Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:31

Hüseyn Abdullayevə yeni ittihamlar - dələduzluq, hədə-qorxuyla tələbetmə...


Hüseyn Abdullayev
Hüseyn Abdullayev

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən keçmiş deputat Hüseyn Abdullayev dələduzluqda, hədə-qorxu ilə tələbetmədə, vergidən yayınmada və qanunsuz sahibkarlıqda ittiham olunur.

Bu haqda Vergilər və Daxili İşlər nazirliklərinin Baş Prokurorluqla birgə yaydıqları məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Vergilər Nazirliyi 2013-cü ildə “Araz İNC” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) səyyar vergi yoxlaması aparıb. Həmin yoxlama zamanı müəssisənin 1 milyon 436 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməməsi faktının aşkarlandığı və Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlandığı bildirilir.

Rəsmi məlumata görə, adı çəkilən cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi Hüseyn Abdullayev həyata keçirdiyindən o, təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaqdan gizləndiyindən barəsində “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

3 dövlət qurumu əlavə edir ki, 2016-cı ilin oktyabrında Abdullayevlə bağlı yeni şübhələr müəyyən edilib. Bu dəfə o, ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınnmaqda, razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməkdə şübhəli sayılıb. Həmin vaxt ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqda qərar çıxarıldığı açıqlanıb.

Birgə məlumatda bildirilir ki, Abdullayev Türkiyədə aprelin 22-də saxlanıb və Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilib. Onun özünün seçdiyi müdafiəçinin iştirakı ilə dindirildiyi və ittiham elan olunduğu bildirilir.

Hüseyn Abdullayevə ittihamlar vergidən yayınma və qanunsuz sahibkarlıqla yekunlaşmır. Birgə məlumata görə, onun barəsində ayrı-ayrı vətəndaşların müraciəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

İddiyaya görə o, 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində “Araz-İnşaat” Açıq Səhimdar Cəmiyyətində (ASC) səhmdarlara vəsaitlərin xərclənməsi ilə bağlı yalan məlumat verib, zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurub.

Abdullayevin həmçinin, dəfələrlə Almaniyadan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədovu hədələdiynə əsaslı şübhələr müəyyən edildiyi bildirilir.

Məlumatda yazılır ki, adları çəkilən şəxslərin arasında icarə müqaviləsi olub, Elnur Məmmədov müqaviləyə əsasən, hər ay 3 min manat icarə haqqı ödəməli idi. Amma Abdullayevin 6 min manat tələb etdiyi iddia olunur. Abdullayevə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələbetmə) maddələri ilə ittiham elan edilib.

Birgə məlumatda Hüseyn Abdullayevlə zərərçəkmiş şəxslər arasında müdafiəçisinin iştirakı ilə üzləşdirmə istintaq hərəkətlərinin aparıldığı, onun cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan bütün hüquqlarının tam təmin edildiyi vurğulanır.

“Turan” agentliyinin xəbərinə görə, Hüseyn Abdullayevin vəkili Ruhid Əkbərov ittihamları şərh etməyib.

İttihamları təsdiq edən vəkil Abdullayevin buna münasibətini açıqlamayıb. Vəkil istintaq sirrini əsas gətirərək əlavə sullara cavab verməyib.

Keçmiş deputatın ailə üzvlərinin də bu açıqlamaya, hələlik, münasibətini almaq mümkün olmayıb.

İttihamlar təsdiqlənsə...

Hüseyn Abdullayevə irəli sürülən ən ağır ittiham hədə-qorxu ilə tələbetmədir. Cinayət Məcəlləsi bu əmələ görə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Vergidən yayınmanın cəzası isə üç ildən beş ilədək azadlıqdan məhrumetmədir.

Habelə, cinayət qanunvericliyi qanunsuz sahibkarlığa görə, bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edir.

Dələduzluq cinayətinin cəzası isə dörd min manatdan yeddi min manatadək cərimədir. Habelə, müttəhimə bir ildən üç ilədək və ya iki ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Bu tip cinayətlərdə qəti cəza toplama yolu ilə müəyyən edilir - ayrı-ayrı cinayətlərə görə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplanır.

Xatırlatma

Aprelin 23-də Hüseyn Abdullayevin İnterpol xətti ilə Türkiyədə saxlanıldığı və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verildiyi açıqlanmışdı.

Azərbaycana gətirilən Abdullayevin Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verildiyi və hazırda onun ifadəsinin alındığı bildirilirdi.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş verib, hər iki deputat əlbəyaxa olub. Bundan sonra Abdullayevin mandatı əlindən alınıb, daha sonra isə o həbs olunub.

Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alın keçmiş deputat azadlığa çıxıb. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmayıb. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə Hüseyn Abdullayevin “Susma” adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin artdığı bildirilirdi.

XS
SM
MD
LG