Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Taleh Xasməmmədov sərbəst buraxılıb


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

Dekabrın 27-dən yeri bilinməyən, iki gün sonra hədə-qorxu ilə rüşvət tələb etmədə ittiham olunaraq saxlandığı açıqlanan hüquq müdafiəçisi Taleh Xasməmmədovun bu gün, dekabrın 30-da sərbəst buraxıldığı bildirilir.

Məlumatı AzadliqRadiosuna onun vəkili Elçin Sadıqov verib.

Vəkil deyib ki, Nəsimi Rayon Məhkəməsi Taleh Xasməmmədov barədə həbs-qətimkan tədbirininin seçilməsi istəyini qəbul etməyib.

Taleh Xasməmmədovdan iki gün ailəsi və yaxınları məlumat ala bilməmişdi. Nəhayət, Daxili İşlər Nazirliyi onun haqqında dekabrın 28-də məlumat açıqlamışdı.

"Dekabrın 27-də əldə olunmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən kafelərin birində Bakı şəhər sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1000 manat pul alarkən Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov saxlanmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır".

Taleh Xasməmmədovun həyat yoldaşı isə onun şərləndiyini güman etdiklərini açıqlamışdı.

Talet Xasməmmədov sosial şəbəkələrdə hakimiyyəti tənqid edən statusları ilə də seçilirdi. Göyçay rayonunda yaşayan T. Xasməmmədova 2018-ci ildə polislə münaqişə ilə bağlı yenidən cinayət işi də açıldığı, onun tez-tez polis və prokurorluğa çağrıldığı bildirilirdi.

Taleh Xasməmmədovun, hazırda telefonuna zəng çatmadığından onun özü ilə danışmaq mümkün olmayıb.

Məsələyə, həlilik, Daxili İşlər Nazirliyindən də münasibət almaq cəhdləri nəticə verməyib.

Xatırlatma

T. Xasməmmədov bundan əvvəl iki dəfə həbs olunub. O, ilk dəfə 2011-ci ilin noyabrında həbs edilib. 2012-ci ilin aprelində Göyçay Rayon Məhkəməsi onu xuliqanlıqda və polisə müqavimətdə ittiham edərək 4 il azadlıqdan məhrum edib. Beynəlxalq təşkilatlar onu «vicdan məhbusu» sayıb. Prezident İ.Əliyevin 2012-ci il dekabrın 26-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

T. Xasməmmədov ikinci dəfə 2015-ci il iyulun 22-də Göyçay Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, bu dəfə də xuliqanlıqda ittiham olunub. Hüquq müdafiəçisi ittihamları rədd edib və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyib. 2016-cı ilin martında yenidən prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Azərbaycanın rəsmiləri isə insanların hüquq müdafiəçisi kimi fəaliyyətinə və tənqidi mövqeyinə görə, təqiblərə məruz qalması ilə bağlı deyilənləri qəbul etmirlər.

XS
SM
MD
LG