Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:43

'Təşəkkür' – Hollivuda arxa qapı


Hollivud
Hollivud

Rejissorluğa yeni başlayanlar özlərinə prodüser axtararkən IMDb kimi platformalarda bu və ya digər filmin reallaşmasında mühüm rol oynamış insanlar haqda öyrənməyə çalışırlar. Bu zaman onlar özlərinə ən çox uyğun gələn təcrübəyə malik prodüserləri nəzərdən keçirirlər.

"No Film School" saytı yazır ki, kino sahəsinə nisbətən yeni gələnlər unutmamalıdırlar ki, filmlərin titrlərində prodüserlərə ünvanlanan "təşəkkür", "xüsusi təşəkkür" və "minnətdarıq" kimi ifadələr gözdən qaçırılmamalıdır.

Kömək etməyə açıq olanlar

"Təşəkkür" və "xüsusi təşəkkür" alan prodüserlər filmin ərsəyə gəlməsinə hər hansı formada kömək etmiş adamlardır. Onlar böyük ehtimalla ideya, məsləhət, ilham yaxud informasiya veriblər, ya da filmin yaradıcılarını faydalı insanlarla tanış ediblər. Onlar layihənin reallaşmasında tam iştirak etməsələr də, onun yolunu asanlaşdırıblar. Bir qayda olaraq, "təşəkkür" titrləri xahiş və ya danışıqla yox, könüllü, istəyərək verilir. Bu isə o deməkdir ki, bu ifadənin ünvanlandığı şəxslər göstərdikləri köməyin əvəzində maddi bir şey almayıblar.

Filmlərin titrlərində prodüser kimi göstərilməkdən başqa çoxlu "təşəkkür" kreditləri də toplayan prodüserlər böyük ehtimalla kömək etməyə açıq olan və bunu edə bilən adamlardır.

Rejissorluğa yeni başlayanlar layihələrini irəli aparmaq üçün bir çox insanlara zəng edirlər. Ancaq bəzi zənglər digərlərindən faydalı olur. Çoxlu "təşəkkür" toplamış prodüserləri prioritetə çevirməklə layihənin reallaşmasına kömək edəcək insanların tapılmasını asanlaşdırmaq olar. Bu adamların zəngə cavab vermək, geriyə zəng vurmaq və əvəzində xüsusi bir şey istəmədən kömək etmək ehtimalı daha çoxdur. Çox zaman onlar, sadəcə, əl uzatmağı sevdikləri üçün kömək edirlər.

Maraqlıdır ki, IMDbPro platformasının ən çox "təşəkkür" krediti toplamış şəxsləri prioritetləşdirmək funksiyası yoxdur.

Məsləhət verə bilən adamlar

Məqalənin müəllifi "təşəkkür" kreditlərini "Hollivuda arxa qapı" adlandırır və bu səbəbdən də platformada çatışmayan bu funksiyanın yaradılmasını tövsiyə edir.

Kinematoqrafiya sahəsinə yeni başlayanlara isə o, kino tədbirlərinə, məsələn, festivallara getməyi, faydalı insanlarla tanış olmağı, prodüser peşəsi haqda öyrənməyi, yorulmadan insanlardan məsləhət və ideya istəməyi, zənglərə cavab verilmədikdə ruhdan düşməməyi məsləhət görür. Çünki bu qədər zəhmətin içində sizin layihənizlə maraqlanan, ya da sadəcə bir-iki məsləhət verə bilən adamlar tapılacaq. Hətta sizi öz layihələrinə dəvət edənlər də tapıla bilər.

Müəllif Ayelet Emma Reqeva Yunqer yazır ki, hətta kino sahəsində müəyyən qədər təcrübəsi olan insanlar belə kömək üçün çox adama zəng vurmalı olurlar və hələ də zənglərin bir hissəsi cavabsız qalır.

"Ofis saatları"

Əvvəllər uğurlu vəkil olan, sonradan arzularının karyerasını qurmaq üçün bütün vaxtını prodüserliyə həsr edən müəllif vaxtilə ona kömək etmiş insanlara minnətdarlıq əlaməti olaraq indi müntəzəm "ofis saatları" keçirir. Hər həftə vaxtının bir saatını hər hansı bir yazar, rejissor, yaxud prodüserə köməyə sərf edir. O bu yola yeni başlayan adamlara karyera, maliyyələşmə, inkişaf, kastinq və distribüşn kimi məsələlərdə məsləhət verir. Həm keçmişdə, həm də indi başqa insanların ona kömək etdikləri kimi.

""Ofis saatları"nda etdiyimiz söhbətlər mənim üçün çox faydalı olub. Bu, həm də gözəl şəbəkələşmə imkanıdır. Başqalarına kömək etmək imkanınız varsa, sizi mənə qoşularaq [insanlara] buna bənzər xidmət göstərməyə çağırıram. Bu baxımdan, həm köməyini əsirgəməyənlərə, həm də kömək istəyənlərə təşəkkür bildirmək istərdim. Çünki bizim sahəmizi (kino sahəsini) irəli apararaq təcrübi, kreativ və ticari baxımdan daha yüksək potensialına çatdırmaq üçün bunların ikisi də lazımdır", – müəllif yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG