Keçid linkləri

2024, 06 İyun, Cümə axşamı, Bakı vaxtı 18:30

Holokost haqda baxılası 10 film


ABŞ kinorejissoru Stiven Spilberq və xanımı Keyt Kepşou "Şindlerin siyahısı" filminin premyerasında, Paris, 1994
ABŞ kinorejissoru Stiven Spilberq və xanımı Keyt Kepşou "Şindlerin siyahısı" filminin premyerasında, Paris, 1994

Rəsmdən poeziyaya qədər, sənətin müxtəlif növləri vaxtaşırı Holokost mövzusuna müraciət edir

Rəsmdən poeziyaya qədər, sənətin müxtəlif növləri vaxtaşırı Holokost mövzusuna müraciət edir. Tarixin bu acı səhifəsi haqda çox sayda film də çəkilib. The Culture Trip saytı Holokosta həsr edilmiş 10 filmin siyahısını dərc edib.

“The Boy in the Striped Pajamas” (“Zolaqlı pijamalı oğlan”) (2008)

Filmin hekayəsi konsentrasiya düşərgəsinin komendantının Bruno adlı səkkiz yaşlı oğlunun məsum gözləri ilə görülür. Bruno düşərgənin hasarının digər tərəfində yaşayan yəhudi oğlanla dostlaşır. Film irland yazıçısı Con Boynun eyniadlı romanı əsasında çəkilib. Bu, insanları bir-birindən ayıran xətlər, uşaqlığın məsumluğu və böyüklər dünyasındakı müharibələrin amansızlığı haqdadır.

“The Pianist” (“Pianoçu”) (2002)

Yəhudi əsilli polşalı pianoçu və bəstəkar Vladislav Şpilmanın eyniadlı avtobioqrafik kitabı əsasında çəkilən film müəllifin II Dünya müharibəsi zamanı Varşava gettosunda həyatda qalmaq üçün çəkdiyi əziyyətlərdən danışır.

Roman Polanskinin çəkdiyi bu film çox sayda mükafat və nominasiyalara layiq görülüb. Film tamaşaçının diqqətini qan donduran qəddarlıqla klassik musiqinin gözəlliyi arasındakı təzada cəlb edir.

Adrien Brody 2003-cü ildə Şpilman roluna görə ən yaxşı aktyor nominasiyasında Oskar mükafatına layiq görülüb.

“Life is Beautiful” (“Həyat gözəldir”) (1997)

İtaliyalı komediyaçı, aktyor və rejissor Roberto Beninyi Holokostun reallıqlarını göstərmək üçün faciə və komediya elementlərini kombinə edir.

Filmdə Beninyinin özü yəhudi əsilli italyan kitab dükanı sahibi Quido Orefiçeni canlandırır. Quido oğlunu nasist konsentrasiya düşərgəsinin dəhşətlərindən qorumaq üçün təxəyyülünə güc verməlidir. Film azı üç Oskar mükafatına layiq görülüb.

“Schindler’s List” (“Şindlerin siyahısı”) (1993)

Stiven Spilberqin nasist sahibkar Oskar Şindler haqda çəkdiyi bu yaddaqalan film ekranlara çıxdığı 1993-cü ildən bəri saysız-hesabsız mükafatlar layiq görülüb. Filmin hekayəsi iztirab və ümid haqdadır.

“The Counterfeiters” (“Pulkəsənlər”) (2007)

Film II Dünya müharibəsi zamanı Almaniyanın gerçəkləşdirdiyi, tarixdə ən böyük saxta pul əməliyyat sayılan Bernhard əməliyyatı haqdadır.

Nasist Almaniyasının bu gizli planı Böyük Britaniya iqtisadiyyatını saxta funt sterlinqlə doldurmaq məqsədi daşıyırdı.

Film yəhudi əsilli Slovak çapçı Adolf Burgerin memuarı əsasında çəkilib. Burger 1942-ci ildə yəhudiləri deportasiyadan xilas etmək məqsədilə saxta xaç suyuna salma sertifikatları çap etdiyi üçün həbs edilmişdi. Konsentrasiya düşərgəsinə düşdükdən sonra Bernard əməliyyatı üçün işləməli olmuşdu.

“Sophie’s Choice” (“Sofinin seçimi”) (1982)

Gənc Meril Strip bu filmdəki roluna görə ən yaxşı aktrisa nominasiyasında Oskar mükafatına layiq görülüb. Film Bruklindəki evini Natan adlı sevgilisi və gənc yazar Stinqo ilə paylaşan Sofi adlı polyak mühacir haqdadır. Onların həyatı xoşbəxt və qayğısız görünsə də, film irəlilədikcə Sofinin nasist konsentrasiya düşərgəsi və həyatda qalmaq üçün etdiyi ağır seçimlərlə bağlı dəhşətli xatirələri göz önünə gəlir.

“Europa Europa” (“Avropa Avropa”) (1990)

Aqnieşka Hollandın bu filmi Solomon Perelin 1989-cu ildə çap olunmuş avtobioqrafiyası əsasında çəkilib. Yəhudi əsilli alman olan Solomon Perel uşaq yaşlarında özünü elit “ari” alman kimi təqdim edərək Holokostdan qaça bilib. Hətta Perelin özü filmin finalında qısaca özünü canlandırır. Film 1992-ci ildə xarici dildə çəkilmiş ən yaxşı film nominasiyasında Qızıl Qlobus mükafatına layiq görülüb.

“Divided We Fall” (“Bölünsək çökərik”) (2000)

Xarici dildə çəkilmiş ən yaxşı film nominasiyasında namizəd göstərilmiş bu çex filminin rejissoru Yan Hrebeykdir. Film nasist Almaniyasında yaşayan, öz övladı olmayan, bütün risklər qarşısında yəhudi dostunu gizlətməyə razı cütlük haqdadır. Holokosta mürəkkəb baxış təqdim edən bu film qara yumorla qorxunu məharətlə balanslaşdırır.

“The Diary of Anne Frank” (“Anne Frankın gündəliyi”) (1959)

Bu təsirli hekayə ailəsi və dostları ilə birlikdə nasistlərin işğal etdiyi Amsterdamda bir çardaqda yaşamağa məcbur olan yəhudi qızın şəxsi gündəliyi əsasında çəkilib. Gündəlik müharibədən sonra Annenin atası Otto Frank tərəfindən nəşr etdirilib.

Otto Frank ailənin sağ qalan yeganə üzvü idi. Film məsum uşağın kədərli ümidi ilə müharibənin dəhşətləri və amansızlığının təzadını ortaya qoyur.

“The Pawnbroker” (“Sələmçi”) (1964)

Bu film nasist təqibinin qurbanı, ailəsinin konsentrasiya düşərgəsində işgəncə verilərək öldürülməsinin şahidi olan yəhudi sələmçi Sol Nazermanın hekayəsini təqdim edir.

O, insanlığa bütün inamını itirir. Keçmişin dəhşətləri onu keyləşdirdiyindən acı və tənha həyat yaşayır. Ancaq hərəkətlərinin faciəsini çox gec anlayır. Film Edvard Lüis Vallantın eyniadlı romanı əsasında çəkilib.

XS
SM
MD
LG