Penitensiar Xidmətin katibliyində çalışmış, gizir Gülnarə Məmmədova özü indi məhkəmə önündədir. O, ədliyyə sisteminə işə düzəltmək adıyla pul alıb aldatmaqda suçlanır. Bu işdə Müdafiə sənayesi naziri Mədət Quliyevin də adı hallanır. Cinayət işində bəhs olunan hadisələr vaxtı o, Penitensiar Xidmətə rəhbərlik edirdi.
G.Məmmədova keçmiş həyat yoldaşı Rövşən Əliyevlə birlikdə mühakimə olunur. Onlar ev dustaqlığındadırlar. Cinayət işinin materiallarında iddia olunur ki, onlar Rövşənin tanışı, Penitensiar Xidmətdə işə düzəlmək istəyən Fuad Quliyevi və başqalarını aldadıblar. Onlara CM-in 178-ci (dələduzluq) maddəsiylə yanaşı, 34.312-ci (rüşvət verməyə təhrik) maddəsiylə də ittiham verilib. Aldadıldığı iddia olunan şəxslər də rüşvət verməsi əsasıyla bu işdə zərərçəkən yox, şahid kimi tanınıb.
«Bilirlər ki, Rövşənin pulu yoxdur»
G.Məmmədova və R.Əliyevin heç biri özünü təqsirli bilmir. Deyirlər ki, vaxtilə yol qəzasına görə borc alınmış pulu indi işə düzəltməkdən ötrü verilmiş kimi təqdim edib, onları pis vəziyyətdə qoymağa çalışırlar.
«İfadələrində pulu Rövşənə verdiklərini deyirlər. Amma şikayətlərində yazırlar ki, bu işin mənim gördüyümü düşünürlər. Bu nə deməkdir? Şikayətlər 2016-cı ilin dekabrında başlayıb. Zərərçəkmişlər nazirin də qəbuluna gedib. Mən Rövşənə zəng eləyib dedim ki, «səni axtarırlar, pul istəyirlər». Rövşən də dedi ki, qəza törədəndə onlardan borca pul alıb», - G.Məmmədova belə deyir.
Onun sözlərinə görə, keçmiş həyat yoldaşıyla tanışı Fuadın münasibətləri korlanandan sonra onlara qarşı qərəzli olub. Ona görə də pulu borc yox, işə düzəlmək üçün verdiyini deyir: «Həm də bilirlər ki, Rövşənin pulu yoxdur, məndən ala bilərlər. Ona görə mənim adımı çəkirlər».
R.Əliyev də qəzaya düşdüyü üçün dost-tanışdan, o cümlədən F.Quliyevdən borc aldığını deyir. Prokuror ondan qəza ilə bağlı sübutlar istəsə də, bildirib ki, hazırda əlində bunu təsdiqləyən sənəd yoxdur.
«Əvvəlcə 20-25 min lazım olduğunu dedi»
Amma F.Quliyev pulu məhz Penitensiar Xidmətdə işə düzəlməkdən ötrü verdiyini məhkəmədə də təkrarlayıb. Danışır ki, öncə Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəyirdi. Rövşən və Gülnarənin də bundan xəbəri vardı və onlar təklif ediblər ki, bəlkə ədliyyə sistemində işə girsin: «Dedim ki, əgər bu iş alınmasa, fikirləşərik. Rövşən və Gülnarə xanım rayona bizə toya da gəlmişdi. Orada da bu söhbətlər oldu. Sonra Rövşən mənə zəng elədi, dedi ki, Gülnarə xanım danışmaq istəyir. Bildirdi ki, işə düzəlməyim üçün imkan var. Əvvəlcə 20-25 min lazım olduğunu dedi. Bu qədərə imkanım çatmayacağını söylədim. Bir müddət sonra zəng eləyib, 6 min manata həll olunacağını dedi. Yarısını da təcili istədi...».
F.Quliyevin sözlərinə görə, G.Məmmədova bu məsələni M.Quliyevin vasitəsilə həll edəcəyini deyirmiş. O, inanıb pul verməsini isə belə izah edib: «O zaman rəis Mədət Quliyev idi. Dedi ki, Mədət Quliyev kömək edəcək. Onunla birbaşa əlaqəsi var. Bir dəfə də Penitensiar Xidmətdə işləyəndə Gülnarə xanımın yanına getmişəm. Formada idi. Gördüm ki, həqiqətən orada işləyir. Həm buna görə, həm də tanışlıq vardı deyə, inandım...».
G.Məmmədova və R.Əliyevin ittiham olunduğu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.