"Hürriyyət" qəzetinin və HurriyyetTV internet televiziyasının həbsdə olan baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) səhhətinin pisləşdiyi bildirilir. Bu barədə oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun vəkili Rövşanə Rəhimova məlumat verib.
V.Məmmədovun ev dustaqlığına buraxılması barədə məhkəməyə vəsatət verən vəkil deyib ki, müvəkkilinin hazırkı durumu onun həbsdən buraxılması üçün yeni əsaslar yaradır. Müdafiəçinin sözlərinə görə, V.Məmmədovun ürəyində təcili cərrahiyyə əməliyyatına ehtiyac var: "Onun sağ ayağı, demək olar ki, işləmir...".
Vəkil vurğulayıb ki, V.Məmmədov ev dustaqlığına buraxılsa, həm müalicə oluna bilər, həm də məhkəmə proseslərində rahatca iştirak edər.
Dövlət ittihamçısı buna etiraz edib, Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər kollegiyası da baş redaktorun ev dustaqlığına buraxılmasına razılıq verməyib.
"Sonsuz adamdan uşaq doğulmasını gözləmək olar, amma Azərbaycan məhkəmələrindən ədalət gözləmək olmaz", — deyə V.Məmmədov qərara reaksiya verib.
Səsləndirdiyi bu fikrə görə hakimlər ona irad bildiriblər.
Bu cinayət işində "Veysəloğlu", "Azərlotereya" və "Azərsun" şirkətləri zərərçəkmiş qismində tanınıb. Baş redaktorun adları çəkilən şirkətlərdən hədə-qorxu ilə pul tələb etdiyi iddia olunur.
Məhkəmədə "Azərsun Holdinq"in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov və "Universal Reklam" MMC-nin rəhbəri Elxan Mahmudov ifadə veriblər.
E.Mahmudov bildirib ki, "Azərlotereya"dan onunla əlaqə saxlayaraq, "Hürriyyət" qəzetində bu qurum haqqında onları rüsvay edən materiallar dərc olunduğunu deyiblər və məsələnin həllini istəyiblər. Bu səbəbdən o, "Hürriyyət"in rəhbəri ilə əlaqə saxlayıb və tərəflər reklam müqaviləsi bağlamağa razılaşıblar. Bu müqavilə əsasında da "Azərlotereya" ödəniş edib.
E.Mahmudov tərəflər arasında vasitəçilik etməsini belə əsaslandırıb: "Biz reklam şirkətiyik, bu işdə də əsas marağım reklam sifarişi qazanmaq idi".
"Azərsun Holdinq"in təmsilçisi V.Məmmədovla şəxsən nə görüşdüyünü, nə də telefonla danışdığını bildirib. Onun sözlərinə görə, "Hürriyyət"də şirkət rəhbərliyi barədə material yayımlandıqdan sonra qurumun başqa bir nümayəndəsi redaksiya ilə əlaqə saxlayıb və bundan sonra tərəflər arasında reklam müqaviləsi imzalanıb.
V.Məmmədov isə heç kimdən hədə-qorxu ilə pul almadığını, aralarında adi qaydada razılaşma olduğunu və reklam müqaviləsi bağlandığını vurğulayıb.
Məhkəmə prosesi noyabrın 4-də davam edəcək.
Xatırlatma
2025-ci il oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları "Hürriyyət"in redaksiyasında axtarış aparıblar. Axtarışdan sonra baş redaktor V.Məmmədov və digər əməkdaşlar saxlanılaraq DTX-ya aparılıb. Digər əməkdaşlar sonradan sərbəst buraxılsa da, V.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə - təkrarən və xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Baş redaktor özünü təqsirli bilmir və sifarişlə həbs olunduğunu iddia edir. O bildirib ki, saxlandıqdan sonra onu Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi ilə əlaqələndirməyə çalışıblar: "Hamı bilir ki, mən Ramiz Mehdiyev işinə görə həbs olunmuşdum. Sonradan gördülər ki, mənim ona heç bir aidiyyətim yoxdur, başqa bir maddə ilə saxta ittiham irəli sürdülər".
V.Məmmədov 2023-cü ilin iyulunda HurriyyetTV-nin efirində yayılması qadağan olunmuş məlumatları paylaşmaqda təqsirli bilinərək inzibati qaydada 1 ay müddətinə həbs edilmişdi.