunvericilikdən irəli gəlir. İqtisadçının fikrincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) istəsə də, onu dəyişə bilməz:

"Yardım alanların siyahısını öz səhifəsində yerləşdirə bilər"

"Bu, sadəcə, məşğul və işsiz əhalini bir-birindən ayıra bilmək üçün qanunvericiliyin tələbidir. Baxmayaraq ki, əhalinin ən çox narazılıq etdiyi məsələlər də elə bunlardır. Amma müəyyən məsələlər var ki, nazirlik onu edə bilər. Yardım alanların siyahısını öz səhifəsində yerləşdirə bilər. Beləliklə də bu söz-söhbətlərə nöqtə qoyar".

Q.Toğrul
Q.Toğrul

Q.Toğrul deyib ki, ailədə bir nəfər dövlətdən əməkhaqqı, ünvanlı sosial yardım, pensiya alırsa, digər ailə üzvlərinə yardımın verilməyəcəyi ilə bağlı normanı isə Nazirlər Kabineti müəyyən edib.

Ekspertə görə, burada yoxsulluq və işsizlik məsələləri ayrılmalıdır: "Əgər bu, yoxsullara verilən yardımdırsa, bütün ailəyə şamil edilir, çünki yoxsulluq ailəyə aiddir. İşsizlərə verilən yardımdırsa, onda ailədə kimin nə almasından asılı olmadan verilməlidir, çünki işsizlik konkret şəxsə aiddir".

Onun sözlərinə görə, yardım almaq üçün müraciət edən işsizlərin sayı rəsmi statistikada işsiz kimi qeyd edilən rəqəmdən dəfələrlə çox olub.

Q.Toğrul deyib ki, bu məsələdə daha bir problem lazım gələndə əmək müqaviləsinin ləğv olunmaması məsələsidir: "Bununla tez-tez rastlaşırıq. İşçi işdən çıxır, başqa işə girmək istəyir, amma sistemə sala bilmirlər, çünki adına əmək müqaviləsi var. Ən maraqlısı isə budur ki, əmək müqaviləsinin qanunvericiliklə ləğv olunması proseduru yoxdur".

"Şəffaflıq həmişə lazımdır"

Bu fikirlərə, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət almaq mümkün olmayıb.

R.Nurullayev
R.Nurullayev

Amma deputat Razi Nurullayev "Turan" agentliyinə deyib ki, şəffaflıq həmişə lazımdır: "Əgər bu mümkündürsə, niyə də olmasın? Niyə müxtəlif fikirlər səsləndirilsin, iddialar ortaya atılsın və ya qaranlıq məqamlardan danışılsın? Təbii ki, buna imkan varsa, olmalıdır".

"Meyarlar sadələşdirilir"

Deputatın sözlərinə görə, işsizliklə bağlı 190 manat ödəniş üçün meyarlar kifayət qədər sadələşdirilib, bu məsələ artıq həllini tapmağa doğru gedir.

R.Nurullayevin qeyd etməsinə görə, hətta insanların adına pay torpağı, digər əmlak varsa, onların da problemlərinin həll olunması üçün meyarlar hazırlanır: "Belə görünür ki, bütün ehtiyaclı insanlar dövlətdən müəyyən yardım ala biləcəklər. Cəmiyyət də bunda haqlı olaraq israr etdi. Çünki evdə qalırsa, tələbatı ödənilməlidir, təkcə "evdə qal" deməklə evdə qalmaq olmur. Ona görə də, dövlət müəyyən addımlar atır, ümid edək ki, heç bir kəs narazı qalmayacaq və hər kəs haqq etdiyi vəsaiti ala biləcək".

Prezidentin sərəncamı...

Prezident İlham Əliyev bu il martın 19-da koronavirusun ölkə iqtisadiyyatına, biznes və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədilə sərəncam verib. Həmin sərəncamın icrası ilə bağlı ilkin olaraq 1 milyard manat ayrılıb. Sənədə əsasən, ilkin mərhələdə işsiz kimi qeydiyyatda olan 200 min insana da 190 manatlıq yardım verilməsi nəzərdə tutulurdu.

İşsiz qalan Vəcimə deyirlər ki, sənə yardım düşmür, dövlətdən inək almısan...
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00


Amma Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə görə, bir ailədə ər və arvad da işləmirsə, onlardan yalnız biri bu yardımı ala bilər. Habelə, pay torpaqlarına görə subsidiya almış şəxslərə də bu yardımın edilməyəcəyi qeyd edildi. Üstəlik, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara da birdəfəlik ödəmənin verilməyəcəyi bildirilib. Eyni zamanda, VÖEN-i olan şəxslər də bu yardımdan kənarda qalıb. Ötən həftə isə prezident göstəriş verib ki, həmin 190 manatı alan şəxslərin sayı 600 minə çatdırılmalıdır.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya elan edib. Artıq dünyada bu virusa yoluxanlardan 191 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə 1548 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyənləşib, onlardan 20 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra eyni qaydalarla mayın 4-nə kimi uzadılıb.

XS
SM
MD
LG